Firon dövründəki hədə-qorxu şəraitində iman gətirən möminlər


Quranda tarixin müxtəlif dövrlərində Allahın rəsullarına və möminlərə qarşı mübarizə aparmış bəziWar-Horse-Wallpaper-02 öndə gələn şəxslər olduğu xəbər verilir. Din əxlaqına qarşı çıxan bu şəxslər cəmiyyətə inkarçı düşüncə tərzini təlqin etməklə kifayətlənməmiş, eyni zamanda, bu düşüncəni qəbul etməyənlərə təzyiq göstərmiş, zorakılıq etmişlər. Xüsusilə də möminlərin təbliğ etdiyi din əxlaqının qarşısını almaq üçün təzyiq və zorakılıq yoluna əl atıblar. Hz. Musanın təbliği ilə qövmündən iman gətirənləri işgəncə ilə hədələyən firon belə insanlardan biridir. Ancaq bütün hədə-qorxulara baxmayaraq, qövmündən bir qrup gənc ilə əvvəllər fironun yanında olan bəzi insanlar hz. Musanın təbliği vəsiləsi ilə Allaha iman gətiriblər.

Tarixi mənbələrə görə, hz. Musanın təbliğ etdiyi dövrdə Misir firon II Ramzesin hakimiyyəti altında idi. Firon İsrail oğullarını qul kimi işlədir, dözülməz işgəncələr verir, nəsillərinin davam etməməsi üçün oğlan uşaqlarını doğulan kimi öldürtdürürdü.

Hz. Musa doğulduqda Allah onu bir möcüzə kimi öldürülməkdən xilas etmiş, üstəlik, fironun sarayında böyütmüşdür. Yetkinlik yaşına çatan hz. Musa buradakı zülm sistemindən xilas olmaq üçün Misiri tərk edərək Mədyənə gedir. Uca Allah uzun illər burada qalan hz. Musanı seçir və ona peyğəmbərlik verir. Qardaşı hz. Harunu da peyğəmbər və ona köməkçi edir (Məryəm surəsi, 53). Sonra uca Allah hər ikisinə firona təbliğ etmək tapşırığı verir. Uca Allahın əmri ilə hz. Musa və hz. Harun fironu din əxlaqına dəvət etməyə gedir, onların dəvətinə şübhə ilə yanaşan firon isə ayələrdə bildirildiyinə görə, onlardan dediklərini təsdiqləyən dəlil istəyir.

(Firon Musaya) dedi: “Əgər möcüzə ilə gəlmisənsə və doğru deyirsənsə, onu gətir göstər!” (Əraf surəsi, 106)

Hz. Musa fironun sehr oyununu pozur

Tarixi mənbələrə görə, firon dövründə Misirdə batil adət olan sehrbazlıq çox yayılmışdı. Gözbağlayıcılıq olan sehrbazlıq nümayişlərini firon da dəstəkləyir və bu nümayişlər fironun gücünü göstərmək üçün bəzən təşkil olunurdu. Bu şəkildə, xalqı təsir altına salıb firona itaət etməsi təmin olunur, fironun zülm və qorxu sistemi qorunurdu. Fironun sehrbazlıq oyunlarına qarşı uca Allah hz. Musanı açıq-aşkar möcüzələrlə göndərmişdi. Quranda bildirildiyi kimi, hz. Musa və hz. Haruna qarşı hünərlərini göstərmək üçün Misirin hər tərəfindən sehrbazlar toplanıb gətirilir. Firon və ətrafındakılar bu mübarizədə qalib gələcəklərini və hakimiyyətlərini qoruyub möhkəmləndirəcəklərini düşünürdülər. Ona görə, sehrbazlara da qalib gəldikləri təqdirdə iqtidara yaxınlıq, mövqe, vəzifə vəd verirlər. Bu, Quranda belə xəbər verilir:

Sehrbazlar fironun yanına gəlib dedilər: “Əgər qalib gəlsək, doğrudanmı bizim üçün mükafat olacaq?” (Firon) dedi: “Bəli, siz (mənə) yaxın adamlardan olacaqsınız”. (Əraf surəsi, 113-114)

Quranda adı çəkilən peyğəmbərlər arasında ən çox ayə hz. Musa haqqındadır və onun həyatı və mübarizəsi bu ayələrdə hərtərəfli təsvir olunur. Allah ona qardaşı hz. Harun ilə birlikdə müstəbid hökmdar olan fironla qövmünü doğru yola dəvət etmək vəzifəsi vermişdir. Firon və dövrün öndə gələn şəxsləri hz. Musanın dəvətini qəbul edib iman gətirmədikləri kimi, digər insanları da iman etdikləri təqdirdə cəzalandırmaqla hədələyirlər.

Hz. Musaya mütləq üstün gələcəklərini düşünən sehrbazların hz. Musa ilə qarşılaşması Quranda belə xəbər verilir:

 Dedilər: “Ey Musa! Ya sən at, ya da birinci atan biz olaq!” O dedi: “Xeyr,  siz atın!” (Sehrbazlar əllərindəkini yerə atan kimi) onların sehri üzündən birdən (Musaya) elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib sürünür. (Taha surəsi, 65-66)

Ayədəki “(Musaya) elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib sürünür”ifadəsi, əslində, sürünmə hadisəsinin olmadığını, sadəcə baxan insanlara elə göründüyünü açıqlayır. Allah bu sehrdən təsirlənməməsi üçün hz. Musaya belə buyurur:

Musanın canına qorxu düşdü. Biz dedik: “Qorxma, qalib gələn mütləq sən olacaqsan! Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə hara gedirsə-getsin, uğur qazanmaz”. (Ta ha surəsi, 67-69)

Hz. Musa Rəbbimizin əmri ilə dərhal sehrbazlara çevrilib onların etdiyinin sehr olduğunu və Allahın bu sehri pozacağını deyir. Bu barədə ayədə belə bildirilir:

Onlar  atdıqda Musa dedi: “Sizin gördüyünüz iş sehrdir. Həqiqətən, Allah onu boşa çıxaracaq. Çünki Allah fitnə-fəsad törədənlərin işini düzəltməz”. (Yunis surəsi, 81)

Sonra uca Allah hz. Musaya öz əsasını tullamağı vəhy edir, əsa böyük ilana çevrilərək sehrbazların atdıqlarını udur. Allahın bir möcüzə kimi yaratdığı bu hadisə nəticəsində həqiqətlə saxtakarlıq üzə çıxır. Bu hiylə ilə hz. Musaya da tələ qurmaq istəyən firon və yaxınları öz xalqlarının önündə alçalırlar.

Biz Musaya: “Əsanı at!”– deyə vəhy etdik. Elə bu an (əsa ilana çevrilib) onların düzəltdikləri şeyləri uddu. Artıq haqq üzə çıxdı, onların etdikləri isə batil oldu. Orada məğlub oldular və rüsvay olaraq geri döndülər. (Əraf surəsi, 117-119)

Öz yanındakı insanların iman gətirməsinə fironun münasibəti

 Hiylənin, sehrin nə olduğunu çox yaxşı bilən sehrbazlar hz. Musanın etdiyinin sehr deyil, bir möcüzə olduğunu dərhal anlayırlar. Bir insanın belə bir şeyi etməsinin qeyri-mümkün olduğunu bilən bu şəxslər Allahın qeyri-adi möcüzəsini anlayıb dərhal səcdə edirlər. Bu hadisə Quranda belə bildirilir:

Sehrbazlar səcdəyə qapandılar. Onlar dedilər: “Aləmlərin Rəbbinə iman gətirdik! Musa və Harunun Rəbbinə!” (Əraf surəsi, 120-122)

Bir az əvvəl çox etibar etdiyi insanların məğlub olması və hz. Musanın təbliği ilə Allaha iman gətirməsi fironu qəzəbləndirir. Ölkəsindəki insanlar da daxil olmaqla, hər şeyin sahibi olduğunu zənn edən və (Allahı tənzih edirik) insanların nəyə inanıb-inanmayacağına belə özü qərar verən fironun bu hadisəyə münasibəti Quranda belə bildirilir:

Firon dedi: “Mən sizə izn verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, bu, şəhərdə qurduğunuz bir hiylədir ki, əhalisini oradan çıxarasınız. Tezliklə biləcəksiniz. (Əraf surəsi, 123)

Hz. Musa Allahın izni ilə, böyük möcüzə göstərməsinə baxmayaraq, insanların səmimi iman gətirməsini qəbul etmək istəməyən firon iman gətirmir, hz. Musa ilə birlikdə iman gətirənlərə böhtan atır. Hz. Musa ilə əvvəllər öz yanında olan insanların ortaq hərəkət etdiyini iddia edir, onların xalqı ölkədən sürgün etmək məqsədilə plan qurduğunu deyir. Beləliklə, xalqın öz tərəfində olmasına, təqsirkar elan etdiyi hz. Musa ilə yanındakı iman gətirənlərə qarşı özünü dəstəkləməsinə çalışır.

Fironun hədə-qorxusuna qarşı iman gətirənlərin nümunəvi davranışı

Təkəbbür edərək Allahın elçilərinə inanmayan bütün insanlar kimi firon da açıq-aşkar möcüzə görməsinə baxmayaraq inkar edir. Fironun təkəbbürü, ağılsız davranaraq inadkarlıq etməsi tək ilah olan Allahın varlığını, elçilərin dəvət etdiyi yolun doğru yol olduğunu qəbul etmək istəməyən insanların ortaq xüsusiyyətidir. Belə insanlar hər dövrdə olur.

Firon inkarçılara xas xüsusiyyəti ilə iman gətirənlərin təsirini aradan qaldırmaq, sarsılmış nüfuzunu bərpa etmək və xalqa təzyiqini davam etdirmək üçün iman gətirənləri işgəncə və ölümlə hədələyir. Lakin iman gətirənlər hz. Musanın möcüzə göstərdiyini və ancaq Allahın izni ilə belə bir şeyin baş verdiyini çox yaxşı bildiklərinə görə dərhal hz. Musaya tabe olur və Allaha iman gətirirlər. Əvvəllər fironun tərəfində olan, lakin sonra iman gətirən bu insanların nümunəvi davranışı ayələrdə belə bildirilir:

(Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz Ona iman gətirdiniz? Şübhəsiz ki, O, sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi Yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən! (Ta ha surəsi, 71-72)

Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm”. Onlar dedilər: “Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. Sən sadəcə, Rəbbimizin möcüzələri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür”. (Əraf surəsi, 124-126)

Ayələrdə bildirildiyinə görə, iman gətirənlər fironun hədələrinə qarşı qətiyyətli olmuş, ona heç cür boyun əyməmişlər. Öldürülsələr də, hər şeyin Rəbbi olan uca Allaha qayıdacaqlarına və bağışlanacaqlarına ümid bəsləmişlər.

Firon hz. Musanın göstərdiyi möcüzə nəticəsində məğlub olması və yanındakı şəxslərin iman gətirməsi ilə cəmiyyətə təzyiqini artırır. Fironun təzyiqinə görə, hz. Musaya öz qövmündən bir qrup gəncdən başqa Misir xalqından kimsə iman gətirmir. İstər hz. Musanın qövmündən bir qrup gəncin iman gətirməsi, istərsə də firon tərəfindən işgəncə ilə öldürülməyə hazır olan insanların Allahın açıq-aşkar ayəsinə şahid olub iman gətirmələri bütün insanlara gözəl nümunədir. Bu əməlisaleh möminlər dünyəvi istəklərin boş, əsl həyatın isə axirət olduğunu anlamışdılar. Qısa dünya mənfəətlərini – nə qədər cəlbedici görünsə də – əbədi cənnət nemətlərindən üstün tutmamışdılar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma