Yer kürəsinin həyat üçün ən zəruri şərtləri əvvəla, temperaturu və atmosferidir. Mavi planet, canlıların, xüsusilə də bizim kimi olduqca mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatur səviyyəsinə və tənəffüs edə biləcəyi atmosferə malikdir. Lakin bu iki amil də bir-birindən olduqca fərqli amillərin hər biri üçün ideal qiymətlərin müəyyənləşdirilməsi sayəsində mümkün olmuşdur.

Bunlardan biri Yerin Günəşə olan uzaqlığıdır. Əlbəttə ki, Yer Günəşə Venera qədər yaxın və ya Yupiter qədər uzaq olsaydı yaşamağa imkan verəcək temperatur səviyyəsinə sahib ola bilməzdi. Karbon əsaslı üzvi molekullar, bir qədər əvvəl ifadə etdiyimiz kimi, 120 ⁰C ilə -20 ⁰C arasında tərəddüd edən temperatur intervalında meydana gələ bilər. Günəş sistemində bu temperatur səviyyəsinə sahib olan yeganə planet isə Yer kürəsidir.
Bütün kainat nəzərə alındıqda isə həyat üçün lazım olan bu temperatur intervalının, əslində, əldə olunması çox çətin interval olduğunu görərik. Çünki kainatdakı temperatur göstəriciləri ən isti ulduzlardakı milyardlarla dərəcəlik böyük temperatur göstəricilərindən “mütləq sıfır” nöqtəsi olan -273,15 ⁰C-yə qədər olan temperatur intervalında dəyişə bilir. Bu çox böyük temperatur intervalında karbon əsaslı həyatın yaranmasına imkan verən temperatur intervalı isə çox kiçik intervalda yerləşir. Lakin Yer kürəsi, tam bu temperatur intervalına malikdir.
Amerikalı geoloqlar Frank Press və Raymond Siver də Yer səthinin temperaturuna diqqət çəkirlər. Bildirdiklərinə görə: “həyat yalnız çox məhdud temperatur intervalında mövcud ola bilər… Eləcə də, bu temperatur intervalı Günəşin temperaturu ilə mütləq sıfır temperaturu arasında ola biləcək temperaturların təxminən 1%-lik hissəsini təşkil edir. Yer kürəsinin temperaturu, tam bu kiçik intervaldadır”.57
Bu temperatur intervalının qorunub saxlanılması, əlbəttə ki, Günəş ilə Yer kürəsi arasındakı məsafə qədər Günəşin yaydığı istilik enerjisi ilə də yaxından əlaqəlidir. Hesablamalara görə, Yerə çatan Günəş enerjisindəki 10%-lik azalma, yer səthinin metrlərlə qalınlıqda buzlaq təbəqəsi ilə örtülməsiylə nəticələnəcək. Enerjinin bir qədər artması isə bütün canlıların qovrularaq ölməsinə səbəb olacaq.
Yer kürəsinin ideal temperaturunun, planetdə balanslı şəkildə paylanması da olduqca əhəmiyyətlidir. Necə ki, bu tarazlığın təmin edilməsi üçün çox xüsusi bəzi tədbirlər alınmışdır.
![]() |
Dünya’nın Güneş’e olan uzaklığı, kendi etrafındaki dönüş hızı, ekseninin eğimi, yeryüzü şekilleri gibi birbirinden bağımsız pek çok etken, gezegenin yaşama uygun bir biçimde ısınmasını ve ısının gezegene dengeli bir biçimde yayılmasını sağlar. |
Məsələn, Yerin xəyali oxunun orbit müstəvisinə olan 23⁰27′-lik meyilliyi qütblərlə ekvator arasında hava təbəqəsinin əmələ gəlməsinə maneə törədəcək normadan artıq istilik yaranmasının qarşısını alar. Əgər bu meyillik olmasaydı, qütblərlə ekvator arasındakı temperatur fərqi olduqca artacaq və yaşana biləcək hava təbəqəsinin yaranması qeyri-mümkün olacaqdı.
Yerin öz ətrafında yüksək fırlanma sürəti də temperaturun balanslı şəkildə paylanmasına kömək edir. Yer yalnız 24 saatlıq müddətdə öz ətrafında fırlanır və bu sayədə gecələr və gündüzlər qısa davam edir. Qısa davam etdikləri üçün də gecə ilə gündüz arasındakı temperatur fərqi çox azdır. Bu tarazlığın əhəmiyyəti bir günü bir ildən daha uzun davam edən və buna görə gecə-gündüz arasındakı temperatur fərqi 1000 ⁰C-yə çatan Merkuri ilə müqayisə edildikdə görülə bilər.
Yerin relyef formaları da temperaturun balanslı şəkildə paylanmasına kömək edir. Ekvatorla qütblər arasında təxminən 100 ⁰C-lik temperatur fərqi var. Əgər belə bir temperatur fərqi elə də kələ-kötür olmayan bir səthdə yaransaydı, sürəti saatda 1000 km-ə çatan fırtınalar yer səthini alt-üst edərdi. Halbuki yer səthi, temperatur fərqindən ötrü yarana biləcək güclü küləklərinin qarşısını alacaq kələ-kötürlüklərlə təchiz olunub. Bu kələ-kötürlüklər, misal üçün, Alp-Himalay dağ qurşağı, Çində Himalay dağlarıyla başlayıb, Anadoluda Tavr (Toros) dağları ilə davam edərək Avropada Alp dağlarına qədər uzanır və qərbdə Atlantik okeanına, şərqdə isə Sakit okeana qədər gedib çıxır. Okeanlarda isə ekvator üzərində yaranan yüksək temperatur suyun istiliyi mütənasib şəkildə paylaması sayəsində şimala və cənuba doğru ötürülər.
Eləcə də, Yer kürəsinin atmosferində temperaturu fasiləsiz şəkildə tarazlayan bəzi avtomatik sistemlər də var. Məsələn, bir bölgə həddən artıq isindikdə buxarlanma prosesi sürətlənir və buludlar çoxalır. Bu buludlar isə Günəşdən gələn şüaların bir hissəsini əks etdirərək aşağıdakı havanın və səthin daha çox isinməsinə mane olur.
Yerin Kütləsi və Maqnit Sahəsi
Yerin Günəşə olan məsafəsi, fırlanma sürəti və ya relyef formaları qədər böyüklüyü də əhəmiyyətlidir. Planetimizi kütləsinin ancaq 8%-i qədər kütləyə malik Merkuri və ya kütləsindən 318 misli qədər böyük kütləyə malik Yupiterlə müqayisə etdiyimiz vaxt planetlərin çox müxtəlif böyüklükdə ola biləcəklərini görərik. Bəs görəsən bu qədər müxtəlif ölçülü planetlər arasında planetimizin böyüklüyü təsadüfənmi təyin edilib?
Xeyr! Yer kürəsinin xüsusiyyətlərini araşdırdığımızda, üzərində yaşadığımız bu planetin tam lazımi böyüklükdə olduğunu görərik. Amerikalı geoloqlar Frank Press və Raymond Siver Yer kürəsinin bu cəhətdən “uyğunluğu” haqqında bu məlumatları verirlər:“Yer kürəsinin böyüklüyü tam lazımi həddədir. Əgər daha kiçik olsaydı, cazibə qüvvəsi çox zəifləyəcək və atmosferi öz ətrafında tutub saxlaya bilməyəcəkdi, daha böyük oduğu halda, bu dəfə də cazibə qüvvəsi çox güclənəcək və bəzi zəhərli qazları da tutub saxlayaraq atmosferi öldürücü hala gətirəcəkdi…”58
Yerin kütləsi ilə yanaşı, daxili quruluşu da həyat üçün xüsusi quruluşa malikdir. Bu daxili quruluşdakı təbəqələr sayəsində Yer müəyyən maqnit sahəsinə malikdir və bu maqnit sahəsi həyatın qorunub saxlanması üçün çox əhəmiyyətlidir. Press və Siver bu mövzunu belə açıqlayırlar:“Yer kürəsinin nüvəsi isə çox böyük həssaslıqla tarazlanmış və radioaktivlik vasitəsilə qidalanan istilik mühərrikidir… Əgər bu mühərrik daha yavaş işləsəydi qitələr indiki strukturlarına sahib olmazdılar… Dəmir heç vaxt əriməz və mərkəzdəki maye nüvəyə enməzdi və beləliklə də, Yerin maqnit sahəsi heç vaxt əmələ gəlməzdi… Əgər Yer kürəsinin daha çox radioaktiv yanacağı olsaydı və dolayısilə daha sürətli istilik mühərrikinə sahib olsaydı, vulkanik buludlar Günəşi örtəcək qədər qalın olar, atmosfer həddən artıq dərəcədə sıxlaşar və Yer səthi də demək olar ki, hər gün vulkanik partlayışlar və zəlzələlərlə sarsılardı”.59
Frank Press və Siverin bəhs etdikləri maqnit sahə həyatımız üçün böyük əhəmiyyətə malikdir. Bu maqnit sahə yuxarıda bildirildiyi kimi, Yerin nüvəsinin quruluşundan qaynaqlanır. Nüvənin tərkibində dəmir və nikel kimi maqnit xüsusiyyətə malik ağır elementlər var. Daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-birinin ətrafında hərəkət edir. Bu hərəkət ağır metallar üzərində bir növ maqnitləşmə təsiri yaradaraq maqnit sahəsini əmələ gətirir. Atmosferdən xeyli kənaradək uzanan bu sahə sayəsində Yer kürəsi kosmosdan gələn təhlükələrdən qorunar. Günəşdən başqa digər ulduzlardan gələn öldürücü kosmik şüalar Yer kürəsinin ətrafındakı bu qoruyucu qalxandan keçə bilmirlər. Xüsusilə də, Yer kürəsinin on minlərlə kilometr uzaqlıqda maqnit halqalar meydana gətirən Van Allen radiasiya qurşaqları Yer kürəsini bu öldürücü enerjidən qoruyur.
Bəhs olunan plazma buludlarının bəzi hallarda Xirosimaya atılan kimi 100 milyard atom bombasına bərabər olduğu hesablanmışdır. Eynilə kosmik şüalar da çox şiddətli ola bilərlər. Lakin Yerin maqnit sahəsi bütün bu öldürücü şüaların yalnız 0,1%-nin keçməsinə imkan verir və qalan 0.001%-lik şüalar da atmosfer tərəfindən udulur. Bu maqnit sahəsini yaratmaq üçün istifadə edilən elektrik enerjisi bir milyard amperlik cərəyan şiddətidir ki, bu da, insanların bütün tarix boyu istehsal etdiyi ümumi elektrik enerjisinə yaxındır.
Əgər Yer kürəsinin bu maqnit qalxanı olmasa Yer üzündəki həyat tez-tez öldürücü şüalarla məhv ediləcək, bəlkə də, heç vaxt mövcud olmayacaqdı. Lakin Pres və Siverin ifadə etdiyi kimi, Yer kürəsinin nüvəsi tam lazımi vəziyyətdə olduğu üçün Yer bu şəkildə qorunur.
Digər bir sözlə, səmada, Qurandakı: “göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər” (Ənbiya surəsi, 32) ayəsiylə bildirildiyi kimi həyatın davam edə bilməsi üçün qurulmuş özünəməxsus qoruyucu qalxan var.
57.F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4
58. F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4
59. F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4