Müsəlmanın diqqətinin və şüurunun açıq olmasına kömək edən səbəblər


Müsəlman diqqətinin və şüurunun hər an, hər saniyə açıq olması üçün nələrə fikir verməlidir?2942294-chicholiko

İman gətirən insan Allahın Quranla insanlara bildirdiyi həqiqətlərə səmimi qəlbdən inanıb, bütün həyatını bu həqiqətlər əsasında yaşamağa qərar verib.

Allahdan başqa qüvvə olmadığına, qədərin, məhşər gününün, cənnətin və cəhənnəmin haqq olduğuna, dünya həyatının imtahan yeri olduğuna və hər insanın Quran əxlaqı ilə yaşamaqla məsul olduğuna qəti iman gətirib. Bu imanı nəticəsində bir insan bütün həyatı boyu artıq Quranla bildirilən həqiqətlər əsasında yaşayır. Hər anını bu məlumatlar işığında, Allahın rizasına uyğun keçirir.

Ancaq yenə də insan: “Necə də olsa, mən bu həqiqətləri bilirəm, bütün bunlara səmimi qəlbdən inanıram”, – deyərək bu mövzular üzərində dərin düşünməkdən çəkinməməlidir. İnsanın səhər yuxudan oyandığı andan etibarən gün ərzində hər saat, hər dəqiqə bütün iman həqiqətləri üzərində təkrar-təkrar düşünməsi ona üstün əxlaq qazandırar.

Allaha təvəkkül və qədərə təslim olmaq

Tam yəqinliklə iman gətirməyin ən böyük şərti olan təslimiyyət və ya təvəkkül uca Allahın və axirətin varlığına ağlı, qəlbi və vicdanı ilə qəti iman gətirən hər insan üçün çox asan qazanılacaq xüsusiyyətdir. Çünki uca Allah insanın fitrətini Zatına sevgi, inanc, güvən və bağlılıq hissinə meyilli yaratmışdır. Odur ki, əslində, uca Allaha təslim olmamaq insanın fitrətinə ziddir və çətindir. Hər cür nöqsandan uzaq olan Rəbbimiz rəhmət və şəfa kimi nazil etdiyi Quranda bu fitrət üzərində yaratdığı qullarına təslimiyyət qazandıran və möminlərin təslimiyyətini artıran əxlaqi xüsusiyyətləri bildirərək qullarının üzərindən çətinlikləri götürmüş və bu yolla onlar üçün dünya həyatında imtahanı asanlaşdırmışdır.

Dünyada Allahdan müstəqil heç bir canlı və cansız məxluq yoxdur. Hər şey və hər kəs uca Rəbbimizə boyun əyib. Hər biri hər an Allahın əmrinə tabe olur və Rəbbimizin buyruğunu yerinə yetirir. Dünyanın ən böyük problemləri, çətinlikləri və sıxıntıları ilə üzləşən insan belə bu qəti həqiqəti əsla unutmamalıdır.

Allah Quranda bir çox insanın bəzən qəflətə düşərək unutduğu bu mühüm həqiqəti qullarına belə xatırladır:

… Elə isə namaz qılın, zəkat verin və Allaha möh­­kəm sarılın. O, sizin himayədarınızdır. O, nə gözəl himayədar, nə gözəl yardımçıdır! (Həcc surəsi, 78)

Allahla sıx ünsiyyətdə olmaq

Hər işdə Rəbbimizə üz tutmağın və onunla sıx ünsiyyət qurmağın yolu bir işə bismillah ilə başlamaqdır. Həmişə Allahın adını zikir edərək bir işə başlamaq qəlbdə təsir oyandırmaq baxımından insana güc verir, həm də insanın Allaha yaxınlığını artırır. Çünki bir işə Allahın adı ilə başlayan insan hər şeyin Allahın nəzarəti altında baş verəcəyini, Allah istədiyi təqdirdə gördüyü işdə müvəffəq olacağını bilir. Şübhəsiz ki, bu, qul ilə Allah arasında çox dərin yaxınlıq yaranmasına səbəb olur. Belə bir insan acizliyini anlayıb, Allahın izni olmadan heç bir işi görməyə gücü çatmayacağını qavrayıb və özünü tamamilə uca Allaha təslim edib. Möminlərin bu vəziyyəti Quranda belə xəbər verilir:

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy, möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

… Rəbbini çox yad et və səhər-axşam (Onun şəninə) təriflər de!” (Ali-İmran surəsi, 41)

Müsəlman Allaha sevgisini, Allah qorxusunu, təvəkkülünü, onu Allahın yaratdığını və Allahın hakimiyyəti altında hərəkət edən aciz, möhtac varlıq olduğunu hər dəqiqə düşünməlidir. Dünya həyatının çox qısa olduğunu, sürətlə keçdiyini, insanın sürətlə yaşlandığını, ölümün həm gənclərə, həm də yaşlılara çox yaxın olduğunu, hər hadisənin insanın sınanması üçün yaradıldığını, Allahın rizasını və əbədiyyən Rəbbimizin sevgisini qazanmağı hədəflədiyini tez-tez özünə xatırlatmalıdır.

Müsəlmanları sevməyin labüdlüyü

İman gətirənlər Allaha güclü sevgiləri və səmimi bağlılıqlarına görə Allahın yaratdığı varlıqları da çox sevir, bu varlıqlarda Rəbbimizin təcəllilərini görürlər. Quranın “Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər” (Maidə surəsi, 55) ayəsi ilə bildirildiyi kimi, iman gətirənlər uca Allahın insanlara doğru yolu göstərməsi üçün göndərdiyi peyğəmbərlərə və əməlisaleh möminlərə də dərin sevgi bəsləyirlər.

Müsəlman müsəlmanları nə üçün sevdiyini daima düşünməlidir. Allahın “Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (Saff surəsi, 4) ayəsi ilə xatırlatdığı kimi, bütün müsəlmanların sanki bir bədənin üzvləri kimi bir-birlərinin ən yaxın dostları və qoruyucuları olduğunu heç unutmaması bütün müsəlmanlara qarşı məsuliyyətini artırar. Ona görə də dünyanın harasında olursa olsun, əziyyət çəkən, zülm altında yaşayan müsəlmanların əziyyətinə son qoymaq, zülmü aradan qaldırmaq üçün ciddi ideoloji mübarizə aparar.

Hər an hər şey üçün dua etməyi unutmamaq

Allah istəsə, insanların qəflətdə olub qeyri-mümkün hesab etdikləri işləri həmin anda dərhal reallaşdırar. Allah keçmişdə elçilərinə, əməlisaleh möminlərə kömək etdiyi kimi, qeyri-mümkün hesab edilən işləri reallaşdırdığı kimi, bütün insanların da dualarına qarşılıq verər.

Hər insanın həyatında Allahdan çox istədiyi, ancaq ilk baxışda baş verməsi qeyri-mümkün kimi görünən hallar olur. Bu çətin şərtlər insanı əsla yanıltmamalıdır. Duanın qədərin açarı olduğunu və dua etdikdə Allahın yazdığı qədərin hərəkət etdiyini əsla unutmamaq və Allahdan qəti inanaraq istəmək çox vacibdir. Rəbbimiz hz. Musaya (ə.s) yol açdığı kimi, Peyğəmbərimizə (s.ə.v), hz. Yunisə (ə.s), hz. İbrahimə (ə.s), hz. Zəkəriyyaya (ə.s) yardım etdiyi kimi, bütün səmimi müsəlmanların da dualarına mütləq rəhməti ilə qarşılıq verəcək.

Ancaq əlbəttə, bir şeyin reallaşmasını çox istəyən mömin eynilə hz. Yunis (ə.s) kimi Allahı çox zikr etməli, Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) kimi, hz. Musa (ə.s) kimi ən çətin şərtlərdə belə ümidsizliyə düşmədən: “Əlbəttə, Allah bizimlə birlikdədir”, – deməli və heç bir şübhəyə düşmədən Allahın gücünə dərindən iman gətirib güvənməlidir. Məhz bu zaman Allahın duadakı sirri aşkar olar və Allahın izni ilə qədər hərəkət etməyə başlayar. Böyük İslam alimi İmam Rəbbani həzrətləri bir sözündə möminlərə bu mühüm, qəti həqiqəti belə xatırladır:

“Bir şeyi istəmək ona nail olmaq  deməkdir. Çünki Allahu-Təala qəbul etməyəcəyi duanı quluna etdirməz”. (İmam Rəbbani)

Odur ki, mömin

–       Hər işdə Allaha üz tutaraq,

–       Ancaq Allaha dua edərək və ancaq Ondan kömək istəyərək,

–       Allahın hər duaya qarşılıq verdiyini bilərək,

–       Allahın ona şah damarından yaxın olduğunu və hər düşüncəsinə şahid olduğunu unutmadan,

–       Allahı ən gözəl isimləri ilə təsbih edərək və bu isimlərin mənaları üzərində dərin düşünərək,

–  Duanın bir forması olmadığını, Allahın rizasını qazanmaq üçün edilən hər hərəkətin bir dua olduğunu unutmayaraq,

–  Dua etmək üçün xüsusi məkan və yerə ehtiyac olmadığını, həmişə hər yerdə dua etməyin mümkün olduğunu bilərək,

–  Allaha ən hörmətli üslubla,

–  Sadəcə sıxıntı və ehtiyac içində olduqda deyil, bolluq və nemət içində olarkən də dua edərək,

–  Dualarından sonra verilən nemətlərə nankorluq etməyərək,

–  Səmimi şəkildə,

–  Allaha yalvara-yalvara,

–  Göstəriş üçün dua etməkdən çəkinərək,

–  Qorxu və ümidlə,

–  Özü üçün dua etdiyi qədər, hətta bundan da artıq peyğəmbərlər və digər möminlər üçün də,

–  Möminlərin sağlamlığı, təhlükəsizliyi, rahatlığı və güclü olması üçün,

–  Allaha yaxınlaşmaq, müvəffəq olmaq, din əxlaqı ilə yaşamaq və gözəl əxlaqda qətiyyətli olmaq üçün,

–  Dünyada və axirətdə Allahın ən gözəl aqibəti verməsi, nemətlərini artırması üçün,

–  Heç kimin möminlərə zərər verməməsi üçün,

–  Quranda keçən peyğəmbər dualarını özünə nümunə götürərək dua edər.

Hər zaman şükür etmək

İmanın ən əsas göstəricilərindən biri olan şükür hər cür nemətin yeganə sahibinin Allah olduğunu və hər şeyin ancaq Ondan gəldiyini dərk edərək bunu qəlbi və dili ilə ifadə etməkdir. Habelə, şükür Allahla dərin ünsiyyət qurmağın, ancaq Ona qulluq etməyin ən səmimi yollarından biridir.

Möminlər yaradılış dəlillərini təhlil edərək, Yerin atmosferlə kosmosdan gələn təhlükələrdən qorunduğunu, Yerin altında qaynayan maqma təbəqəsindən nazik yer qabığı ilə qorunduğunu, içməli suyun yaradıldığını, torpağın verdiyi məhsulları, nəqliyyat vasitələrini, gecə ilə gündüzün yaradılmasını, həyatını, sağlamlığını, acizliyini, ağlını, şüurunu, beş duyğu orqanını, nəfəs aldığı havanı və bunlara bənzər nemətləri onlara hər an uca Allahın fasiləsiz bəxş etdiyini düşünər və bütün bunlar üçün Rəbbimizə şükür edərək ancaq Allaha üz tutarlar. Uca Allah bir ayədə şükür etməyin  Ona yaxınlaşmaq vasitəsi olduğunu belə xəbər verir:

“… Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız”. (Ənkəbut surəsi, 17)

Mömin bütün həyatı boyu bu mövzuları yadında saxlamalıdır:

–       Daima vicdanının səsini dinləyərək hərəkət etməli,

–       Özü və yaxınları əleyhinə də olsa, daima ədalətli olmalı,

–       Tolerant olmalı və bağışlamalı,

–       Möminlərə şəfqətli və mərhəmətli olmalı,

–       Təkəbbürlü olmaqdan çəkinməli,

–       Salam verdikdə ən gözəl şəkildə salamı almalı,

–       Qəzəbini cilovlamalı,

–       Çox yaxşı bildiyi mövzu belə olsa, mübahisədən çəkinməli,

–       İnsanlara göstəriş etməkdən çəkinməli,

–       Üstünlük ölçüsü təqva olmalı,

–       Nəfsin daima pisliyi əmr etdiyini unutmamalı,

–       Hər an  xeyir iş görməli,

–       Allahdan gücü çatdığı qədər qorxmalı,

–       Allahın rizasını və razılığını hər şeydən üstün tutmalı,

–       Ancaq Allahdan qorxub çəkinməli,

–       Yaxşılığı əmr edib pislikdən çəkindirməli,

–       Bir kəsin başqa birinin günahını yüklənməyəcəyini unutmamalı,

–       Allahın təkəbbürlülük edib lovğalananları sevmədiyini bilməli,

–       Namazlara diqqətlə yanaşmalı,

–       Hər işdə Allaha üz tutmalı,

–       Sahibimizin Allah olduğunu və bütün bunları Onu razı etmək üçün etdiyimizi unutmamalı…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma