Bəşəriyyət tarixində müxtəlif təbliğat metodları ilə geniş kütlələri idarə edən, zülmkar siyasətlə böyük əraziləri ələ keçirən, repressiv-avtoritar idarə sistemini illərlə davam etdirmiş çoxlu sayda lider olub. Zülm və təzyiqin dərəcəsi dəyişsə də, Hitler, Mao, Franko, Lenin, Stalin, Qəddafi, Səddam, Kastro bunlardan bəziləridir. Ancaq bu qədər geniş kütlələri uzun müddət idarə edən sistemlərin mütləq ideoloji təməli olur. Bəziləri bu sistemlərin davam etməsinin səbəbi kimi sistemin başında olan şəxsləri, hərbi qüvvəni, repressiv qurumları və ya maddi dəstək verən qrupları görürlər, ancaq bu idarə sistemlərinin təməlində ideologiya dayanır.
Repressiv ideologiyalar xalqı birbaşa idarə edən açıq diktatura rejimləri şəklində ortaya çıxdığı kimi, ustalıqla gizlənmiş və demokratiya içində üstü örtülən gizli avtoritar quruluş kimi də qarşımıza çıxa bilər.
Açıq şəkildə diktatura kimi görünməyən, ancaq xalqı özünə tabe edən sistemləri daha yaxşı anlamaq üçün Meksikada bir əsrə yaxın (71 il) iqtidarda qalmış PRI (Partido Revolucionario Institucional – İnstitusional İnqilab Partiyası) partiyasını misal çəkə bilərik. PRI bəzi diktaturalarda tez-tez rast gəlinən, seçkilərdə saxtakarlıq, hərbi müdaxilələrlə hakimiyyəti ələ keçirmə kimi metodlara əl atmayıb. Ancaq qorxutma və təzyiq metodları ilə ölkənin bütün elit təbəqəsini partiyanın tərkibinə daxil edərək və partiyadan başqa güclü namizəd qoymayaraq, partiyaya qarşı çıxan iş adamlarına müxtəlif çətinliklər törədərək, sərmayədarları mükafatlandıraraq, müxalifətin güclənməsinə yol verməyən metodlarla 70 ildən çox iqtidarda qalmışdır.
PRI-ya tədricən sosialist ideologiyaya malik olmayan elit təbəqənin partiyaya daxil olması, bu insanların partiyanı ideologiyasından əl çəkməyə məcbur etməsi və beləliklə, ideoloji təməlini itirməsi ilə partiya dağılmışdır. Yəni tarixin ən uzunömürlü hegemon partiyası ideoloji təməlini itirdiyi üçün 2000-ci ildə seçkilərdə uduzmuşdur.
Şərqi Avropadakı diktaturaların süqut etməsinə isə SSRİ-nin parçalanması səbəb olmuşdur. Çünki SSRİ-nin bu diktaturalara maddi dəstəyi birdən kəsilmiş, eyni zamanda, kommunizmin ideoloji zərbə alması da bu diktaturaların güclərini itirməsinə səbəb olmuşdur. Şərq Bloku rejimləri 1990-cı ildə xalqın getdikcə artan təzyiqinə tab gətirməyərək dağılmışdır. Bir çox ölkədə partiya lideri ən ağıllı çıxış yolunun kommunist dövrlərdə tətbiq olunan repressiv siyasətdən əl çəkmək olduğunu anlamışdır. Bu yolla da çoxpartiyalı demokratik sistemlər və möhkəm rejimlər qurulmasına imkan yaranmışdır. Çünki xüsusilə bu tarixlərdə bu cür təsirli siyasət ancaq dünya müharibəsindən dərhal sonra diktatura rejimi ilə idarə edilməkdə davam edən və sadəcə daha müstəqil modellə qarşılaşmaq imkanı olmayan xalqlar üçün qəbul edilirdi.
Açıq diktaturaların nümunələrini bu günün gəncləri xüsusilə dünya müharibələri və ondan sonrakı tarixdən bəhs edən kitablarda öyrəndikləri kimi, keçən üç ildir davam edən ərəb baharı prosesində də gördülər. Tunisdə süqut edən Bin Ali rejimi, Yəməndə Ali Salih rejimi, Liviyada Qəddafi rejimi, Misirdə Mübarək rejimi açıq diktatura nümunələridir.
Bu cür rejimlərin tamamilə aradan qalxması davamlı, hərtərəfli ideoloji maarifləndirmə ilə mümkündür. Əksini gözləmək tamamilə yanlış yanaşmadır. Məsələn, Misirdə tərəflərin razılığa gəlmək üçün masa arxasında diplomatik yolla saziş imzalayacaqlarını gözləyənlər yanılırlar. Eyni şey bu gün bütün dünyada bilinən Suriya müharibəsinə də aiddir. Müxtəlif dövlətlərdən nümayəndələr bir salonda toplanıb imzalayacaqları sazişlə müharibənin sona çatmasını gözləyirlər. Tez-tez “Əsədli Suriya, yoxsa Əsədsiz Suriya?” sualları verilir. Halbuki, Bəşər Əsədin şəxsinin tarixdən tamamilə silinməsi belə Suriya problemini həll edəcək addım deyil. Suriyada döyüşən tərəflər tamamilə ideologiyalarını qorumaq naminə hərəkət edirlər. Şanxay Paktı ölkələrindən dəstək alan Bəəs rejimi, Əsədli və ya Əsədsiz, mütləq yoluna davam etmək istəyəcək.
Səddam Hüseynin edam edilməsi Bəəs ideologiyasının kökünü qurutmadığı kimi, bu gün Suriyada tökülən qan bir şəxsin və ya onun yaxınlarının rejimi tərk etməsi ilə dayanmayacaq. Tarixdəki bəzi nümunələr repressiv rejimlərin ancaq ideoloji mübarizə ilə məhv ediləcəyini göstərir. Eyni məntiq yüksələn rejimlərə də aiddir. Yüksələn rejimlər daima ideoloji təməli olan, xalqın bir bütün olaraq eyni dəyərlər ətrafında birləşdiyi cəmiyyət olmuşdur. Odur ki, Suriya müharibəsini dayandırmaq istəyənlər əvvəlcə Bəəs rejiminin ürəyi olan materializmlə güclü ideoloji mübarizə aparmalıdırlar.