Dinsiz Millət Yaşaya Bilməz


mirriİnsanların bəziləri din əxlaqının yalnız bəzi ibadətlərdən ibarət olduğuna dair yanlış inanca sahibdirlər. Halbuki, həqiqi din Allahın fərz buyurduğu oruc tutmaq, 5 vaxt namaz qılmaq, zəkat vermək kimi ibadətlərlə yanaşı, insan həyatının hər anını əhatə edir və beləcə, insanlara Quranda təsvir edilən dünyagörüşü və gözəl əxlaq qazandırır. Dininə bağlı, səmimi müsəlman Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün həyatının hər anında Quranda təsvir edilən bu üstün əxlaqı yaşamağa cəhd edir. Heç vaxt və heç bir mühitdə dürüstlüyündən, səmimiyyətindən, mülayim rəftarlarından, hörmət və sevgidən, qısası, gözəl əxlaqından vaz keçmir. Məhz bu səbəblə də Quran əxlaqına sahib olan insanların meydana gətirdikləri birliklərdə hər insanın istədiyi bu üstün xüsusiyyətlər yaşanır.

Məsələn, Quran əxlaqına uyğun yaşayan bir ailədə hal-hazırda ailələrdə yaşanan problemlərin heç biri yaşanmır. Hal-hazırda, ata-anasına itaət etməyən, doğru-yanlışı bir-birindən ayıra bilməyən uşaqlara və həmçinin övladlarını başıboş buraxan, öz aralarında belə yola getməyən valideynlərə çox rast gəlinir. Bu evlərdə sevgi, hörmət, mərhəmət və şəfqət deyil, həmişə mübahisə və təhqir mövcud olur. Halbuki, Quran əxlaqı yaşandıqda ata-anaya itaət edən, hətta Allah’ın əmrinin  tələbi olaraq onlara: “Of”, -belə deməyən, doğru və yanlışı hələ kiçik yaşlarından ayırd edə bilən, vicdanlı olub pisliklərdən uzaq olan uşaqlar böyüyür. Uşaqlarını din əxlaqı ilə böyüdərək dövlətə və millətə xeyirli olmaları üçün səy göstərən, öz aralarında da mərhəmətli olan, hərəkətləri ilə uşaqlarına nümunə olan valideynlər və beləliklə də hörmət və həmrəyliklə bir-birinə bağlı ailələr meydana gəlir.

Ailə isə dövlətin ən əsas birliyidir. Ailə quruluşu güclü olan millətin dövlət quruluşu da çox güclü olur. Ancaq ailə quruluşu çökmüş, mənəvi dəyərlərini itirmiş, fərdləri arasında sevgi, hörmət, sədaqət, birlik və bərabərlik duyğularından məhrum olan bir dövlətin güclü olması mümkün deyil. Xüsusilə dinsiz cəmiyyətin hədəf alındığı bəzi ölkələrdə bu mənəvi çökmə böyük sürət qazanır və əxlaqi degenerasiya cəmiyyətin hər addımında özünü göstərir. Belə bir cəmiyyətdə həyat yalnız qarşılıqlı maddi mənfəətlər üzərinə qurulur.

Bir-birlərinə çox yaxın ailə fərdləri arasında belə sevgi, qardaşlıq, həmrəylik, fədakarlıq və sədaqət duyğuları kimi mənəvi dəyərlər korlandıqda artıq o millətin varlığını davam etdirə bilməsi çox çətinləşir. Çünki bu degenerasiya yalnız ailə mühitlərində yaşanmır, cəmiyyətin bütün seqmentlərinə yayılır. Məktəblərdə, dost yığıncaqlarında sevgi və hörmət yerinə, həsəd, ikiüzlülük, lağlağı, dedi-qodu kimi pis rəftarlar ortaya çıxır. İş yerlərində də bütün sistem mənfəət üzərində qurulur. Heç kim başqasının haqqını qorumur, ədalət axtarılmır, məzlumlara qarşı şəfqət və mərhəmət göstərilmir. Belə bir millətin fərdlərinin bir yerdə sülh və dinclik içində yaşamaları qeyri-mümkün hala gəlir.

Sonrakı bölmələrdə dinsizliyin ailə quruluşunu və cəmiyyətdəki ictimai əlaqələri çökdürməsindən başqa dövlətə necə zərərlər verə biləcəyi daha ətraflı olaraq araşdırılacaq. Bu araşdırma nəticəsində ortaya çıxan dəlillər “Dövlətimə bağlıyam, millətimi sevirəm”, – deyən hər fərdin dinsizliklə necə ciddi mübarizə aparmasının vacib olduğunu bir daha ortaya qoyacaq.

DARVİNİZMİN YETİŞDİRDİYİ TERRORİSTLƏR

Bu gün dünyanın hər yerində terror, soyqırım və qırğınlar baş verir, günahsız insanlar vəhşicəsinə öldürülür, süni səbəblərlə bir-birlərinə düşmən hala gətirilən birliklər ölkələri qana bulayır. Bir-birlərindən çox fərqli tarixlərə, mədəniyyətlərə və ictimai quruluşlara sahib olan ölkələrdə meydana gələn bu hadisələrin hər ölkədə özünə xas bəzi səbəb və qaynaqları ola bilər. Ancaq bir az araşdırıldıqda hər birinin maraqlı ortaq cəhəti olduğu məlum olur. Bu, dinsiz ideologiyaların cəmiyyətlər üzərində yaratdığı mənəvi təxribatdır.

Bu dinsiz ideologiyaların əsas ortaq xüsusiyyətlərindən biri isə insanları darvinizmlə təlimləndirmələridir. Əvvəldə ifadə etdiyimiz kimi, təkamül nəzəriyyəsi insanların özlərini məsul hiss edəcəkləri və axirətdə hesab verəcəkləri bir yaradıcı olduğu həqiqətini rədd edir. Bu nəzəriyyəyə inanan insan da özünün məsuliyyətsiz və başıboş olduğunu zənn edir. Bu səbəbdən də: “Onsuz da heç kimə hesab verməyəcəyəm”, -deyə düşünərək hər cür insafsızlığı, əxlaqsızlığı və vicdansızlığı asanlıqla edir.

Təkamül nəzəriyyəsinin terrorizmə verdiyi ikinci əhəmiyyətli dəstək isə bu nəzəriyyənin insanı inkişaf etmiş heyvan olaraq göstərməsidir. Başqa sözlə, darvinizmə inananlar bir insanın öldürülməsini hər hansı bir heyvanın öldürülməsi qədər asan qəbul edirlər. Terrorun bütün dünyada olduğu kimi, ölkəmizdə də körpələri, qadınları, yaşlıları və minlərlə günahsız insanı gözünü belə qırpmadan öldürə bilməsinin arxasındakı səbəb darvinist anlayışdır.

Darvinizmin elmi baxımdan heç bir əsası olmayan saxtakarlıq olduğunun insanlara izah edilməsinin əhəmiyyəti bu nöqtədə təkrar ortaya çıxır. Darvinizmi elmi həqiqət zənn edən, dini duyğulardan uzaq, Allah qorxusu olmayan bəzi insanlara darvinizmə əsaslandırılan ideologiyalar təlqin edildikdə bunlara asanlıqla aldanırlar. Bu təlqindən sonra hər kəs kimi yaşayan sadə bir insan əlinə silah alıb dağa çıxır, günahsız insanların canına qəsd edir və dövlətinə qarşı qiyam qaldırır. Çünki bu insanlara Allah, din, vətən, millət və bayraq sevgisi yerinə, dinsizliyi və qanlı qətliamları ilə tanınmış Stalini, Lenini, Maonu sevmələri, insanı heyvan kimi göstərən Darvinin nəzəriyyəsinə görə düşünmələri öyrədilir.

Halbuki, Allahın varlığının dəlilləri və Quranda bildirilən gözəl əxlaq izah edildikdə, insanların düşmənçiliyi, müharibə və xaos mühitlərini özlərinə hədəf edən bu cür ideologiyalara aldanmaları qeyri-mümkündür. Allaha iman edən, axirətdə hər etdiyinin hesabını verəcəyini bilən bir insan dövlətinə və millətinə də bağlı olur. Çünki Allah Quranda insanları fitnə-fəsad törətməkdən belə çəkindirmişdir:

O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 205-206)

Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır. (Rəd surəsi, 25)

Bu ayələrdən də aydın olduğu kimi, Allahdan qorxan bir insanın dövlətinə, millətinə ən kiçik zərər toxunduracaq bir hərəkətə göz yumması mümkün deyil. Çünki Allahdan qorxan bir insan Onun məmnun olmayacağı və cəhənnəmdə sonsuz əzabla qarşılaşacağı hər cür rəftardan çəkinər.

Allaha və axirət gününə inanmayan bir insan isə heç kimə hesab verməyəcəyini zənn edərək hər cür pisliyi asanlıqla edə bilər.

Anarxiya, terror və qarışıqlıq bəlasının mənbəyində insanların hörmət, sevgi, mərhəmət kimi gözəl duyğulardan uzaqlaşması, əxlaqi və insani dəyərlərini itirməsi dayanır. Bu bəladan xilas olmaq üçün dinsizliyin aradan qaldırılması və insanlara Allah qorxusunun və Quran əxlaqının öyrədilməsi vacibdir.

Bunu unutmamaq lazımdır ki, dövlətinə və millətinə qarşı qiyam qaldırıb azğınlıq edənlər qədər bu vəziyyətə tamaşaçı qalaraq imkanları olduğu halda, dövlətinə dəstək olmayanlar da eyni materialist dünyagörüşünə sahibdir. Laqeyd davranan insanların tək məqsədləri öz həyatlarını davam etdirə bilmələridir. Ətraflarında baş verənlər onlara zərər vermədiyi müddətcə narahat olmayan bu insanlar dinin insanlara qazandırdığı fədakarlıq, qardaşlıq, dostluq, dürüstlük və xidmət anlayışından məhrumdurlar. Bu insanların şərəfli bir hədəfi yoxdur. Həyatları boyu yalnız dövlətin imkanlarından istifadə edərək, millətin qarşı-qarşıya olduğu təhlükələrdən xəbərsiz şəkildə öz nəfslərini razı salmağa çalışırlar. Bu cür insanların vəziyyəti Quranda belə açıqlanır:

Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi? (Nəhl surəsi, 76)

Ayədə də ifadə olunduğu kimi, düz yolda olan, dininə bağlı, Allahdan qorxub çəkinən, mənəvi dəyərlərə sadiq olan, vətəninə və millətinə xidmət şövqü içində olan bir insan olduğu cəmiyyətə böyük fayda verər. Buna görə, insanların gerçək dini öyrənmələri və Quran əxlaqına uyğun yaşamaları çox vacibdir. Bu üstün əxlaqı yaşayan insanları isə Allah bir ayəsində belə təyin etmişdir:

Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 41)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma