Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər! (Yusif surəsi, 87)
Ümidvar olmaq Quran əxlaqının bir tələbidir. Namaz qılmaq, oruc tutmaq kimi Allaha ümid bəsləmək də müsəlman üçün fərzdir. Ayədə də möminlərin Allahın rəhmətindən ümidlərini üzməmələri, Rəbbimizin ümidsizliyə düşməyi haram etdiyi, ümidsizliyin kafirlərə xas xüsusiyyət olduğu bildirilir. Qurana əsasən ümidvar olmaq şərtlərdən asılı olmayaraq, kədərlənib narahat olmadan hər hadisənin ən xeyirli şəkildə nəticələnəcəyinə inanıb Allaha təvəkkül etməkdir. Dünya bir imtahan yeridir. Bu imtahanda insan ömrü boyu bir çox çətinlik və sıxıntı ilə sınanır. Quranın öyrətdiyi düşüncə tərzindən uzaq yaşayan insanlar başlarına gələn hadisələrdən sarsılır, getdikcə daha bədbin, ümidsiz olurlar. Eyni hadisə və şərtlər qarşısında Allaha təvəkkül edən bir müsəlman isə başına gələn hər hadisədə mütləq xeyir görür. Hər hadisənin ağıl və mərhəmət sahibi Allahın istəyi ilə olduğunu düşünür və Allahın mütləq böyük hikmətlə yaratdığını bilir. Allahın izni olmadan bir yarpaq belə tərpənməz. Canlı və cansız hər şey Allahın nəzarəti altındadır və Onun müəyyən etdiyi qədər çərçivəsində hərəkət edir. Bu həqiqəti dərk edən müsəlman şərtlərdən asılı olmayaraq, sonsuz mərhəmət sahibi olan Rəbbimizə güvənərək rahat olar. Hər halına şükür edər, Allahdan daima xeyir gözləyər. Əsas hədəfi isə axirətdir. Axirət əbədiyyən qalacağımız əsl yurdumuzdur. Müsəlmanın qəlbi Allaha qarşı ümidlə doludur. Səhv etdikdə, Allah qorusun, bir günah etdikdə belə ümidvar əhval-ruhiyyəsini itirməz. Dərhal Allaha səmimi qəlbdən tövbə edərək Allahdan tövbəsinin qəbul olunmasına ümid bəsləyər. Daha təqvalı, daha gözəl əxlaqlı olmağı, Allah üçün daha çox xidmət etməyi, daha səmimi, sevgi dolu, sağlam, daha gözəl və nurlu olmağı Allahdan ümid edər. Hər şeydən əvvəl, Rəbbimizin rizasını, rəhmətini və cənnətini böyük bir ümidlə arzu edər.