Böyük partlayış nəzəriyyəsinə qarşı etirazların əsassızlığı


CMB_Timeline75Yaradılış həqiqətinə edilən etirazlar və əsassızlığı

Buraya qədər araşdırdığımız kimi, böyük partlayışın kainatın yoxdan yaradıldığı mənasını verdiyi, yəni yaradılışı sübut etdiyi açıqdır. Bundan ötrü də, materialist fəlsəfəni mənimsəmiş astronom və fiziklər, bu həqiqətə qarşı çıxa bilmək üçün, bəzi alternativ izahlar gətirməyə çalışıblar. Bunlardan biri olan “stasionar kainat” nəzəriyyəsinə əvvəlki səhifələrdə toxunmuş və bu nəzəriyyənin əslində “kainatın yaradılması fikrindən fəlsəfi olaraq narahat olan” bəzi elm adamlarının ümidsiz səyi olduğunu ifadə etmişdik.

Materialistlərin gətirməyə çalışdıqları digər iki alternativ cavabsa, böyük partlayışı qəbul edən, lakin bunu yaradılış həqiqətindən başqa yolla izah etməyə çalışan modeldir. Bunların birincisi “dövri kainat modeli”, ikincisi isə “kainatın kvant modeli”dir. İndi də, növbə ilə bu nəzəriyyələri və niyə əsassız olduqlarını araşdıraq.

Dövri kainat modeli – Böyük partlayış modelini kainatın başlanğıcı olaraq qəbul etməyi qətiyyən həzm edə bilməyən astronomlar tərəfindən ortaya atılmışdır. Bu modeldə, kainatın böyük partlayışdan sonra yenidən öz içinə çökərək tək bir nöqtədə toplanacağı, sonra yenidən partlayıb açılacağı, yenidən qapanacağı və bu prosesin əbədiyyən davam edəcəyi irəli sürülür. Yenə bu modelə görə böyük partlayışdan əvvəl də kainat bir çox dəfə partlayıb büzülmüşdür. Yəni, iddiaya görə kainat və maddə əzəldən bəri mövcuddur, lakin müəyyən vaxtlarda partlayışlar və bu partlayışlardan sonra içinə çökmə prosesləri getmişdir. Hazırda yaşadığımız kainat isə, bu sonsuz dövrdə yer alan sonsuz sayda kainatdan biridir.

Bu modeli ortaya atanların etdikləri şey, yalnız “böyük partlayışı hansı yolla sonsuz kainat fikrinə uyğunlaşdıra bilərik” şəklində düşünmək və bir ssenari yazmaqdan başqa bir şey deyil. Lakin bu qeyri-elmi bir ssenaridir, çünki son 15-20 ilin tədqiqatları, dövri kainat modelinin mümkün olmadığını göstərmişdir. Çünki, kainat öz içinə çöksə belə, heç bir məlum fizika qanununun kainatı belə böyük çöküşdən sonra, yeni bir böyük partlayışla meydana gətirməsi qeyri-mümkündür.(1)

Bu modeli qüvvədən salan ən mühüm amil isə, kainat həmişə açılıb-qapansa belə, bu prosesin əbədiyyən davam edə bilməyəcəyidir. Çünki hesablamalar, dövri kainatların bir-birlərinə entropiya ötürəcəyini göstərir. Yəni enerji hər kainatda bir qədər də yararsızlaşacaq və hər yeni “açılan” kainat bir qədər də yavaş açılıb bir qədər də geniş diametrə sahib olacaq. Bu isə zamanda geri gedildikdə getdikcə daha kiçik kainatlar olmasını tələb edəcək və yenə bir “ilk kainat” da ilişib qalacaq. Yəni bütün zamanlarda vaxt dövri kainatlar olsa belə, bunlar əvvəlcə yenə yoxluqdan yaranmalıdırlar.(2)

Bir sözlə, “dövri” sonsuz kainat modeli, yalnız gerçəkləşməsi fiziki cəhətdən qeyri-mümkün bir fantaziyadan ibarətdir.

Böyük partlayışa öz aləmlərində yaradılış həqiqətindən başqa bir izah gətirə bilmək üçün, irəli sürülmüş ikinci model isə, başda ifadə etdiyimiz kimi, “kainatın kvant modeli”dir. Bu nəzəriyyəni müdafiə edənlər, kvant (atomaltı) fizikasında aparılan bir müşahidəyə əsaslanaraq, bir ssenari yaradıblar. Kvant fizikasında, atomaltı zərrəciklərin boşluq (vakuum) daxilində birdən meydana gəldikləri və yox olduqları müşahidə edilir. Bu müşahidəyə; “maddə kvant səviyyəsində yoxdan meydana çıxa bilir, bu maddənin özünə məxsus bir xüsusiyyətdir” deyə izah gətirən bəzi fiziklər, kainatın yaradılışı vaxtı maddənin yoxdan yaranmasını da; “maddənin özünə məxsus bir xüsusiyyət” kimi adlandırır və təbiət qanunlarının bir parçası kimi göstərməyə çalışırlar. Bu kvant modelində, bizim yaşadığımız kainata, olduqca nəhəng bir kainatın atomaltı zərrəciyi olduğu izahı gətirilir.

Halbuki kvant fizikasına edilən bənzətmə, qətiyyən əlaqəsizdir və kainatın yaradılışına izah gətirməkdən uzaqdır. “Big bang, theism and atheism” (“böyük partlayış, təkallahlılıq və ateizm”) kitabının müəllifi olan Uilyam Leyn Kreyq (William Lane Craig), bu mövzunu belə açıqlayır:

“İçində zərrəciklərin dalğalandığı (gah görsənib, gah da yox olduğu) mexaniki kvant vakumu, əslində həqiqi bir “vakuum”, yəni “yoxluq” anlayışından çox uzaqdır. Bir kvant modelində fasiləsiz şəkildə ortaya çıxıb yox olan zərrəciklər, ortaya çıxdıqları qısa müddət üçün, ətraflarında olan enerjidən oğurlayarlar. Bu “yoxluq” deyildir və dolayısilə maddə zərrəcikləri də yoxdan yaranmırlar”.(3)

Yəni, kvant fizikasında da əslində maddə “yoxdan yarana” bilmir. Yalnız mühitdəki enerji, ani surətdə maddəyə çevrilir, sonra isə, bu maddə dağılaraq təkrar enerji halını alır. Bir sözlə; “öz-özünə yoxdan yaranma” kimi bir vəziyyətdən söhbət gedə bilməz. Lakin bütün elm sahələrində olduğu kimi fizika sahəsində də, ateist elm adamları müxtəlif kritik nöqtələri və təfərrüatları görməzlikdən gələrək, həqiqətləri materialist dünyagörüşünə görə təhrif etməkdən çəkinmirlər. Çünki onlar üçün materializmin, dolayısilə ateizmin ayaqda saxlanılması elmi həqiqətlərin ortaya çıxardılmasından və açıqlanmasından olduqca mühüm əhəmiyyət daşıyır.

Yuxarıda açıqladığımız həqiqətin başa düşülməsi, kainatın kvant modelinin əksər elm adamı tərəfindən rədd edilməsinə gətirib çıxartmışdır. Tanınmış fizik C. C. İşamın (C.J. İsham) ifadəsiylə desək; “nəzəriyyənin önünə çıxan böyük çətinliklərdən ötrü, kainatın kvant modeli geniş şəkildə qəbul olunmamışdır”.(4) Belə ki, bu modeldən, bu gün onu ilk dəfə ortaya atan R. Braut (R. Brout) və P. Spindel (Ph. Spindel) kimi fiziklər tərəfindən imtina edilmişdir.(5)

Kvant modelinin son illərdə geniş ad qazanmış variantı isə, fizik Stiven Hokinq (Stephen Hawking) tərəfindən gəlir. Hokinq;“zamanın qısa tarixi” adlı kitabıyla maraq toplayan modelində, böyük partlayışın “yoxluqdan yaranma” demək olmadığını iddia edir. Böyük partlayışdan əvvəl zamanın olmadığı həqiqəti qarşısında isə, “xəyali zaman” kimi bəzi anlayışlar yaratmışdır. Hokinqə görə böyük partlayışın 10-43 saniyəsinə qədər yalnız “xəyali zaman” mövcud olmuş və həqiqi zaman bu andan sonra yaranmışdır. Hokinqin ümidi, bu “xəyali zaman” anlayışı ilə böyük partlayışdan əvvəl təkcə “zamansızlıq” olduğu həqiqətini inkar edə bilməkdir.

Halbuki “xəyali zaman”, “bir otaqdakı xəyali insanların sayı” və ya “bir yoldakı xəyali avtomobillərin miqdarı” kimi əslində sıfır, yəni yoxluq demək olan bir anlayışdır. Hokinq bununla yalnız bir söz oyunu oynayır. Xəyali zaman əsasında qurduğu riyazi tənliklərin doğru olduğunu iddia edir, lakin bu tamamilə mənasızdır. Həqiqətdə olmayan şeylərin riyaziyyatda doğru kimi göstərilə bilməsinin mümkün olduğunu, tanınmış riyaziyyatçı Ser Herbert Dinql (Sir Herbert Dingle) belə açıqlayır:

“Riyaziyyatın dilində, biz doğrular qədər yalanlar da söyləyə bilərik. Eləcə də, riyaziyyatın sərhədləri çərçivəsində, bunların birini digərindən ayırmaq şansı yoxdur. Bunu təcrübə və ya riyaziyyatdan savayı, bir fikirlə edə bilərik; riyazi həllə onun fiziki qarşılığı arasındakı mümkün əlaqəni nəzərdən keçirərək”.(6)

Bir sözlə, riyaziyyatda mücərrəd, nəzəri olaraq alınan bir nəticə, bunun həqiqi bir qarşılığının olmasını tələb etmir. Məhz Hokinq riyaziyyatın bu mücərrəd xüsusiyyətindən istifadə edir və heç bir həqiqətə cavab verməyən fərziyyələr ortaya çıxardır. Bəs onun bu səyinin səbəbi nə ola bilər? Cavabı öz sözlərində tapmaq mümkündür. Hokinq, böyük partlayışa alternativ olaraq irəli sürülən kainat modellərinin, çox vaxt böyük partlayışın “İlahi yaradılışı xatırlatmasında görə” ortaya atıldığını qəbul edir.(7)

Bütün bunlar göstərir ki, böyük partlayışa alternativ kimi irəli sürülən; stasionar kainat nəzəriyyəsi, kainatın dövri və kvant modelləri, eləcə də, Hokinq modeli kimi axtarışlar, həqiqətdə yalnız materialistlərin fəlsəfi ön mühakimələrindən qaynaqlanır. Elmi tapıntılar açıq şəkildə böyük partlayışın doğru olduğunu və “yoxluqdan yaranma” demək olduğunu göstərir. Həmçinin kainatın yoxdan yaradılması, Allah tərəfindən yaradılmış olduğunun qəti göstəricisidir, lakin materialistlər bunu qəbul edə bilməzlər.

Böyük partlayışa verilən bu materialist reaksiyanın bir nümunəsi, materialist elm jurnallarının ən məşhurlarından biri olan “Nature”nin redaktoru Con Meddoksun (John Maddox) 1989-cu ildə yazdığı bir məqalədə ifadə edilmişdir. Meddoks (Maddox), “məhv olsun böyük partlayış” (“down with the big bang”) başlığıyla yazdığı məqalədə; “böyük partlayışın fəlsəfi cəhətdən qəbul edilə bilməz olduğunu”, çünki “böyük partlayışla birlikdə teoloqların yaradılış fikrinə güclü dəstək tapdıqlarını” bildirmiş və “böyük partlayış nəzəriyyəsinin  önümüzdəki on il ərzində yox olacağı” proqnozunu vermişdir.(8) Halbuki Meddoksun (Maddox) bu ümid dolu gözləntisinə baxmayaraq, böyük partlayış nəzəriyyəsi o gündən indiyədək keçən 10 il müddətində olduqca güclənmiş və kainatın yaradılışını sübut edən daha bir çox tapıntı əldə edilmişdir.

Bəzi materialistlər isə, bu mövzuda bir az daha “sağlam fikirli”dirlər. Məsələn, ingilis materialist fiziki H.P. Lipson, yaradılışın elmi həqiqət olduğunu “istəmədən də olsa” belə qəbul edir:

“Məncə, bu nöqtədən daha da irəli getmək və tək qəbul edilə bilən izahın yaradılış olduğunu təsdiqləmək məcburiyyətindəyik. Bunun, mən də daxil olmaqla əksər fizik üçün, olduqca xoşagəlməz olduğunu bilirəm, lakin təcrübi dəlillər bir nəzəriyyəni dəstəkləyirsə, bu nəzəriyyəni sırf xoşlamadığımız üçün rədd etməməliyik”.(9)

Nəticədə bu gün elmin gəldiyi həqiqət budur: Maddə və zamanı yaradan, hər ikisindən də asılı olmayan, sonsuz güc sahibi Allahdır.

 

1) William Lane Craig, Cosmos and Creator, Origins & Design, yaz 1996, vol. 17, səh. 19

2) William Lane Craig, Cosmos and Creator, Origins & Design, yaz 1996, vol. 17, səh. 19

3) William Lane Craig, Cosmos and Creator, Origins & Design, yaz 1996, vol. 17, səh. 20

4) Christopher Isham, “Space, Time and Quantum Cosmology”, paper presented at the conference “God, Time and Modern Physics”, mart 1990, Origins & Design, yaz 1996, vol. 17, səh. 27

5) R. Brout, Ph. Spindel, “Black Holes Dispute”, Nature, vol 337, 1989, səh. 216

6) Herbert Dingle, Science at the Crossroads, London: Martin Brian & O’Keefe, 1972, səh. 31-32

7) Stephen Hawking, A Brief History of Time, New York: Bantam Books, 1988, səh. 46

8) John Maddox, “Down with the Big Bang”, Nature, vol. 340, 1989, səh. 378

9) H. P. Lipson, “A Physicist Looks at Evolution”, Physics Bulletin, vol. 138, 1980, səh. 138

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma