Əfqanıstanın tək çıxış yolu qaldı…


gozel_sekiller_14Elə bir ölkə ki…

Dünyanın ən təhlükəli və kasıb ölkələrindən biri,

Korrupsiya, özbaşınalıq üzrə dünyada ən ön sırada,

Otuz beş ildən çoxdur ki, müharibə və terror şəraitinə məhkum,

On illərdir məcburi köçkünlərinin sayına görə birinci yeri tutan,

Xaşxaş istehsalının 75 %-ni əlində cəmləşdirməkdə dünya lideri…

Bəli! Bu, Əfqanıstan dövlətidir

Əfqanıstanın 1960-cı illərdə çəkilən şəkilləri ilə indiki vəziyyətini müqayisə etdikdə böyük ziddiyyətlər olduğu dərhal sezilir. Ölkə nəinki inkişaf etməmiş, hətta daha da geriləmişdir. Gəldiyimiz tək nəticə isə ölkənin yoxsulluq, cahillik, xurafatçılıq və pərişanlıq içində batması, geridə qalmış dövlətə çevrilməsidir.

5 aprel 2014-cü ildə keçirilən prezident seçkiləri ötən illərə nisbətən daha demokratik, fəal və çəkişməli keçdi. Lakin yeni hakimiyyət də Əfqanıstan üçün zəruri islahatları keçirməyə qadir deyil. Ölkənin içində boğulduğu problemlər Həmid Kərzainin deyil, başqa namizədin seçilməsi ilə də həll ediləcək qədər sadə deyil.

Əfqanıstanın dəhşətli yaxın keçmişi

Yaxın Şərq və Asiya arasındakı yolun üzərində yerləşən, dağlıq və nahamar relyefi olan Əfqanıstan dünyada əhəmiyyətsiz statusa malik ölkə kimi görünsə də, dünya mətbuatının gündəmini tez-tez məşğul edir. Sovet ordusunun işğalı ilə başlayan vətəndaş müharibəsi və daxili qarışıqlıq 1996-cı ildə Taliban hərəkatının hakimiyyəti ələ keçirməsi ilə nəticələndi. Üzvləri əsasən puştunlardan ibarət olan Taliban hərəkatı İslam dininə zidd, radikal mövqe tutdu. İslam dinini onların əqidələrindən fərqli qavrayan hər kəsi düşmən elan etdi, hətta şiddətə əl atmaqdan çəkinmədi. Bu qruplaşmanın Qurana zidd əqidəsi daha çox qadınları hədəf aldı. Onların hüquq və azadlıqları əhəmiyyətli dərəcədə məhdudlaşdırıldı. Dözülməz qadağalara etiraz edənlər isə vəhşicəsinə döyülməklə, dəhşətli işgəncələrlə müxtəlif şəkildə “cəzalandırılırdı”. Bu dövrdə ölkənin şimalını idarə edən və tacik, özbək kimi müxtəlif etnik mənşəli insanların qurduğu Şimal İttifaqı Talibana qarşı mübarizəyə davam etdi.

11 sentyabr 2001-ci ildə baş vermiş terror hadisələri dünya və xüsusilə də Əfqanıstan üçün dönüş nöqtəsi oldu. Bütün nəzərlər Əl-Qaidə və müttəfiqi Taliban qruplaşmasının sığınacağı olan Əfqanıstan üzərində cəmləşdi. 2001-ci ilin sentyabrında ABŞ-ın başçılığı etdiyi beynəlxalq hərbi qüvvələrin müdaxiləsi ilə Taliban rejimi devrildi. Aydındır ki, bu müdaxilə terrorun kökünü kəsmək, Əfqanıstanda stabil, demokratik və hüquqi dövlət qurmaq, ölkədə təhlükəsizliyi təmin etmək üçün yerli qurumların yaradılması məqsədi güdürdü. Lakin ötən 13 il ərzində on minlərlə günahsız vətəndaşın, minlərlə əsgərin həlak olmasına milyardlarla dollar xərclənməsinə baxmayaraq, qənaətbəxş nəticə əldə edilmədi. Kərzai hakimiyyəti beynəlxalq səviyyədə dəstəklənsə də lazımi islahatları həyata keçirə bilmədi. Əleyhində yayılan geniş miqyaslı korrupsiya xəbərlərinin ardı-arası kəsilmədi. Eyni zamanda NATO-nun 2014-cü ildə bütün qüvvələrini ölkədən çıxartmaq qərarı Əfqanıstanı daha çıxılmaz vəziyyətə salır.

Səhvlər və nəticələri

ABŞ-ın əfqanların rəğbətini qazanmaq və Əfqanıstanda birlik yaratmaq cəhdləri baş tutmadı. Digər tərəfdən də Taliban itirdiyi statusunu yenidən qazanır. Müharibə və narkotik bazarının liderləri öz mənfəətləri naminə ölkənin qeyri-sabitliyi üçün çalışır, xurafatçılığı dəstəkləyən dərin dövlət təşkilatları həll yollarının önünü kəsirlər. Digər tərəfdən də hakimiyyəti ələ keçirməyə çalışan siyasi və etnik qruplar arasında gərginlik artır…

Əfqanıstan üçün ən böyük təhlükələrdən biri talibandır. Daha doğrusu, talibanın radikal əqidəsi və şiddətə meyilliliyi. 2001-ci ildəki həyata keçirilən hərbi müdaxilədə taliban hərəkatının təzyiqlərindən tənə gəlmiş əfqan xalqı ABŞ-ı dəstəklədi. Nəticədə qruplaşma üzvləri bəzi dağlıq ərazilərə və Pakistana qaçmağa məcbur oldular. Ancaq müəyyən müddətdən sonra yenidən güclənərək terror aktları ilə ortaya çıxdılar. Nəticədə həm qərb dövlətlərinə ciddi ziyan vuruldu, həm də əfqan xalqı yenə təzyiqlərə məruz qaldı. Xalqdan xərac toplamağa, öz qurduqları məhkəmələrində insanları mühakimə və edam etməyə başladılar.

Hazırda Kabildəki Əfqanıstan dövlətini tərəf hesab etməyən, ABŞ və qərb dövlətlərinə özünü rəsmi şəkildə qəbul etdirən, bəzi ölkələrə siyasi nümayəndəliklərini açaraq Əfqanıstanın dirçəlişinə müdaxilə edən taliban hərəkatı fəaliyyətini davam etdirir. Talibanın yenidən nəzarəti əlinə almasına səbəb isə Əfqanıstandakı ABŞ qüvvələrinin bəzi böyük xətaları oldu: terrora qarşı mübarizədə çox sayda məsum əfqan vətəndaşı şəhid edildi. İslama, Qurana, dini öndərlərə qarşı hörmətsizlik etmələri və əfqan xalqının alçaldan hərəkətləri xalq arasında ABŞ-a qarşı mənfi fikirlər formalaşdırdı. Eyni zamanda taliban hərəkatı bəzi ölkələrdən dərin dövlət dəstəyi aldı.

Taliban qədər digər ciddi təhlükə isə hakimiyyət uğrunda çəkişmələrdir. Beynəlxalq təhlükəsizlik qüvvələrinin ölkədən çıxarılması nəticəsində etnik qruplar və siyasi rəqiblər arasındakı çəkişmələr qızışacaq. Daxildə siyasi yollarla həll edilməyən məsələlər silahlı qarşıdurmalara, daha da əhəmiyyətlisi, vətəndaş müharibəsinə çevriləcəkdir. Bu ehtimallar isə Əfqanıstan üçün çöküş və digər bölgələrdə qeyri-sabitliyin yaranması deməkdir.

Əfqanıstanın xilası

Əfqanıstanın hazırkı vəziyyəti bir çox insanda bu ölkənin gələcəyi ilə bağlı ümidsiz fikirlər formalaşdırıb. Onlar səfalət içində boğulan ölkənin problemlərdən və pərakəndəlikdən  xilas olacağını təsəvvür belə edə bilmirlər.

Halbuki, sülh və ədalətlə idarə olunan, azad, mədəni, modern, sevginin hakim olduğu Əfqanıstan yaratmaq, Allah`ın izni ilə, mümkündür. Tək əngəl xurafatçılıqdır. Həqiqi İslama tamamilə zidd, radikal əqidə olan xurafatçılığın məhv edilməsi xilas olmağın tək yoludur. ABŞ və NATO-nun Əfqanıstanda silah və korrupsiya üçün ayırdığı pulların çox kiçik bir qismi ilə böyük maarifləndirmə tədbirlərinə başlamaq mümkündür. Aydındır ki, təkcə qərb dövlətlərinin dəstəyi kafi deyil. Ən böyük dəstək İslam ölkələrinin ixtilaflardan əl çəkərək sevgi birliyi ilə məzlum əfqan xalqının yanında olmaqdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma