BMT-nin Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı var


 

bmt

Qlobal sülh və təhlükəsizliyi təmin etmək, müharibələrin qarşısını almaq missiyasını qarşısına məqsəd qoyan BMT son dövrdə böyük tənqidlərə məruz qalır. Tənqidlərin mərkəzində Suriya böhranı başda olmaqla, qurumun müharibələr, böhranlar və münaqişələr qarşısında təsirsiz və uğursuz fəaliyyəti ilə nəzdindəki Təhlükəsizlik Şurasının daimi üzvlərinin imtiyazlı statusu dayanır.

Ötən ilin mart ayında 21 yardım təşkilatı BMT-ni tamamilə uğursuz olmada təqsirləndirmişdi. Amnesty İnternational təşkilatının baş katibi Salil Shetty də 21-ci əsrin ən böyük insanlıq sınaqlarından biri kimi təsvir etdiyi miqrant böhranında təşkilatın uğursuz olduğunu çox ağır formada tənqid etmişdi.

2015-ci ilin sentyabr ayında 70-cisi keçirilən BMT-nin Baş Assambleya görüşləri də bu cür tənqidlərə səhnə oldu. Təhlükəsizlik Şurası qarşısında Baş Assambleyanın səlahiyyətlərinin artırılması və daimi üzvlərin veto hüquqlarının məhdudlaşdırılması istiqamətində islahat tələbləri də gündəmdə idi.

Məlum olduğu kimi, II Dünya Müharibəsində qələbə çalan dövlətlər BMT-nin yaradılmasına təşəbbüs göstərmiş, özlərini də bu təşkilatın ən kritik icra orqanı olan Təhlükəsizlik Şurasında daimi üzv olmaq və veto qoymaq səlahiyyəti verdilər. ABŞ, İngiltərə, Fransa, Rusiya və Çindən ibarət olan bu daimi üzvlərdən birinin veto qoyduğu bir qərarın Şuradan keçməsi mümkün deyil. BMT-nin digər orqanları tərəfindən qəbul edilən qərarlar yalnız tövsiyə xarakterli olduğu halda, Təhlükəsizlik Şurasının qərarları bütün üzv ölkələr üçün müəyyən edici gücə sahibdir.

Ümumbəşəri ədalət və bərabərlik prinsipləri, beynəlxalq hüquqla heç bir cəhətdən uyğun gəlməyən bu imtiyazlı vəziyyət BMT ilə bağlı ən böyük problemdir. BMT-nin bəzi müstəsna hallar istisna olmaqla, dünya sülh və təhlükəsizliyini təmin etmək, böhranların qarşısını almaq məsələsindəki çatışmazlığının əsasında duran səbəb də bu problemdir.

Belə ki, BMT Əlcəzair Müstəqillik Müharibəsi (1954-62), Qvatemala çevrilişi (1954), Süveyş böhranı (1956), Macarıstanın işğalı (1956), Vyetnam Müharibəsi (1946-75), Çin-Vyetnam Müharibəsi (1979), Əfqanıstanın işğalı (1979-88), Panamanın işğalı (1989), İraqın işğalı (2003), Gürcüstan Müharibəsi (2008), Krımın işğalı və (2014) hazırda gedən Suriya (2012- …) və Yəmən Müharibəsi (2015- ….) kimi saysız-hesabsız problem, müharibə, münaqişə, təcavüz və işğal qarşısında heç bir addım ata bilmədi. Ərəb-İsrail müharibələri, Qəzza-Fələstin problemi, Afrikadakı münaqişələr, Sarayevo qətliamı, Myanma və Şərqi Türküstandakı müsəlmanların on illərdir məruz qaldığı zülm, işgəncə və soyqırımlar qarşısında BMT bütün bu olanları sanki görmədi.

Maraqlı olan isə daimi üzvlərin xarici siyasətləri ilə üst-üstə düşən hallarda BMT-nin çox qısa zamanda qərarlar qəbul etməsi idi. Misirdə baş verən çevrilişə reaksiya verməyən Təhlükəsizlik Şurası 2004-cü ildə Haitidə oxşar çevriliş baş verdikdə dərhal 1529 saylı çevriliş edənlərə müdaxilə qərarını qüvvəyə mindirdi. BMT Suriyada baş verən vəhşiliyi seyr edərkən, Fransanın neft hasilatının böyük hissəsinə pay iddia edəcəyi Liviyada Qəddafi rejiminin devrilməsi üçün təcili müdaxilə qərarı verdi. Eyni təşkilat Paris hücumlarından dərhal sonra Suriyanın daha geniş miqyaslı bombalanması məsələsində bütün dünya dövlətlərinə dəvətnamə verən qərarı yenə ildırım sürəti ilə qəbul etdi.

1990-cı ildə İraqın neftlə zəngin Küveyti işğalı və oxşar bir çox hadisədə BMT görünməmiş sürətlə hərəkətə keçməyi və lazımi təşəbbüs göstərməyi bacardı. Amma 1997-ci ildə yoxsul və kifayət qədər resurslara malik olmayan ruandalıları qorumada eyni sürət və uğuru nümayiş etdirə bilmədi.

Nümunələri çoxaltmaq mümkündür.

Ən qəribə olan isə rəsmi olaraq dünyanın sülh, təhlükəsizlik və rahatlığını təmin etmək və qorumaq missiyasını üzərinə götürmüş Təhlükəsizlik Şurasının 5 daimi üzvünün də dünyada silah istehsalı və satışının 65%-dən çoxunu həyata keçirən ölkələr olmasıdır. Hətta bu nisbətin 35%-i təkcə ABŞ-ın payına düşür.

BMT kimi bir qurumun təbii ki, həqiqi missiyasına sadiq qaldığı və bunu sağlam şəkildə həyata keçirə bildiyi müddətcə bütün dünyanın sülh və təhlükəsizliyi, beynəlxalq münaqişələrin həlli üçün çox əhəmiyyətli təşkilat olduğu açıqdır. Ancaq hal-hazırda olduğu kimi, təkcə Təhlükəsizlik Şurasının daimi üzvlərinin təşəbbüsünə həvalə edilmiş bir sistemin daima uğursuz olacağı da tarixi həqiqətdir.

Bu səbəbdən BMT-ni nəzəriyyədə dünya millətlərini təmsil edən, əslində isə yalnız elit üzvlərin qlobal maraqlarını legallaşdıran bir mexanizm olmaqdan çıxarmaq lazımdır. Dolayısilə Təhlükəsizlik Şurasının strukturu ilə bağlı təcili islahatlara ehtiyac var. Şuraya daimi üzvlük və veto hüququ kimi beynəlxalq hüquq və ədalət meyarlarına, dövlətlərin bərabərliyi prinsipinə əsaslanmayan imtiyazların ləğvi bu islahatların mərkəzində olmalıdır. Şuranın şəffaflaşması və öz daxilində mühakimə yolunun açıq olması da şərtdir.

Ən önəmlisi bu günə qədər BMT-nin qəbul etdiyi qətnamələrin demək olar ki, yarısının müsəlman və Yaxın Şərq dövlətləri barəsində olmasına baxmayaraq, 1.7 milyard müsəlmanın təcrid olunduğu və ya ədalətli şəkildə təmsil edilmədiyi Təhlükəsizlik Şurasının qanuni və təsirli olmayacağı bilinməlidir.

Əlbəttə, bu vəziyyətdən əsl dərs çıxarmalı olan isə İslam dünyasıdır. Müsəlmanlar öz aralarında ittifaq olmadıqları müddətcə, başqa birliklərdən öz hüquqlarını və mənafelərini qorumasını, özləri üçün ədalət təmin etməsini gözləməyə davam edəcəklər. İslam aləminin bunun necə böyük bir səhv olduğunu artıq fərqinə varması və bu istiqamətdə addımlar atması lazımdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma