Müharibə ehtirası hər kəsə zərər verir


maxresdefault

20-ci əsr qarşısı asanlıqla alına biləcək səbəblərlə başlayan iki böyük dünya müharibəsinə səhnə olmuşdur. Bunlardan biri I Dünya Müharibəsinin fitilini alovlandıran Avstriya-Macarıstan vəliəhdi hersoq Ferdinandın Sarayevoda serb millətçisi tərəfindən öldürülməsi idi. 28 iyul 1914-cü ildə Avstriya-Macarıstan imperiyasının Serbiyaya müharibə elan etməsindən sonra cəmi 7 gün ərzində Rusiya, Fransa, İngiltərə, Almaniya, Avstriya-Macarıstanla birlikdə koloniya və müttəfiqləri bütünlüklə müharibəyə daxil oldu. 3 ay ərzində də Osmanlı dövlətinin daxil olması ilə üç qitəyə yayılan dünya müharibəsi başladı. Müharibə 4 il davam etdi. 1918-ci ildə sülh elan edildikdə isə ümumi insan tələfatı 15 milyon oldu.

II Dünya Müharibəsi də 1 sentyabr 1939-cu ildə Almaniya və Sovet İttifaqının Polşanı işğal etməsi ilə başladı. İngiltərə və Fransanın müharibəyə daxil olması cəmi 3 gün çəkdi. İngiltərə özü ilə birlikdə Kanadadan Avstraliyaya İngilis Millətlər Birliyinin üzvlərini müharibəyə çəkdi. 6 ay ərzində əvvəlcə İtaliya, sonra da Yaponiya müharibənin iştirakçısı oldu. 6 il ərzində 85 milyon insanın həyatını itirməsinə səbəb olacaq bu müharibə bir neçə ay ərzində əvvəlcə Avropanı, sonra da dünyanı yanğın yerinə çevirdi.
Bu gün tarixçilər bu müharibələri qiymətləndirərkən bir çox səbəbdən bəhs edirlər. Ölkələrin rəqabətləri, imperializm və müstəmləkəçilik acgözlüyü, liderlərin şəxsi ambisiyaları, eqoları, komandirlərin müharibə həvəsi arxalarında milyonlarla cəsəd qoyan qorxunc mühitə çevrildi. Bu səbəblərin bəlkə də ən önəmlisi əsrin əvvəlində dünyaya hakim olan müharibə ehtirası idi. Krallar, diplomatlar, merlər, siyasətçilər, akademiklər, yazıçılar, komandirlər sülh əvəzinə müharibəyə üstünlük verən ruh halına düşmüşdülər. 20-ci əsrin I yarısında dünya bu kütləvi isterikanın təsiri altında idi. Diplomatik yollarla asanlıqla həll edilə bilən problemlər döyüş meydanlarına keçdi. Dünyanın hər tərəfində işğallar, sərhəd müharibələri, regional münaqişələr bir-birini təqib etdi. Sülh və diplomatiya yerini müharibəyə vermişdi.

Əslində II Dünya Müharibəsinin ağlasığmaz zərərləri bütün dünyada bir oyanışa da səbəb oldu. Avropanın başlıca şəhərləri dağıdılmış, Sovet İttifaqı yerlə bir olmuşdu. Yaponiyada 2 böyük şəhər atom bombaları ilə məhv olmuşdu. Bütün bu fəlakətlərlə yanaşı, dünya çox acı bir dərslə də olsa ən pis sülhün ən yaxşı müharibədən yaxşı olduğunu gördü. Liderlər müharibələri bir daha geri gətirməmək üçün mühüm addımlar atdılar. Beynəlxalq təşkilatlar ard-arda qurulmağa başlandı. Aşağı profilli Millətlər Cəmiyyətinin yerini Birləşmiş Millətlər Təşkilatı aldı. Avropa silahlanmanın əsas xammalı olan kömür və poladı nəzarət altına almaq məqsədilə sonradan Avropa İttifaqına çevriləcək Avropa Kömür Polad Təşkilatını qurdu. Nato, Cento, Varşava Paktı kimi hərbi müqavilələr ölkələri fərqli düşərgələrdə birləşdirdi. Bütün dünya qaynar müharibələrə mane olmağa çalışdı.

20-ci əsrin ikinci yarısı da təbii ki, bir çox müharibəyə səhnə oldu. Amma bu döyüşlər kiçik qığılcımlar olaraq qaldı. Koreya və ya Vyetnam müharibəsi kimi bütün dünyaya yayılma potensialı olan münaqişələr lokal oldular. Pakistanın Hindistandan ayrılması kimi çətin ayrılıqlar beynəlxalq ictimaiyyətin təzyiqi ilə nisbətən kiçik münaqişələrlə baş verdi. Soyuq Müharibənin ən dərin böhranlarında diplomatiya həll yolu gətirə bildi. 1960-cı il U2 təyyarə böhranında, 1962-ci il Kuba raket böhranında, Yaxın Şərq və Latın Amerika inqilabında, Şərqi Avropa işğallarında sülh təmin edilə bildi.

1979-cu ildən sonra isə müharibə həyəcanı anidən geri qayıtdı. Sovet İttifaqı Əfqanıstanı işğal etdi. İran və İraq səbəbi qeyri-müəyyən olan müharibəyə başladı. İraqın Küveyti işğalına ABŞ-ın reaksiyası bölgəyə əsgər yığmaq oldu. 2000-ci illərdə bu müharibə ehtirası daha da artdı. ABŞ minlərlə kilometr uzaqlara əsgər yığdı. Ərəb baharları vətəndaş müharibələrinə çevrildi. Azlıqlara qarşı qətliamlar sürətləndi. Balkanlardan Qafqaza, Orta Asiyadan Şimali Afrikaya qədər bütün dünya sonu gəlməyən müharibə şəraitinin içinə düşdü. Təkcə Yaxın Şərqdə 10 ildə 5 milyondan çox müsəlman həyatını itirdi.

BMT, Avropa İttifaqı, Rusiya, İslam Əməkdaşlıq Təşkilatı və ya beynəlxalq cəmiyyət bu vəziyyətə mane ola bilmədi. “Diplomatiya əvəzinə müharibə ilə haqq axtarma anlayışı” geri gəldi. Cəmiyyətlər öz ədalətini özləri yerinə yetirməyə qərar verdilər. Güzəştə getmək, orta yol tapmaq, sülh naminə fədakarlıq etmək zəiflik kimi qəbul edildi.

Bu gün adı hələ qoyulmamış olsa da, 2-ci Dünya Müharibəsi illəri qədər qanlı dövr yaşanır. Kiçik bir qığılcım hər an yeni dünya müharibəsinə rəvac verə bilər. Ukrayna böhranı, Suriya vətəndaş müharibəsi, sünni-şiə ayrılıqları səbəbindən bəzi ölkələr partlamağa hazır bombalar kimidirlər. Ancaq bu vəziyyətin dərhal dəyişməsi lazımdır.

Müharibə vaxtı deyil. Müharibələrin heç vaxt qalibi olmayıb və olmayacaq da. Məsələn, Səddamın müharibə siyasəti İraqı illərlə işğal altında tutmuş, ən sonunda üç yerə parçalanmasına səbəb olmuşdu. Qəddafi və Əsəd həm özlərini, həm də ölkələrini məhvə aparmışdı. Suriyada, Liviyada, İraqda, Yəməndə həyat sona çatmaq üzrədir. Cənubi Afrikada da vəziyyət fərqli deyil və xalq səfalət içindədir. Yamayka, Zimbabve, Sudan, Kolumbiya, Tailand “dünyanın ən təhlükəli ölkələri” elan edilib. Dünyanın artıq müharibələrin öhdəsindən gələ biləcək gücü qalmayıb. Müharibə əvəzinə sülhü seçmək ağlın və vicdanın tələbidir. Müharibə carçıları dərhal bundan imtina etməli və milyonlarla ölümün səbəbkarı olmaqdan Allaha sığınmalıdırlar.

Dünya sülhü üçün Qərb aləminə və müsəlman ölkələrə mühüm vəzifələr düşür. Qərb maraqları ilə toqquşan hər vəziyyətə işğal, bombardman, əsgər, gizli həbsxana, işgəncə ilə qarşılıq verməkdən imtina etməlidir. Bəzi müsəlman ölkələr də özlərindən olmayanı “düşmən” görməkdən imtina etməli, İslam dünyasındakı ayrılıqları da bir an əvvəl sona çatdırmalıdırlar. Axan qan ərəbin, kürdün, şiənin, sünninin, xristianın, amerikalının, suriyalının deyil, bütün bəşəriyyətindir. Dünyada istisnasız hər kəsin birinci prioriteti də bu qana mane olmaq olmalıdır.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma