Divarların arxasında həbs olunmaq


escape-from-new-yorkCon Karpenterin “Nyu-Yorkdan Qaçış” (Escape from New York) filmi 1981-ci ildə ekranlara çıxanda böyük səs gətirmişdi. Film Manhetten adasında 15 metr hündürlüyündə hasarlarla çevrilən qaranlıq gələcəkdə baş verirdi. Divarlar arxasına həbs olunmuş insanların həyat mübarizəsi tamaşaçılarda qorxu və dəhşət yaratmışdı. Adadan kənardakı insanlar rahat yaşayarkən içindəkilər aclığa, səfalətə və ölümə məhkum edilmişdi. Divarlar isə bu çarəsizlikdən qaçışın olmadığını təmsil edirdi.

Açıq hava həbsxanaları 1980-ci illərin insanları üçün qorxunc bir gələcəyin xəbərçisi idi . Bunlar ancaq qorxu filmlərində yer alan qaranlıq gələcəkdə baş verəcək utopik cəzalar idi. Lakin divarlar təkcə 35 il ərzində dünyanın hər tərəfində sanki gündəlik həyatın bir parçası halına gəldi. Bu gün 65 ölkədə insanlar hündür divarlarla bir-birindən ayrılmış vəziyyətdədir. Karpenterin xəyali divarları ilə 2017-ci ilin həqiqi divarları arasında mühüm fərq var. 21-ci əsrin insanları divarların arxasına günahkarların əvəzinə əsasən günahsızları qoyur. 2017-ci ilin divarları məhkumlar üçün cəza üsulu olmaqdan çıxıb. İnsanların eybəcərliklərlə üzləşməsinə mane olan mərkəzlər halına gəlib.

Bu gün ABŞ-Meksika, Hindistan-Banqladeş sərhədlərinə divarlar hörülüb. İordan çayının qərb sahili və Qəzzadakı fələstinlilərlə Avropadakı yüz minlərlə qaçqın divarlarla əhatələnmiş şəkildə yaşayır. Qərbi Səhrada, Əlcəzairdə, Mərakeşdə ucsuz-bucaqsız səhralar divarlarla bir-birindən ayrılır. Belfast, San-Paulu, Xüms şəhərləri divarlarla ikiyə ayrılıb. Hər ölkənin öz təhlükəsizliyini qorumaq istəməsi, əlbəttə, təbiidir. Ancaq bunlar nəticə verməyəcək tədbirlərdir. Divarlar aclığın və səfalətin qarşısını ala bilməz. Radikalizmi və zorakılığı dayandıra bilməz. Müharibələrə mane ola bilməz. Çarəsiz qaçqınların önünə sədd çəkə bilməz.

Ən hündür divarlarla əhatə edilsək belə, pislik yox olmayacaq. Çarəsiz insanlar hörülən divarlarla daha böyük tənhalığa çəkiləcək. Bu ruh halı ilə bərabər gələn nifrət və sevgisizlik əsəbi və gərgin yeni nəslin yetişməsinə səbəb olacaq. Bu vəziyyət radikalizmə gətirib çıxaracaq, bəzi təbəqələr həll yolunu şiddətdə axtaracaq.

Dünya Fələstin qaçqın düşərgələri təcrübəsini 70 ildir ki, yaşayır. Sadə əhali mübadiləsi ilə həll edilə biləcək Fələstin problemi Ərəb-İsrail müharibəsi halına gəlib. 3 böyük müharibə baş vermiş və bu müharibələr Yaxın Şərqi qana bulayan bir çox ideologiyanın əsasını təşkil etmişdir. Bu gün bu düşərgələrdə 3 nəsil fələstinli yaşayır. FKÖ, Həmas, İslami Cihad, Əbu Nidal, əl-Əqsa Şəhidləri Briqadası, Fələstin Xalq Qurtuluş Ordusu və daha neçə-neçə təşkilat bu düşərgələrdə yaranıb inkişaf edib. Silahlarla əhatələnmış qaçqın düşərgələri daha çox zorakılığa səbəb olub.

Divarlardan kənardakı insanlar adətən saxta təhlükəsizlik hissi ilə yaşayır. Çünki ideologiyalarını durdura biləcək hündürlükdə divar hörmək mümkün deyil. Divar arxasında alçaldılan, təcrid edilən insanların bir qisminin radikalizmə üz tutmaları daha asan olur. Radikalizmə qarşı alınmalı tədbir isə yeni divarlar inşa etmək yox, radikalizmin əsassızlığını elmi dəlilləri ilə ortaya qoymaq, mədəni-ictimai işlər görməkdir.

Miqrantlar təhlükəsizliyə qovuşa bilmək üçün minlərlə kilometrlik təhlükəli dəniz səyahətini gözə alırlar. Böyük-kiçik demədən qayıqlarla Avropa sahillərinə çatmağa çalışırlar. Bu ölümcül çarəsizliyi bir neçə metrlik divarların dayandırması mümkün deyil. Qaçqınların faciəsinin həll yolu divar hörmək deyil. Milyonlarla insanın yurdlarını tərk etməsinə səbəb olan problemlərlə elmi mübarizə aparılmalıdır. Dünyanın bir qismi acından ölərkən, digər qismi israf etməməlidir. Dünyamız 7 milyard insana yetəcək sərvətlərə malikdir. Vicdanlı və səmimi insanlara düşən imkanlarını düzgün və ədalətli şəkildə bölüşməkdir. Aclıq, səfalət, yoxsulluq, zorakılıq dünyanın ortaq problemidir. İnsan övladı ortaq vicdanla mübarizə aparmaq məcburiyyətindədir. Bu problemləri divarların arxasına həbs etməyə çalışmağın dəvəquşunun başını quma basdırmasından fərqi yoxdur. Əgər ideoloji həll yolu seçilməsə, pislik varlığını davam etdirməyə davam edəcək.

Bu gün dünyada 66 milyon insan yurdundan ayrılmaq məcburiyyətində qalıb. Böyük əksəriyyəti ölümdən qaçan qadınlar, uşaqlar, gənclər, qoca məzlumlardır. Canlarından başqa itirəcək heç nələri qalmayıb. Bu məzlum insanlar bizlərdən qapılarımızı açmağımızı, yardım əlimizi uzatmağımızı və çarəsizliklərinə çarə olmağımızı gözləyirlər. Qaçqın problemi bəşəriyyətin görməzdən gələcəyi, ya da divarlar arxasında gizlədə biləcəyi məsələ deyil. Geniş miqyaslı yardım səfərbərliyi başlatmaq lazımdır.

Bəşəriyyət 300 il ərzində köləlik eyibini yaşayıb. Cənubi Amerika, Afrika, Avstraliya, cənubi-şərqi Asiya müstəmləkəçilərin ambisiyaları ilə talanmışdır. Zülm 20-ci əsrdə dünya müharibələri ilə davam etmiş və 200 milyona yaxın insan bir neçə on ildə məhv edilmişdir. Bu gün almanlar nasistlərin, ingilislər müstəmləkəçi rəhbərlərinin, Amerika cəmiyyəti hinduları məhv edən atalarının, ispanlar bir neçə sandıq qızıl üçün İnka və Maya mədəniyyətlərini ortadan qaldıran əsgərlərinin, ruslar milyonlarla insanı aclıqdan ölümə tərk edən kommunistlərin utancını içlərində yaşayır. Gələcək nəsillər tərəfindən günahsızları divarlar arxasında ölümə tərk edənlər olaraq xatırlanmaq isə bu günün insanı üçün çox böyük utanc olacaq.

http://www.gulf-times.com/story/526236/Trapped-behind-the-walls

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma