Əsil ədaləti Allah Quranda belə təsvir edir: insanlar arasında heç bir ayrı-seçkilik etmədən ədalətlə hökm vermək, insanların hüquqlarını qorumaq, zülmə səssiz qalmamaq, zalıma qarşı məzlumun tərəfində olmaq, ehtiyac içində olanlara yardım etmək. Bu ədalət bir qərar vermək lazım olduqda hər iki tərəfin də hüququnu qorumağı, hadisələri hərtərəfli dəyərləndirməyi, ön mühakiməsiz düşünməyi, bitərəflik, haqq, dürüstlük, mərhəmət və şəfqət tələb edir. Bunlardan biri əksik olduqda və ya üstün gəldikdə əsl ədaləti tətbiq etmək çətinləşir. Məsələn, hadisələri soyuqqanlılıqla dəyərləndirməyən, həyəcanlı və hisslərinə qapılan insan düzgün qərar verə bilməz, hisslərinin təsiri altında qalar.
Halbuki ədalətlə hökm verən insan bütün şəxsi hiss və düşüncələrini bir kənara qoymalı, ondan yardım istəyən hər iki tərəfə qarşı ədalətlə davranmağı, hər cür şərtlər altında doğru olmağı, dürüstlükdən əl çəkməməyi Quran əxlaqı ölçüsündə özünə meyar etməlidir. Bu şəxs elə əxlaqda olmalıdır ki, öz mənfəətindən əvvəl qarşı tərəfi düşünməli, özünə zərər gəlsə belə, əgər qarşı tərəf haqlıdırsa, ədalətli olmalıdır.