İnsan özünü mənfi düşüncələrə təslim etməməlidir


unnamedBəzən insan hər hansı məsələdə cəhd etməsə də, yaxşı nəticə hasil olacağına inanır. Halbuki bu, tamamilə yanlış fikirdir. Heç bir müsbət nəticə səy göstərmədən öz-özünə hasil olmaz. Bu, Allah’ın insanlar üçün yaratdığı imtahanın qanunudur.

İnsanın nəfsində yaxşılıq və pislik birlikdədir. Bu da Allah’ın insanlar üçün yaratdığı imtahanın başqa xüsusiyyətidir. İnsan həyatının son saniyəsinə qədər nəfsindəki pisliklərə qarşı mübarizə aparmalıdır. Nəfsini özbaşına qoyduqda nəfsindəki yaxşılıqlar əsla öz-özünə pisliklərə üstün gələ bilməz. İnsan bunun üçün daima cəhd göstərməlidir. Ağlından, iradəsindən, vicdanından daima daha yaxşı olmaq üçün istifadə etməlidir.

İnsanın bu mübarizəsində iradə tətbiq edərək əldə edəcəyi xüsusiyyətlərdən biri də müsbət düşünməkdir. Yaxşılıq və pisliklərdən ibarət nəfs insanları mənfi düşünməyə təşviq edir. Əlbəttə, bunu müxtəlif bəhanələrlə örtərək, düzgün, məntiqli göstərərək edir. Müsbət düşünməyin bir növ özünü aldatmaq olduğunu, mənfi düşünməyin isə insanı həmişə daha tədbirli edəcəyini, daha ağıllı addımlar atmasına  səbəb olacağını, mənfi düşünən insanın təhlükələri, riskləri daha yaxşı görəcəyini təlqin edir. İnsanları mənfi düşünməyin reallıq, müsbət düşünməyin isə özünü aldatmaq olduğuna inandırır.

İnsan belə halda Quran əxlaqı ilə davranmalıdır. Allah Quranda müsəlmanlara təvəkkül etməyi, hər hadisəyə xeyir gözü ilə baxmağı, Allah’ın qədərdə hər şeyi xeyirlə yaratdığını düşünməyi, hər vəziyyətdə Allah’a ümid bəsləməyi bildirmişdir. Elə isə mömin Quranı əsas götürdüyü üçün şeytan və nəfsi əksini desə də, müsbət düşünməlidir.

Bundan əlavə, insan lazım gələrsə, müsbət düşünməklə mənfi düşünməyin insanlara nələr qazandırdığını və nələri itirdiyini sadə, sürətli məntiqi müqayisə ilə qavraya bilər.

Mənfi düşünmək insanı, hər şeydən əvvəl, Allah’ın rizasına uyğun düşünməkdən və Allah’ın razı olduğu əxlaqla yaşamaqdan uzaqlaşdırır. Allah’ı və Allah’ın sonsuz gözəl isimlərini unutmasına səbəb olur (Allah’ı tənzih edirik). Allah’ın ağlını, şəfqətini, mərhəmətini, sevgisini, ədalətini, qullarına yaxın olduğunu, dualara cavab verdiyini, səmimi qullarını bağışlayacağını, axirətdə hər şeyin qarşılığını ən gözəl şəkildə artıqlaması ilə verəcəyini unutdurur. Dünyada baş verən hadisələrin Allah’ın iradəsindən müstəqil şəkildə baş verdiyinə (Allah’ı tənzih edirik) inandırır. Bütün bunların nəticəsində də insanın cahiliyyə insanları kimi düşünməsinə səbəb olur. Bu da insanı daimi bədbin hala salır. Hər hadisəyə bədbinliklə baxan, özünə qapanmış, bədbəxt insan modeli ortaya çıxır. Belə bir insan yanlış düşüncə tərzinə görə ətrafındakı insanlara və baş verən hadisələrə qarşı müsbət münasibət göstərə bilmir. Ətrafındakı insanlara daima ən mənfi ehtimallarla yanaşdığına görə məsafəli və küskün davranır. Neqativ düşüncələrlə ətrafındakı insanların sevgisini, hörmətini, etibarını itirir. Heç kimi əsl mənada sevə bilmir, heç kimə şübhə etmədən güvənə bilmir. Həyatı daima narahat, bədbəxt, kədərli və bədbin keçir. Nəticədə də mənəvi cəhətdən olduğu kimi fiziki cəhətdən də gücdən düşür.

Müsbət düşünən insan isə bu xüsusiyyəti ilə hər şeydən əvvəl Allah’ın razı qaldığı əxlaqla davranır. Çünki Allah’ın bəyəndiyi əxlaq, səmimi iman, Allah’a olan etibar və itaət müsbət düşünməyi tələb edir. Bu əxlaqla yaşayan insanın vicdanı rahat olur, çünki Qurana uyğun davranır. Başına gələn hadisələrə, ətrafındakı insanlara Allah’ın istədiyi və bəyəndiyi kimi münasibət göstərir. Hər hadisəyə xeyir gözü ilə baxır, hər şeyin gözəl tərəflərini görür. Başına gələn hadisələrdəki mənfi cəhətləri tapıb bunlara kədərlənib bədbinləşmək əvəzinə 1%-lik gözəllik varsa, bu nemət üçün Allah’a şükür edir, bunun sevinci ilə yaşayır. Allah’ın hər insan kimi onun üçün da saysız-hesabsız nemət yaratdığını dərk edir. Mənfi kimi görünən bütün hadisələrin Allah’ın imtahanı olduğunu və Allah’ın rizasına uyğun davrandıqda onu dünya və axirətdə nemətə qovuşduracaq vəsilələr olduğunu bilir. Ən çətin, ən mürəkkəb hadisələrdə belə mənfi düşünməz; çünki Allah’ın səmimi qullarına mütləq yardım edəcəyini unutmur. Gücü çatmadığı şeydə təşvişə düşməz, çünki Allah’ın sonsuz qüvvət sahibi olduğunu dərk edir. Hadisələrin öz-özünə baş vermədiyini, Allah’ın hər şeyi xeyir və hikmətlərlə yaratdığını bildiyinə görə başına gələn hər hadisədə gözəllik görür. Bütün bunları bilməsi ona dünyada daimi rahatlıq və xoşbəxtlik qazandırır. Nə baş versə də, Allah’a ümid bəsləməyin, Allah’a çox güvənməyin, Allah’ın yardımına bel bağlamağın rahatlığı ilə yaşayır. Hər məsələdə pozitiv davranır. Hadisələrdə, insanlarda qüsurların, mənfiliklərin olduğunu, əlbəttə, görür. Ancaq bilir ki, bunun həlli hər şeyə bədbin gözlə baxıb kədərlənmək deyil. Bu qüsurları aradan qaldırmaq üçün atacağı hər addımı Allah’a güvənərək, müsbət düşünərək, ümidvar olaraq, nemətləri görərək atır. Ona görə, ən çox sevilən, ağlına ən çox etibar edilən, sözlərinə etimad göstərilən, fikirlərinə güvənilən, dostluq qurulan insanlar müsbət düşünən insanlardır.

Habelə, müsbət düşünmək özünü aldatmaq və ya reallıqdan uzaq düşünmək deyil. Əksinə, bir çox insanın görə bilmədiyi əsl həqiqəti görmək, Allah’ın sonsuz gücünü layiqincə təqdir etmək, Allah’ın hər şeyə qadir olduğunu bilmək deməkdir. Əsl reallıq budur. Əsl doğruluq, dürüstlük budur. Əksi isə insanın özünü aldatmasıdır. Çünki əksini düşünən insan hər şeyi özünün və ya digər insanların etdiyini zənn edir. Özünün və insanların gücünün nə qədər məhdud olduğunu, varlıqların nə qədər aciz olduğunu gördükcə də mənfi düşüncələrə qapılır. Halbuki öz gücü onsuz da heç nəyə çatmaz. Allah’ın gücünə inancı və Allah’ın gücünü layiqincə qavraması insana müsbət düşünmə, ümidvar olma, hər hadisənin nəticəsindən xeyir gözləmə gücünü verir.

Bütün bu həqiqətləri diqqətlə nəzərdən keçirən bir insan Allah’ın rizasının müsbət düşünməkdə olduğunu görməlidir. Bununla yanaşı, mənfi düşünməyin insana heç bir faydası olmadığını, əksinə, həyatını qaraltdığını, çətinləşdirdiyini və mənəvi cəhətdən keyfiyyətini aşağı saldığını anlamalıdır. İnsanı bir kədərdən başqasına sürükləyən, hər yerdə, hər hadisədə insana bədbəxtlik qapısı açan, nə özünə, nə də başqalarına faydası olan şeytani düşüncə tərzi olduğunu bilməlidir. Quran əxlaqı insanın Allah’ın insanlar üzərindəki böyük lütfünü görməsinə, ətrafındakı nemətlərin sevinci ilə yaşamasına, bunlar üçün Allah’a səmimi qəlbdən şükür etməsinə və ən çətin şərtlərdə belə Allah’dan xeyir ümid etməsinə vəsilə olur. Əsl reallıq məhz budur.

Mənfi düşünməyi tədbirli olmaq zənn edən insan yenə yanılır. Bədbin, özünə qapanmış, qəmgin, ümidsiz insanın həqiqi mənada tədbir alması mümkün deyil. Doğru düşünmə, hadisələri olduğu kimi görüb müsbət dəyərləndirmə və tədbir alma qabiliyyətini bədbin əhval-ruhiyyədə olmaqla itirir. İnsan ancaq müsbət düşünərək rahat, ağıllı, pozitiv əhval-ruhiyyədə ikən tədbir ala bilər. İnsanları, hadisələri və təhlükələri düzgün təhlil etməsi ancaq müsbət düşündükdə mümkündür.

Allah’ın Quranda insanlara bildirdiyi bir sirr var. İnsan mənfi şeylər əvəzinə ətrafındakı gözəllikləri, nemətləri, müsbət hadisələri gördükdə və bu cür düşündükdə Allah ona olan nemətini daha da artırır. Əks təqdirdə, yəni insan daima yaşadığı şəraitdən, başına gələn hadisələrdən, ətrafındakı insanlardan şikayətləndikdə, ancaq çatışmazlıqları, qüsurları gördükdə, gözəllikləri isə layiqincə dəyərləndirmədikdə bu insan öz əli ilə özünə bədbəxt həyat formalaşdırır.

Hər insan Allah’ın bildirdiyi bu sirr üzərində yaxşı düşünməlidir. Ən çətin şərtlərdə yaşayan insanın belə həyatında sevinəcəyi, xoşbəxt olacağı, şükür edəcəyi çoxlu nemət var.  Əgər azacıq nemətə şükür etməyi, azacıq çətinlikdə belə ümid bəsləməyi bacarırsa, Allah ona qatından dünya və axirətdə daha artığını bəxş edər. Allah Quranda insanlar üzərindəki nemətinin bənzərsizliyini və nemətə şükür etməyin sirrini belə bildirmişdir:

O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (İbrahim surəsi, 7)

O, sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allah’ın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)

Əgər Allah`ın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Nəhl surəsi, 18)

İnsan həyatı boyu ən sıxıntılı anlarında belə bu həqiqətləri əsla unutmamalıdır. Həyatının sonuna qədər müsbət düşünmək üçün qəti qərar verməli və nə baş versə də, bu qərarından əsla dönməməlidir.

Ancaq bunu da unutmaq olmaz ki, insan gözəl əxlaqı, müsbət düşünməyi, Allah’a ümid bəsləməyi nemətə qovuşmaq üçün deyil, Allah’ın rizasını qazanmaq üçün yaşamalıdır. Allah qatında qəbul olunan əməl budur. Çünki Allah’ın rizası dünyadakı və axirətdəki bütün nemətlərdən üstündür. Allah razı olarsa, lütf edəcəkdir. Lakin bu lütf ancaq Allah’ın izni ilə, Allah’ın rizasının bütün nemətlərdən üstün olduğunu qavrayan insanlara nəsib olacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma