Dəyərli qida mənbəyi – Balıq


«Dəniz ovu və onu yemək sizə də, səfərdə olanlara da faydalı olsun deyə halal edildi…» (Maidə surəsi, 96) zolota

Ürək xəstəliyindən əziyyət çəkən və buna görə vəfat edən insanların orta yaş həddinin getdikcə aşağı düşməsi ürək xəstəliyinə diqqəti də artırıb. Müasir təbabətdə ürək xəstəliklərinin müalicəsi məsələsində irəliləyiş və inkişaf olsa da, mütəxəssislər bu xəstəliyə məruz qalmazdan əvvəl görülən tədbirləri dəqiqliklə yerinə yetirməyi tövsiyə edirlər. Mütəxəssislər ürəyin sağlam fəaliyyətini təmin edilməsində və xəstəliyin qarşısının alınmasında vacib olan bir qidanı tövsiyə edirlər. Bu qida balıqdır.

Balığın çox vacib bir qida olmasının səbəbi onun özündə həm insan bədəni üçün zəruri olan maddələri ehtiva etməsi, həm də bədəni müxtəlif xəstəlik risklərindən mümkün qədər uzaqlaşdıracaq xüsusiyyətə malik olmasıdır. Məsələn, məlum olub ki, balıq ətinin tərkibindəki omeqa-3 turşusu bədənin sağlamlığı üçün sanki bir qalxan vəzifəsini yerinə yetirir. O da bəlli olub ki, davamlı olaraq balıq yedikdə ürək xəstəlikləri riski azalır və immunitet sistemi güclənir.

Elmi yolla daha son dövrlərdə sübut edilən balığın faydaları və onun zəruri bir qida mənbəyi olması təxminən 1400 il əvvəl göndərilən Quranda da bildirilir. Uca Allah Quranda dəniz məhsullarını «Təzə ət yeməyiniz üçün dənizi də sizə ram edən Odur…» (Nəhl surəsi, 14), «Dəniz ovu və onu yemək sizə də, səfərdə olanlara da faydalı olsun deyə halal edildi…» (Maidə surəsi, 96) ayələri ilə xəbər verir. Bundan əlavə, «Kəhf» surəsində də balığa xüsusi diqqət çəkilir. Bu surədə hz. Musanın və onun gənc köməkçisinin uzun bir səfərə çıxdığı və özləri ilə də qida kimi balıq götürdüyü bildirilir:

«Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda balığı unutdular. Balıq isə dənizdə bir yarğana tərəf üz tutmuşdu. Onlar (çatmalı olduqları yerdən) keçib getdikləri zaman (Musa) gənc dostuna dedi: “Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!” O isə: “Görürsənmi, biz qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum…» (Kəhf surəsi, 61-63)

Rəbbimizin bizə böyük bir neməti olan balığın əti xüsusilə zülal, D vitamini və əksər elementlər (bədəndə çox az miqdarda mövcud olan, lakin bədən üçün çox vacib olan bəzi elementlər) baxımından mükəmməl qida mənbəyidir. Onun tərkibində olan fosfor, kükürd, vanadium kimi minerallar sayəsində böyümə və toxumaların yaxşılaşması təmin edilir. Balıq ətindəki bu maddələr sağlam diş ətinin və diş quruluşunun yaranmasına kömək edir, dərinin rəngini gözəlləşdirir, saçların daha sağlam olmasını təmin edir, bakterioloji infeksiyalarla mübarizəyə dəstək verir. Bundan əlavə, həmin maddələr qandakı xolesterol balansının tənzimləyici təsirləri ilə infarktın qarşısının alınmasında mühüm rol oynayırlar. Bu maddələr nişasta və piyin parçalanaraq onların orqanizm tərəfindən mənimsənilməsinə yardımçı olur, beləliklə, daha enerjili və daha güclü qalmağı təmin edirlər. Digər tərəfdən, balıq ətində olan maddələr zehni fəaliyyətin nizamlı olmasına müsbət təsir göstərir. Onun tərkibindəki D vitamini və başqa minerallar kifayət miqdarda qəbul edilmədikdə isə raxitlik, sümük boşluğu, diş əti xəstəlikləri, zob, hipertiroit kimi problemlər ortaya çıxa bilər.

Bunlardan əlavə, müasir tibbi biliklər balığın tərkibində omeqa-3 yağ turşularının sağlamlıq baxımından çox əhəmiyyətli olduğunu sübut edib. Hətta bu yağlar zəruri yağ turşuları (EFA: essential fatty asit) kimi müəyyənləşdirilir.

Balıq yağındakı omeqa-3 turşusunun faydası

Balıq yağında sağlamlığımız üçün xüsusilə çox əhəmiyyətli olan iki fərqli doymamış yağ turşusu növü var: EPA (eicosapentaenoic asit) və DHA (docosahexaenoic asit). EPA və DHA doymamış yağlar kimi tanınır və özündə vacib omeqa-3 yağ turşularını ehtiva edir. İnsan bədəni omeqa-3 və omeqa-6 yağ turşularını yarada bilməz, yəni onlar kənardan qidalarla qəbul edilməlidir.

Balıq yağı özündə omeqa-3 yağ turşularını ehtiva etdiyi üçün onun sağlamlığa faydası haqqında daha çox dəlil var. Omeqa-3 bitki yağlarında olsa da, o, sağlamlığı qorumaqda daha az təsirə malikdir. Bunun əksinə olaraq, dəniz planktonları omeqa-3 yağ turşusunun EPA və DHA-ya çevrilməsində çox böyük təsirə malikdir. Balıqlar bu planktonları yeyəndə EPA və DHA baxımından zənginləşirlər. Buna görə də balıq insan bədəni üçün çox əhəmiyyət kəsb edən bu yağ turşularının olması baxımından ən zəngin qidalardan hesab edilir.

Ürək-damar sisteminin sağlamlığında balığın əhəmiyyəti

Balığın tərkibində olan omeqa-3 yağ turşusu qandakı xolesterolu, triqliseridi və qan təzyiqini aşağı salır. Bu turşu ürəyin sağlam fəaliyyətini təmin etməsi ilə məşhurdur. Triqliserid yağın bir növüdür, tərkibindəki bol yağ və az protein baxımından LDL-yə (pis xolesterola) oxşayır. Triqliseridin səviyyəsinin artması xüsusilə xolestrolun səviyyəsi yüksələndə ürək xəstəliyi riskini çoxaldır. Balıq yağları infarktdan sonra anormal ürək döyüntülərini, həyatı təhdid edən riskləri də azaldır.

ABŞ-ın Tibb Birliyinin apardığı bir araşdırma göstərib ki, həftədə 5 porsiya balıq yeyən qadınlarda infarkt keçirmə nisbəti 1/3 qədər azalır. Bunun balıq yağında olan omeqa-3 yağ turşularının qanın daha az laxtalanmasına səbəb olmasından qaynaqlandığı güman edilir. Qanın damarlarımızda adi sürəti saatda 60 km-dir və qanın kifayət qədər duruluğu, onun axınının, miqdarının, sürətinin normal səviyyədə olması həyati əhəmiyyət kəsb edir. Qanımız üçün ən böyük təhlükə – qanaxma kimi zəruri vəziyyətlər istisna olmaqla – laxtanaraq duruluğunun azalmasıdır. Balıq yağları qandakı trombositlərin (bədəndə qanaxma olanda qanı intensivləşdirən qan lövhəcikləri) bir-birinə yapışmasına mane olaraq qanın laxtalanmasını azaltmaqda da təsirlidir. Əks halda, qanın qatılaşması damarların daralmasına səbəb olur. Bu vəziyyət də başda ürək, beyin, göz və böyrək olmaqla, bədəndəki bir çox orqanların qanla kifayət qədər yaxşı qidalanmamasına, ləng çalışmasına və tədricən fəaliyyətini itirməsinə gətirib çıxarır. Məsələn, aorta qan damarının laxtalanması nəticəsində damarların tıxanması infarkt, iflic və ya başqa xəstəliklərin yaranmasına gətirib çıxara bilər.

Omeqa-3 yağ turşuları eritrositlərin (qırmızı qan hüceyrələri) daxilində oksigen daşıyan hemoqlobin molekulunun istehsalında və hüceyrə qılafından keçən qidalara nəzarət edilməsində də mühüm rol oynayır və bədən üçün ziyanlı yağların zərərinin qarşısını alır. Araşdırmalar balıqdakı omeqa-3 yağ turşularının infarkt riskini azaltdığını sübut edib.

Balığın yeni doğulan uşaqların inkişafında rolu

Omeqa-3 yağ turşuları insan beyninin və retinasının əhəmiyyətli bir tərkibi olduğu üçün, xüsusilə təzə doğulan uşaqların ehtiyacı ilə bağlı ötən 10 ildə mühüm tədqiqatların mövzusu olub. Omeqa-3 xüsusilə hamiləlik dövrü boyunca və uşaqlıq dövrünün başlanğıcında beyin və sinirlərin uyğun şəkildə inkişafı baxımından çox əhəmiyyətlidir. Ana südü də təbii və mükəmməl bir omeqa-3 anbarı olduğuna görə, alimlər ana südünün vacibliyini xüsusi vurğulayırlar.

Oynaqların sağlamlığına faydası

Revmatizm artrit xəstəliyində (revmatizmlə bağlı oynaq infeksiyası) ən əhəmiyyətli risk oynaqlarda yaranan aşınmanın qarşısıalınmaz bir təxribata səbəb olmasıdır. Omeqa-3 yağ turşusu baxımından zəngin bir qidalanmanın artritin yaranmasına mane olduğu, şişən və həssas oynaqlarda narahatlığın da yüngülləşdiyi sübut olunmuşdur.

Omeqa-3 yağ turşusunun beyin və sinir sisteminin sağlam şəkildə fəaliyyət göstərməsində təsirləri bir çox tədqiqatlar nəticəsində təsdiq edilib. Həmçinin sübut edilib ki, balıq yağının qəbul edilməsi depressiya və şizofreniya əlamətlərini yüngülləşdirir, Altsheymer xəstəliyinin (yaddaşın zəifləməsinə səbəb olan, gündəlik yaşayış aktivliyinə mane olan bir beyin xəstəliyi) qarşısını alır. Məsələn, depressiyaya məruz qalan və 12 həftə ərzində 1 qram omeqa-3 yağ turşusu qəbul edən adamlarda gərginlik, narahatlıq, kədər və yuxu problemləri kimi əlamətlərin azaldığı sübut olunub.

Yüksək səviyyədə omeqa-3 yağ turşusuna malik balıqla qidalanan Qrenlandiya eskimoslarının və yaponların ürək-damar, astma və psoriaz xəstəliklərinə daha az məruz qaldığını göstərən çox əhatəli məlumatlar var. Buna görə də balıq müalicəvi bir qida kimi də tövsiyə edilir. Omeqa-3 yağ turşuları ürək xəstəliyi üçün sübut edilmiş faydaları ilə müasir dövrümüzdə də qidalanma üzrə mütəxəssislərin tövsiyə etdiyi əsas maddələrdən biri kimi hesab edilir.

Balığın ümumi şəkildə göstərdiyimiz faydalı cəhətlərinə hər ötən gün yeniləri əlavə olunur. Balığın faydalarını ortaya çıxarmaq alimlərin inkişaf etmiş texnoloji imkanlarla təchiz olunmuş tədqiqat mərkəzlərindən istifadə etməsi ilə mümkün olub. Bu cür dəyərli qida mənbəyinə Quranda işarə edilməsi və «Kəhf» surəsində yorğunluğu aradan qaldıran bir qida kimi təqdim olunması da, əlbəttə, çox hikmətlidir. Balıqdan əldə edilən bütün faydalar Rəbbimizin bizə verdiyi böyük nemətdir. Bütün qidalarda olduğu kimi, balıqdakı üstün quruluşu da bizim üçün yaradan aləmlərin Rəbbi olan Allah`dır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma