Afrikada yeni koloniyalaşma dalğası və torpaq soyğunçuluğu


 

afrikaAfrika 2000-ci illərin əvvəllərindən başlayaraq mərhələli şəkildə davam edən yeni koloniyalaşma dalğasının içinə düşdü. Nəhəng qitənin bu günə qədər insan resurslarının, işçi qüvvəsinin, təbii ehtiyatlarının, neftinin müstəmləkəçi güclər tərəfindən istismar edildiyi azmış kimi, bu dəfə də ən dəyərli və yararları torpaqları bir-bir əlindən çıxmağa başladı.

Xüsusilə ötən 10 il ərzində Səhra-altı Afrika adlanan bölgədəki ərazilərin xarici investorlara dövr edilməsi əməliyyatı artan sürətlə davam etdi. Bu günə qədər regionda təxminən 40 milyon hektar ərazi beynəlxalq investorlar tərəfindən alındı və ya icarəyə götürüldü.

Məsələ ilə bağlı son bir neçə ildir ki, mediada, “Afrikanın 2-ci talanı”, “Afrikaya ərazi hücumu”, “Yeni koloniyaçılar” və s. başlıqları tez-tez yer alır. Təkcə bir hind firmasının Efiopiyada 300 min hektar ərazi aldığı, Madaqaskarın əkinə yayarlı torpaqlarının az qala yarısının Cənubi Koreya firmasına pulsuz verildiyi, Tanzaniyanın Serengetisində Dubay kral ailəsinə 150 min hektar safari ərazisi verildiyi, Liberiya ərazisinin dörddə birinin xarici firmalara kənd təsərrüfatı ərazisi üçün məxfi tender edildiyinə dair xəbərlər daim qarşımıza çıxır.

Burada fəaliyyət göstərən bəzi imperialist qüvvələr qətliamın adını “sülh hərəkatı”, işğalın adını “demokratiya ixracı” qoyaraq fəaliyyətlərinə davam edirlər. Afrika ərazilərinin talan edilməsi, “aclıq və qıtlıq probleminin həlli”, “yerli əhalinin işlə təmin edilməsi”, “Afrikanı inkişaf etdirəcək investisiyalar” kimi görünüşdə xoş niyyətli, insanpərvər şüarlar altında sürətlə davam edir. Torpaqların ələ keçirilməsinin ardındakı bir çox hiyləgər təhlükə isə insanlardan gizlədilir.

Nobel Sülh Mükafatı sahibi və Yaşıl Nəsil Hərəkatının banisi keniyalı yazar və aktivist Wangari Maathai “The Challenge for Africa” kitabında bu təhlükələrdən hərtərəfli bəhs edir. Bunlardan əsaslarını qısaca qeyd edək:

– Afrika dövlətləri ilə xarici investorlar arasında bağlanan müqavilələr adətən ölkə rəhbərliklərinə siyasi təzyiq və rüşvət yolu ilə yeridilir. Bu səbəbdən, müqavilələr əsasən xarici sərmayəçinin maraqlarını qoruyur və şəffaf deyil. Ölkənin maraqlarını, yerli xalqın hüquqlarını, ətraf mühit, qida təhlükəsizliyi kimi məsələləri nəzərə almır.

– Milyonlarla hektar ərazilər çox ucuz qiymətlərə alınır, ya da 50-100 illik icarəyə götürülür. Hətta bəzi ərazilər bölgəni inkişaf etdirmək bəhanəsi ilə pulsuz alınır. Bu satışlardan ölkələr və torpaqların əsl sahibi olan yerli xalqlar zərər gördüyü halda, xarici investorlar maksimum mənfəət əldə edir.

– Əkinə yararlı torpaqların xaricilərə satılması və icarəyə verilməsi ilə əhalisinin 70%-in əsas gəlir mənbəyi kənd təsərrüfatı olan yerli xalqın istifadə etdiyi kiçik ərazilər də əllərindən çıxır. Yerli kənd təsərrüfatı, yerli istehsal yox edilir. Bunun nəticəsində xarici firmalar inkişaf edir, yerli xalqın yoxsulluq səviyyəsi gündən-günə artır.

-Yerli xalqın dolanması və qida ehtiyacı üçün kənd təsərrüfatı torpaqları, şumlanmış, əkilmiş əraziləri xarici investorların təşviqi ilə palma, sorqum, yatropa kimi sənaye və bioloji yanacaq məqsədli məhsulların əkilməsi üçün ayrılır. Bu vəziyyət isə ərzaq probleminin daha da artmasına yol açır.

– Mövcud su ehtiyatları bu nəhəng kənd təsərrüfatı sahələrinin suvarılmasına ayrıldığından yerli əhali üçün həm içməli, həm suvarma baxımından böyük su problemi mövcuddur.

-Ağacların kəsilməsi və ya yandırılması yolu ilə geniş ərazilərin kənd təsərrüfatı məqsədi ilə istifadə edilməsi səhralaşmaya yol açır. Canlı növlərinin, su ehtiyatlarının, otlaqların, təsərrüfat sahələrinin böyük hissəsini məhv edir. Ani qıtlıqların təkrarlanmasına səbəb olur. Ətraf mühitin sağlamlığını təhdid edir. Hava temperaturunu və iqlim şəraitini dəyişdirir.

– Xarici investorlarla yerli əhali arasında müntəzəm olaraq bu bərabərsizlik uçurumunun arası açılır. Tək tərəfli mənfəət və açıq-aşkar istismar sistemi iki təbəqə arasında münaqişə, gərginlik və çəkişmələrin getdikcə şiddətlənməsinə yol açır. [i]

İstismar təfəkküründən xilas ola bilməmiş bəzi xarici investorların tamahkarlığı Afrika rəhbərliyində yüksək həddə çatmış korrupsiya və dağılma ilə birləşdikdə əzilən yenə də məzlum Afrika insanı olur. Xarici investorlara veriləcək nəhəng əkin sahələrinə yer açmaq üçün bir çox icma əcdadlarının yaşadığı torpaqlardan kütləvi şəkildə çıxarılır. Bu məcburi təxliyələr milyonlarla kiçik fermeri evsiz və ac qoyur.

“The Guardian” qəzetində “World Bank and UN carbon offset scheme complicit in genocidal land grabs – NGOS” başlıqlı məqalənin müəllifi dr. Nafeez Əhməd bu dəhşətli mənzərəni “Afrikanın cənubunun yeni ənənəvi müstəmləkələşdirilməsi”, “ərazi talançılığı ilə yerli xalqın torpaqlarından soyqırım formasında təxliyəsi” ifadələri ilə təsvir edir.

Bir çox qeyri-hökumət və ictimai təşkilat, akademik mühit, BMT təşkilatları saysız-hesabsız hesabat, araşdırma və məqalə ilə bu problemi həll etməyə çalışırlar. Müqavilələrin beynəlxalq standartlara, ədalət prinsiplərinə uyğun şəkildə hazırlanması, investorların öhdəliklərinin artırılması, müqavilələrdə yerli xalqın maraqlarının qorunması, insan hüquqlarının gözlənilməsi, satılan-icarəyə götürülən ərazilərin qanunlarla məhdudlaşması kimi bir çox məsələlər barədə təkliflər verir, layihələr təqdim edirlər.

Halbuki bütün bu səylər kağız üstündə qalmaqdan o tərəfə gedə bilmir. Çünki imperialist qüvvələrin qitəni tərk edərkən siyasi mexanizmlər üzərində qurduqları kilidləmə sistemi bu layihələrin həyata keçməsinin daha əvvəldən qarşısını alır. Bu ədalətsiz istismar və zülm sistemi yalnız Afrikaya xas da deyil. Başda Yaxın Şərq və İslam dünyası olmaqla bütün dünyanı əhatə edib.

Bu halda həll yolu da səthi və regional deyil, köklü və dünya miqyasında olmalıdır. İnsanların şəxsi mənafe və maraqları, qorxuları, narahatlıqları artıq bir kənara qoyaraq haqq, ədalət, bərabərlik, azadlıq, sevgi və qardaşlıq prinsipləri ətrafında birləşib hər cür zülm və istismar sisteminə qarşı bütün bəşəriyyət üçün ideoloji mübarizə aparmaq vaxtı gəlib. Ancaq ilk əvvəl insanları bu istiqamətdə maarifləndirəcək, təşviq edəcək və yol göstərəcək yüksək ağıl, şüur, əxlaq, şəxsiyyət və vicdan sahibi liderlər ortaya çıxmalıdır.

[i] “TheChallengeforAfrica“, WangariMaathi, AnchorBooks, 1st. edt. March 2010

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma