Dünyanın ən yoxsul insanları dünyanın ən zəngin qitəsindədir


poverty-shoes*1200xx3870-2177-0-199Dünya əhalisinin 15%-ni məskunlaşdırır.

Yeraltı və yerüstü zənginlikləri baxımından isə dünyanın ən dəyərli bölgəsidir.

Dünyadakı qaz ehtiyatlarının 8%-inə malikdir. Qitədəki 45 ölkədə neft yataqları mövcuddur.

Dünyadakı kobaltın 57%-i, almazın 47%-i, manqanın 49%-i, fosfatın 31%-i, qızılın isə 21%-i bu qitədə yerləşir. Bundan əlavə, qitə hidroelektrik enerjisi, günəş enerjisi və geoistilik enerji baxımından da çox geniş potensiala malikdir.

Əkinçiliyə əlverişli əraziləri də olduqca çoxdur. Dünyanın bir çox ölkəsi bu qitədə torpaq icarəyə götürərək kənd təsərrüfatı ilə məşğul olur. Bütün bu xüsusiyyətləri ilə birlikdə Afrika ərazisinə görə dünyanın ikinci ən böyük qitəsidir.

Bu məlumatlar insana təbii olaraq Afrika qitəsinin ən zəngin ölkələr və insanlar diyarı olduğunu düşündürür. Ancaq vəziyyət tam əksinədir.

Afrika dünyanın ən yoxsul və ən az inkişaf etmiş qitəsidir. Dünyadakı ən kasıb 49 ölkədən 34-ü Afrikadadır. Qitə əhalisinin 40%-dən çoxunun gündəlik 1 dollardan az gəliri var. Üstəlik qitəyə vətəndaş müharibələri, terror, xəstəliklər, yoxsulluq və aclıq hakimdir.

BMT-nin məlumatlarına görə, 2010-2012-ci illər arasında Somalidə yarısından çoxu uşaq olmaqla 250 mindən çox insan acından ölüb. Qitədə inkişaf yox deyiləcək qədər aşağı səviyyədədir. Qadın və uşaq ölümləri də çoxdur.

Məsələn, 2013-cü ilin inkişaf indeksi göstəricilərinə görə axırıncı yerdə olan Nigeriyada körpələrin ölüm nisbəti 72,5%-dir. Bu nisbət dünya ortalamasının demək olar ki, iki mislidir. Bu ölkədə hər 100 min doğuşda 590 ana ölür.

Bəs qitənin bu qədər zəngin olmasına baxmayaraq, belə böyük yoxsulluğun səbəbi nədir?

İlk növbədə qeyd etmək lazımdır ki, qitə miqyasında sabit hakimiyyətə malik ölkə sayı olduqca azdır. Vətəndaş müharibələri, qəbilə münaqişələri yayılıb. Boko Haram, Əş-Şəbab kimi qruplaşmalar bir çox Afrika ölkəsində terror həyata keçirir. Bu da siyasi və sosial sabitliyin, inkişafın qarşısındakı böyük maneələrdəndir. Oxfam İnternational təşkilatının hazırladığı hesabata görə Afrikadakı xarici və daxili müharibələr Afrika ölkələrinin iqtisadiyyatını 15% azaldaraq qitəyə illik təqribən 20 milyard dollar zərər verir.

Hakim idarələrdə sui-istifadələr, insan hüquqları pozuntuları, korrupsiya çox geniş yayılıb. Bu vəziyyət qitədəki ölkələrdə inkişaf planlarının hazırlanıb həyata keçirilməsinin qarşısını alır. İnkişaf layihələrinə köçürülməli olan maliyyə mənbələri silah alınması üçün istifadə edilir və korrupsiya mənbəyi olur.

Ancaq hər şeydən əlavə, Afrikadakı yoxsulluğun arxasındakı ən böyük amil keçmiş Avropa müstəmləkə dövlətlərinin bu gün hələ də qitədəki hakimiyyətlərini fərqli üsullarla davam etdirməsidir. Bu neo-müstəmləkəçilər qədim imperiyalarının hakimiyyətləri üzərində qurduğu təzyiq, təhdid və sanksiyalarla bu ölkələrin neft, faydalı qazıntı, qızıl kimi təbii sərvətlərinin müəssisə və gəlirlərində böyük pay sahibi olurlar. Buradan əldə olunan gəlirləri də Avropadakı ölkələrinə aparırlar.

Afrikanı ideal bazar kimi görən qlobal silah sənayesi də bura gözünü dikib. Silah və hərbi sursat satışını artırmaq üçün regionda terror təşkilatları, əks və üsyançı qruplar vasitəsilə münaqişə və müharibələr daima qızışdırılır, ölkələrarası gərginliklər artırılır.

Mərkəzi İsveçdə yerləşən Stokholm Beynəlxalq Sülh Araşdırma İnstitutunun (SIPRI) hesabatı və BMT-nin məlumatlarına görə 2015-ci ildə Afrika ölkələri hərbi məqsədlə 39 milyard dollar həcmində pul xərcləyiblər. Eritreya, Somali və Sudan bura daxil deyil.

Son statistikalar Afrika ölkələrinin üçdə ikisinin silahlanmağı artırdığını göstərir. Silahlanmağa ayırdığı büdcəni 8,8% artıran Əlcəzair 10 milyard dollarlıq xərci aşaraq silahlanmağa ən çox pul ayıran ölkədir. 2004-cü ildən etibarən Əlcəzairin silah xərclərində 176% artım olub. İkinci yerdə isə silahlanma büdcəsini 36% artıran Anqola gəlir. Sonra bunları 26%-lə Mərakeş, 6%-lə Sudan təqib edir. Səhraltı Afrika ölkələri isə qitədəki silahlanmanın 42%-ni təşkil edir.

Bu gün Afrikaya silah satışından ən böyük gəliri ABŞ, Çin, İngiltərə, Rusiya, Fransa, Almaniya, İsrail, Hindistan, İtaliya və İspaniya əldə edir. Qəribə olan isə dünya sülhünü təmin etmək naminə BMT-nin Təhlükəsizlik Şurasında daimi üzv olan beş ölkə də (ABŞ, Çin, İngiltərə, Rusiya, Fransa) bunların arasındadır.

Əslində Afrikada aclığın, yoxsulluğun məğlub edilməsi, sülh və əmin-amanlığın təmin olunması üçün edilə biləcək şeylər elə də mürəkkəb deyil.

Həll yolunun ilkin mərhələsi kimi Afrikada münaqişələrin, qarşıdurmaların qarşısını alıb sabit və demokratik hökumətlər qurulmalı, xalqın hakimiyyət orqanlarında iştirakı artırılaraq monarxiya diktator rejimlərindən demokratik rejimlərə keçid təmin olunmalı, korrupsiyanın qarşısının alınması üçün lazımi hüquqi tədbirlər görülməlidir.

Bunun üçün BMT Baş Assambleyası çərçivəsində təkcə Afrika üçün fəaliyyət göstərən sülh və sabitlik masası yaradıla bilər. Masada başda Afrika millətlərinin və regionda marağı olmayan tərəfsiz dövlətlərin nümayəndələrinin iştirakı çox mühümdür. Axan qanı dayandıraraq, qitəni silah tacirlərinin əlindən xilas etmək bu masanın ən mühüm vəzifələrindən olmalıdır.

Həll yolunun ikinci mərhələsi kimi isə Afrika ölkələrinin təbii sərvətlərinin hasil və emalından gəlir əldə edən xarici dövlət və firmaların mənfəət payları ədalət meyarı baxımından tənzimlənməlidir. Yəni bir ölkədəki neft və ya hər hansı bir qiymətli faydalı qazıntını çıxarıb emal etməklə məsul olan xarici müəssisələrə bu xidmətin dəyəri və çıxardıqları miqdara görə ağlabatan nisbətdə pay ödənilməlidir. Xarici firma və ya təşkilatların çıxardıqları qiymətli yeraltı sərvətlərin çox böyük hissəsini özləri alıb o sərvətin həqiqi sahibi olan dövlətə və ölkə xalqına çox cüzi paylar ayıraraq onları yoxsulluq və səfalətə düçar etməyə qətiyyən imkan vermək olmaz.

Xülasə, yüzlərlə ildir başqa ölkələri zəngin edib özü həmişə yoxsulluq və səfalət içində olan bu qoca qitənin bu gün də hiyləgər və qapalı üsullarla istismar edilməsinə artıq son qoyulmalıdır. Afrikanın sahib olduğu dəyərlər və sərvətlər həqiqi sahibləri olan afrikalılara təhvil edilməlidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma