Elmi Tədqiqatlar Qədəri Sübut Edir


cennettBir atom zərrəciyinin harada və hansı sürətlə hərəkət edəcəyini 43 saniyə əvvəldən müəyyən edən model hazırlamış hollandiyalı fizik Q. Hoft (G.Hooft) qədəri (tale) elmi cəhətdən sübut edib. Qədər Allah`ın bütün keçmiş və gələcək hadisələri bilməsidir. “Baş verməmiş hadisələr” bizim üçün baş verməyib. Allah isə zaman və məkandan asılı deyil, çünki bütün bunları yaradan uca Rəbbimizdir. Odur ki, Allah üçün keçmiş, gələcək və indi eynidir və hamısı olub-bitib. Bu, təkcə təbiət hadisələri, doğum, ölüm, xəstəlik və ya müharibələr kimi hadisələrlə məhdudlaşmır. İnsanın öz həyatı və hərəkətləri ilə bağlı ən kiçik təfərrüat da qədərində müəyyən edilmişdir. Allah Quranda insanların başına gələn hər şeyin əvvəlcədən bir kitabda yazıldığını belə bildirir:

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın kitabdadır. (Hud surəsi, 6)

Qədərin elmi sübutu

Bu mövzu ilə bağlı elmi tədqiqatın nəticələri Amerikanın məşhur “New Scientist” elmi jurnalında manşet oldu. Nobel mükafatı laureatı Qerard Hoft (Gerard`t Hooft) yenicə bitirdiyi 10 illik tədqiqat nəticəsində qədər anlayışını konkret elmi dəlillərlə sübut edib və elm dünyasında böyük əks-səda doğurub. Tədqiqatın digər diqqətçəkən cəhəti isə qədər məfhumuna qarşı çıxan elm adamlarının bu günədək əsaslandığı nəzəriyyəni təkzib etməsidir. Hoft tədqiqat çərçivəsində bir zərrəciyin harada və hansı sürətlə hərəkət etdiyini eyni anda müəyyən etmək imkanı verən model hazırlayıb. Hoft bir atomun 43 saniyə sonra necə hərəkət edəcəyini əvvəlcədən müəyyən etməyi bacarıb. “New Scientist” tərəfindən dünyanın ən yaxşı riyaziyyatçıları hesab edilən Con Konveylə (John Conway) Saymon Koçen (Simon Kochen) tədqiqatı “azad iradə məfhumunun ölümü” adlandırırlar. Prinston Universitetində çalışan Konvey belə deyir:
“Əgər Hoft kimi bir insan atomun mövqeyi və hərəkətini eyni anda müəyyən edə bilirsə, üstün zəkaya malik bir varlıq kainatdakı bütün zərrəciklərin qarşılıqlı təsirini izləyə bilir. Başqa sözlə, azad iradəmizlə etdiyimiz seçimlərin qeyri-müəyyənliyinin ardında müəyyənedici bir nizam var”.
Koçen isə mövzunu belə bir misalla izah edir:
“Qarşınızda bir dilim şokoladlı, bir dilim də çiyələkli pirojna olduğunu düşünün. Şokoladlı pirojnanı yeməyə başladıqda bunun öz seçiminiz olduğunu düşünürsünüz. Halbuki, şokoladlı pirojnanı yeyəcəyiniz artıq bəlli idi. Biz azad olduğumuzu düşünürük. Əgər Hoftun modeli doğrudursa, onda azadlığımız məhdud bir illüziyadan ibarətdir”.

Qədəri anlamağın əhəmiyyəti

Uca Rəbbimizin Quran ayələri ilə bizə bildirdiyi, yuxarıdakı tədqiqatın nəticəsinin də göstərdiyi kimi, qədər açıq-aydın həqiqətdir. Bu mühüm həqiqətdən uzaq yaşayan insanlar həyatları boyu daima narahatlıq və qorxu içində ikən, qədərə iman gətirən və həyatını bu həqiqət əsasında yaşayan insanlar çox rahatdırlar. Məsələn, qədəri düşünmədən yaşayan insanlar uşaqlarının gələcəyi üçün təvəkkülsüzlük edərək narahat olurlar. Hansı məktəbdə oxuyacağı, hansı peşəyə yiyələnəcəyi, sağlamlığının necə olacağı, necə həyat yaşayacağı ilə bağlı daima narahatçılıq və sıxıntı keçirirlər. Əlbəttə, bu məsələlərdə qədəri unutmadan müxtəlif tədbirlər görmək, planlar qurmaq normaldır. Ancaq unutmaq olmaz ki, hər insanın hələ bir hüceyrə halında olduğu vaxtdan ilk dəfə oxuma-yazma öyrəndiyi ana, universitet imtahanında verdiyi cavablardan həyatı boyu hansı şirkətdə nə iş görəcəyinə, hansı sənədləri neçə dəfə imzalayacağına, hansı gün hansı yeməyi yeyəcəyinə, hansı gün harada və necə öləcəyinə qədər hər dəqiqəsi Allah dərgahında bəllidir. Bu hadisələrin hamısı Allah`ın sonsuz hafizəsində mühafizə olunur. Məsələn, hal-hazırda, bir insanın rüşeym halı, uşaq bağçasındakı halı, universitetdəki halı, 35 yaşını qeyd edən anı, işə başladığı ilk günü, öldükdə mələkləri gördüyü an, yaxınları tərəfindən dəfn edildiyi və axirətdə Allah`ın hüzurunda sorğu-sual olunduğu anlar bircə an kimi Allah dərgahında mövcuddur. Elə isə hər anı Allah`ın dərgahında yaşanmış, görülmüş və uca Allah`ın hafizəsində hazır duran bir həyat üçün narahat olmaq, qorxmaq, kədərlənmək və onu özü cəhd edərək dəyişdirəcəyini düşünmək böyük qəflətdir. Bir insan nə qədər cəhd etsə də, nə övladının, nə də yaxınlarının Allah dərgahında hazır olan həyatını dəyişdirə bilər. Elə isə ağıllı və vicdanlı insan bu həqiqəti qavrayaraq Allah`a və Allah`ın yaratdığı qədərə könüldən təslim olmalıdır.

Qədər Allah`ın sonsuz elminin və qüdrətinin təcəllisidir

Bir insanın bütün həyatını bir film lenti kimi qəbul edək. Biz bu lentə videokasetdən baxırıq və kaseti önə çəkmək imkanımız yoxdur. Uca Rəbbimiz isə eynilə bu film lentində olduğu kimi, bütün həyatımızı eyni anda görür və bilir. Bu filmi bütün təfərrüatı ilə müəyyən edib yaradan da məhz Odur. Biz bir xətkeşin başını, ortasını və sonunu bir kadrda görə bildiyimiz kimi, Allah bizim asılı olduğumuz zamanı əvvəlindən sonuna qədər bir an kimi ehtiva etmişdir. İnsanlar isə ancaq vaxtı çatdıqda bu hadisələri yaşayıb Allah`ın onlar üçün yaratdığı qədərə şahid olurlar. Dünyadakı bütün insanların da qədəri belədir. Bu günə qədər yaradılmış və bu gündən sonra yaradılacaq bütün insanların dünyada və axirətdəki həyatının hər anı Allah`ın dərgahında hazır və yaşanmış şəkildə mövcuddur. Allah`ın sonsuz hafizəsində milyardlarla insanla birlikdə bütün canlıların, planetlərin, bitkilərin, əşyaların qədərində yazılmış hadisələr də heç bir çatışmazlıq olmadan və itmədən durur. Qədər Allah`ın Hafiz (mühafizə edən, qoruyan) isminin, sonsuz böyüklüyünün, güc və qüdrətinin təcəllilərindən biridir.
Qədər kiçik-böyük, hər hansı fərq olmadan bütün hadisələrin, hərəkət və qərarların əvvəlcədən müəyyən edilməsidir. Qədərinizdə çay içmək varsa, çay içəcəksiniz, çərəz yemək varsa, çərəz yeyəcəksiniz. Seçim etdikdə sizə verilən seçmək hissinə görə özünüz seçdiyinizi düşünürsünüz. Həyatınız boyu buna bənzər saysız-hesabsız seçim edirsiniz. Doğumunuz, keçirəcəyiniz xəstəliklər, evliliyiniz və ya ölümünüz Allah dərgahında bəllidirsə, edəcəyiniz seçimlərin də hamısını Allah`ın istəyi ilə edirsiniz. Seçimləriniz Allah dərgahında siz seçmədən əvvəl məlumdur.

Yanlış qədər anlayışına diqqət!

Bir mühüm məsələni qeyd etməliyik: yanlış qədər anlayışından çəkinmək lazımdır. Bəzi insanlar: “Necə də olsa, qədərimdə nə varsa, o olacaq, onda mənim bir şey etməyimə ehtiyac yoxdur”, -deyərək yanlış qədər anlayışını mənimsəyirlər. Yaşadığımız hər şeyin qədərimizdə müəyyən olunduğu dəqiq faktdır. Biz həmin hadisəni yaşamazdan əvvəl o, Allah dərgahında baş vermişdir və həmin hadisə ilə bağlı bütün təfərrüatlar Allah dərgahındakı Lövhi-məhfuz adlı kitabda yazılıdır. Ancaq Allah hər insana sanki hadisələri dəyişdirmək, öz qərar və seçimləri ilə hərəkət etmək imkanı varmış kimi hiss verir. Məsələn, insan su içmək istədikdə: “Qədərimdə varsa, içəcəm”, -deyərək oturub gözləməz. Bunun üçün ayağa qalxar, stəkan götürər və su içər. Həqiqətən də qədərində müəyyən edilmiş stəkanda, müəyyən edilmiş miqdarda su içər. Ancaq bunları edərkən öz iradəsi və istəyi ilə etdiyini hiss edər. Həyatı boyu hər hərəkətində və işində bu hissi duyar. Allah`a və Allah`ın yaratdığı qədərə təslim olmuş insanla bu həqiqəti qavramayan insan arasındakı fərq budur. Allah`a təslim olan insan özü edirmiş kimi hiss keçirsə də, bunların hamısını Allah`ın istəyi ilə etdiyini bilir. Digəri isə hər etdiyini öz ağlı və gücü ilə etdiyini zənn edərək yanılır.
Məsələn, bir xəstəliyi olduğunu öyrənən Allah`a təslim olmuş insan bunun qədərində olduğunu bildiyinə görə, çox təvəkküllü davranır. “Allah bunu qədərimdə yaratdığına görə, mütləq xeyir var”, -deyə düşünür. Ancaq necə də olsa, qədərində sağalmaq varsa, sağalacağını deyərək tədbir görmədən gözləməz. Əksinə, həkimin yazdığı müalicənin, qəbul etdiyi dərmanların nə qədər təsirli olacağının, sağalıb-sağalmayacağının hələ o dünyaya gəlmədən əvvəl qədərində müəyyən edildiyini bilir. Kiçik-böyük hər hadisəni Allah`ın bildiyi və bir kitabda yazıldığı ayələrdə belə xəbər verilir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunis surəsi, 61)

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır! (Hədid surəsi, 22)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma