Atmosferin uyğunluğu


Yer kürəsi indiyə qədər araşdırdığımız kimi, həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyub saxlayan xüsusi qalxanlara malikdir. Lakin bu şərtlər Yer üzündə həyatın mövcud olması üçün kifayət etmir. Çox mühüm olan digər bir şərt atmosferin quruluşudur.

Əvvəlki səhifələrdə də toxunduğumuz kimi, elmi-fantastik filmlər bəzən insanları yanlış istiqamətləndirirlər. Bunun bir nümunəsi bu filmlərdə tez-tez rast gəlinən “asan atmosfer uyğunluğu”dur. Kosmik gəmi ilə uzaq bir planetə yaxınlaşan insanlar planetə enmədən əvvəl atmosferinin tənəffüs üçün əlverişli olub-olmadığına baxarlar. Çox vaxt da, tənəffüs üçün əlverişli bir atmosfer çıxar. Bu ssenarilər bəşər oğlunun asanlıqla və təsadüfən əlverişli atmosferlər tapa biləcəyi təəssüratını vermək məqsədini daşıyır. Halbuki Yer kürəsinin atmosferi, həyat üçün zəruri olan olduqca xüsusi şərtləri bir yerə toplayaraq yaradılmış fövqəladə qarışıqdır.

Yer kürəsinin atmosferi 77% azot, 21% oksigen, 1% karbon və arqon, eləcə də, digər qazların qarışığından ibarətdir. Əvvəlcə bu qazların ən əhəmiyyətlisi olan oksigenlə başlayaq. Oksigen çox əhəmiyyətlidir, çünki insan kimi kompleks bədənlərə sahib canlıların enerji əldə etmək üçün, istifadə etdikləri əksər kimyəvi reaksiya oksigen sayəsində baş verər. Karbon birləşmələri oksigenlə reaksiyaya girirlər. Reaksiya nəticəsində su, karbon qazı və enerji alınır. Hüceyrələrimizdə istifadə etdiyimiz ATF (adenozintrifosfat) adlandırılan enerji paketləri bu reaksiya nəticəsində meydana gələrlər. Məhz biz də bundan ötrü daim oksigenə ehtiyac duyarıq və bu ehtiyacı ödəmək üçün tənəffüs edərik.

İşin maraqlı tərəfi tənəffüs etdiyimiz havadakı oksigen miqdarının olduqca həssas tarazlıqlar üzərində müəyyənləşdirilmiş olmasıdır. Maykl Denton bu mövzuda bunları yazır:

“Atmosferimiz, tərkibində daha çox oksigen saxlaya bilər və buna baxmayaraq, həyatın mövcud olmasına imkan verərdimi? Xeyr! Oksigen çox reaktiv bir elementdir. Hal-hazırda atmosferdə olan oksigenin miqdarı, yəni 21%, həyatın təhlükəsizliyi üçün keçilməməli hüdudların tam ideal nöqtəsindədir. 21%-lik göstəricinin üzərinə əlavə olunan hər 1%-lik oksigen miqdarı bir ildırımın meşə yanğını başlatma ehtimalını 70% artırar”.60

İngilis biokimyaçı Ceyms Lavlok isə eyni mövzu barədə belə yazır:

“Oksigenin miqdarı 25%-dən artıq olsaydı hal-hazırda istifadə olunan bitki mənşəli qidaların çox az hissəsi, bütün tropik meşələri və arktika tundralarını yox edəcək nəhəng yanğınlardan qoruna bilərdi… Atmosferdəki hazırkı oksigen miqdarı, təhlükənin və faydanın çox yaxşı şəkildə tarazlandığı səviyyədədir”.61

Atmosferdəki oksigen miqdarının sabit qalması da, mükəmməl bir “geri çevrilmə” sistemi sayəsində baş verər. Heyvanlar həmişə oksigendən istifadə edər və özləri üçün zəhərli karbon qazı buraxarlar. Bitkilər isə bu əməliyyatın tam əksini həyata keçirər və karbon qazını həyat mənbəyi olan oksigenə çevirərək həyatın davam etməsini təmin edərlər. Hər gün bitkilər tərəfindən milyardlarla ton oksigen bu yolla istehsal edilərək atmosferə buraxılar.

Əgər bu iki canlı qrupu yəni bitkilər və heyvanlar eyni reaksiyanı gerçəkləşdirsəydilər Yer kürəsi çox qısa müddətdə yaşanılmaz bir planetə çevrilərdi. Məsələn, həm heyvanlar, həm də bitkilər oksigen meydana gətirsəydilər atmosfer qısa müddətdə “yanıcı” xüsusiyyət qazanar və ən kiçik bir qığılcım nəhəng yanğınlar törədərdi. Sonunda isə Yer kürəsi nəhəng “balon partlayışı” nəticəsində yanaraq qovrulardı. Eləcə də, həm bitkilər, həm də heyvanlar karbon qazı meydana gətirsəydilər, bu dəfə də, atmosferdəki oksigen sürətlə tükənər və bir müddət sonra canlılar nəfəs almalarına baxmayaraq, “boğularaq” kütləvi halda ölməyə üz tutardılar.

Lakin canlılar arasındakı tarazlıq elə mükəmməl yaradılmışdır ki, atmosferdəki oksigen miqdarı həmişə canlılar arasında ən ideal miqdarda olaraq, Lavlokun ifadəsiylə: “təhlükənin və faydanın çox yaxşı şəkildə tarazlandığı səviyyədə” qalır.

Atmosferin çox yaxşı şəkildə tarazlaşdırılmış digər bir cəhəti isə onun, tənəffüs etməyimizə imkan verən ideal sıxlığıdır.

Atmosfer Və Nəfəs

Həyatımızın hər dəqiqəsində nəfəs alarıq. Həmişə ciyərlərimizə hava çəkər və tezliklə həmin havanı geri verərik. Bunu o qədər çox edərik ki, “normal” bir əməliyyat olduğunu düşünərik. Halbuki, əslində, nəfəs almaq çox mürəkkəb əməliyyatdır.

Bədən sistemimiz elə tənzimlənmişdir ki, nəfəs alarkən bu işi düşünməyimizə ehtiyac qalmaz. Yeriyərkən, qaçarkən, kitab oxuyarkən hətta yatarkən, bədənimiz həmişə nə qədər nəfəs almalı olduğumuzu hesablayar və ciyərlərimizi bunun əsasında işlədər. Nəfəs almağa bu qədər çox ehtiyac duymağımızın səbəbi, bədənimizdə hər saniyə baş verən milyardlarla fərqli əməliyyatın həmişə oksigen sayəsində baş verən reaksiyalardan əldə etməsidir.

Hal-hazırda bu yazını oxuya bilməyiniz gözünüzün torlu qişa təbəqəsindəki milyonlarla hüceyrənin fasiləsiz şəkildə oksigenlə qidalanması sayəsində mümkün olur. Əgər qanınızdakı oksigen miqdarı azalsa “gözünüz qaralar”. Bunun kimi, bədəndəki bütün əzələlərin, bu əzələləri təşkil edən hüceyrələrin hamısı karbon birləşmələrini “yandıraraq”, yəni oksigenlə reaksiyaya daxil edərək enerji əldə edər. Bu enerji əldə edildikdə isə ortaya bədəndən kənarlaşdırılmalı olan karbon çıxar.

Məhz bunun üçün nəfəs alarıq. Havanı içimizə çəkdiyimiz vaxt, ağ ciyərlərimizdə olan təxminən 300 milyon kiçik kisəciyə oksigen dolar. Bu kisəciklərin divarlarını əhatə edən kapilyar damarlar dərhal bu oksigeni çəkər və əvvəlcə ürəyə, sonra isə bədənin hər yerinə daşıyarlar. Kapilyar damarlar oksigeni içəri alarkən, eyni anda tullantı maddəsi olan karbon qazını buraxarlar. Yarım saniyə davam etməyən bu əməliyyat sayəsində içimizə çəkdiyimiz təmiz (oksigenli) havanı çölə çirkli (karbon qazlı) hava olaraq verərik.

Ağciyərlərimizdə niyə 300 milyon kisəcik olduğunu düşünə bilərsiniz. Bundakı məqsəd ağciyərlərin hava ilə təmas edən sahəsini maksimuma həddə çatdırmaqdır. Kisəciklər sayəsində sıxışdırılmış bu sahə, əslində, o qədər böyükdür ki, əgər bu sahəni ağciyərin içindən çıxardıb düz bir səthə yaysaq bir tennis meydançası qədər yer tutar.

Burada bir nöqtəyə diqqət yetirək: ağciyərlərdəki kisəciklərin və dolayısilə bu kisəciklərə gedən kanalların bu qədər dar olması oksigen sorulmasını artırmaq üçün yaradılmış möhtəşəm bir strukturdur. Lakin bu struktur digər bir şərtin təmin olunmasından asılıdır: havanın sıxlığının, axıcılığının və təzyiqinin bu qədər dar kanallar içində asanlıqla hərəkət edə biləcək ölçülərdə olmasından.

Havanın təzyiqi 760 mm civə sütunudur. Sıxlığı, dəniz səviyyəsində hər litrdə təxminən bir qrama yaxındır. Dəniz səthindəki qatılıq isə suyun əlli misli qədər çoxdur. Əhəmiyyətsiz rəqəm hesab edə biləcəyimiz bu qiymətlər, əslində, həyatımız üçün çox kritikdir. Çünki, “tənəffüs edən canlıların mövcud ola bilməsi üçün, atmosferin ümumi xarakteristik xüsusiyyətləri (sıxlığı, axıcılığı, təzyiqi və s.) hazırkı qiymətlərə xeyli yaxın olmalıdır”.62

Atmosferin ədədi qiymətləri yalnız bizim tənəffüsümüz üçün deyil mavi planetin “mavi” kimi qalması üçün də əhəmiyyətlidir. Əgər atmosfer təzyiqi hazırkı qiymətindən beşdə bir qədər belə azalsa, dənizlərdəki buxarlanma miqdarı çox yüksələcək və atmosferdə çox yüksək səviyyəyə çatacaq su buxarı bütün Yer kürəsi üzərində “parnik effekti” yaradaraq planetin temperaturunu həddən artıq yüksəldəcək. Əgər atmosfer təzyiqi hazırkı qiymətindən bir qat daha artıq olsa, bu dəfə, atmosferdəki su buxarı miqdarı böyük ölçüdə azalacaq və quru səthinin demək olar ki, hamısı səhralaşacaq.

Bütün bu tarazlıqlar, Yer kürəsinin digər xüsusiyyətləri kimi atmosferinin də insan həyatı üçün xüsusi olaraq yaradıldığını göstərir. Elmin göstərdiyi bu həqiqət bizə kainatın nəzarətsiz maddə yığını olmadığını bir daha sübut edir. Əlbəttə ki, bütün kainata hakim olan, maddəni istədiyi kimi şəkilləndirən, qalaktikaları, ulduzları və planetləri qüdrəti altında saxlayan bir Yaradıcı var.

Bu üstün Yaradıcı Quranda bizə öyrətmiş olduğu kimi bütün kainatın Rəbbi olan Allahdır.

Üzərində yaşadığımız mavi planet isə Allah tərəfindən bizim həyatımız üçün xüsusi olaraq nizamlanmış və Quranda bildirildiyi kimi, Yer insan üçün “döşənmişdir” (Naziat surəsi, 30). Allahın Yeri insan üçün yaratdığını bildirən bəzi digər ayələr isə belədir:

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər Ucadır! (Mümin surəsi, 64)

Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər tərəfində gəzin və Allahın ruzisindən yeyin. Qayıdış da Onadır. (Mülk surəsi, 15)

Tarazlıqlar Siyahısı

Buraya qədər qeyd etdiklərimiz Yer kürəsindəki həyat üçün lazımi tarazlıqların yalnız bir hissəsidir. Yer kürəsini araşdırdığımız vaxt, demək olar ki, bitməyəcəkmiş kimi görünən olduqca uzun “həyat üçün lazımi tarazlıqlar” siyahısını yarada bilərik. Məsələn, Amerikalı astronom Hyu Ross Yerin həyat üçün əlverişliliyi ilə əlaqədar bəzi maddələri belə sadalayır:

Yerin cazibə qüvvəsi:

  • Əgər daha güclü olsaydı: Yerin atmosferi xeyli ammonyak və metan toplayar, bu da həyat üçün çox əlverişsiz olardı.
  • Yox əgər daha zəif olsaydı: Yerin atmosferi çox su itirər və həyat mümkün olmazdı.

Günəşə olan məsafə:

  • Əgər daha çox olsaydı: planet çox soyuyar, atmosferdəki su dövranı bundan mənfi təsirlənər və planet buzlaşma dövrünə daxil olardı.
  • Yox əgər daha yaxın olsaydı: planet qovrular, atmosferdəki su dövranı bundan mənfi təsirlənər və həyat qeyri-mümkün olardı.

Yer qabığının qalınlığı:

  • Əgər daha qalın olsaydı: atmosferdən yer qabığına daha çox oksigen ötürülərdi.
  • Yox əgər daha nazik olsaydı: həyatın yaranmasını qeyri-mümkün edəcək qədər çox sayda vulkanik fəaliyyət baş verərdi.

Yerin öz ətrafındakı fırlanma sürəti:

  • Əgər daha yavaş olsaydı: gecə-gündüz arasındakı temperatur fərqi çox böyük olardı.
  • Yox əgər daha sürətli olsaydı: atmosfer küləkləri olduqca böyük sürətə çatar, qasırğalar və tufanlar həyatın yaranmasını qeyri-mümkün edərdi.

Ay ilə Yer arasındakı cazibə qüvvəsi təsiri:

  • Əgər daha çox olsaydı: ayın güclü cazibə qüvvəsinin, hava şəraiti, Yerin öz oxu ətrafında fırlanma sürəti və okeanlardakı qabarma-çəkilmələr üzərində çox kəskin təsirləri olardı.
  • Əgər daha az olsaydı: kəskin iqlim dəyişikliklərinə səbəb olardı.

Yer kürəsinin maqnit sahəsi:

  • Əgər daha güclü olsaydı: çox sərt elektromaqnit fırtınalar baş verərdi.
  • Yəx əgər daha zəif olsaydı: Yer Günəş küləyi adlanan və Günəşdən atılan zərərli hissəciklərdən qoruna bilməzdi. Hər iki halda da həyat qeyri-mümkün olardı.

Albedo təsiri (yer səthindən əks olunan Günəş şüasının, yer səthinə çatan Günəş şüasına olan nisbəti)

  • Əgər daha çox olsaydı: tezliklə buzlaşma dövrü başlayardı.
  • Yox əgər daha az olsaydı: parnik effekti Yerin həddən artıq isinməsinə səbəb olar, Yer kürəsi əvvəlcə buzlaqlar əriməsiylə sular altında qalar, sonra isə qovrulardı.

Atmosferdəki oksigen və azot miqdarı:

  • Əgər daha çox olsaydı: həyati funksiyalar mənfi şəkildə sürətlənərdi.
  • Yox əgər daha az olsaydı: həyati funksiyalar mənfi şəkildə yavaşlayardı.

Atmosferdəki karbon və su miqdarı:

  • Əgər daha çox olsaydı: atmosfer çox isinərdi.
  • Yox əgər daha az olsaydı: atmosferin temperaturu azalardı.

Ozon təbəqəsinin qalınlığı:

  • Əgər daha çox olsaydı: Yer səthinin temperaturu çox azalardı.
  • Yox əgər daha az olsaydı: Yer səthi həddən artıq isinər, Günəşdən gələn zərərli ultarbənövşəyi şüalardan qoruna bilməzdi.

Seysmik (zəlzələ) hərəkətlər:

  • Əgər daha çox olsaydı: canlılar sürəki olaraq məhv olardı.
  • Əgər daha az olsaydı: okeanların dibindəki qidalar suya qarışmaz və bu da okeanlar və dənizlərdəki həyata, dolayısilə dünyadakı bütün canlılara mənfi təsir edərdi.64

Burada qeyd olunanlar dünyada həyatın mövcudluğu və davam edə bilməsi üçün lazım olan olduqca həssas tarazlıqlardan yalnız bir neçəsidir. Təkcə burada qeyd olunanlar belə, kainatın və Yerin təsadüflər nəticəsində təsadüfi hadisələrin ardıcıl baş verməsiylə meydana gələ bilməyəcəyini qəti şəkildə göstərmək üçün kifayətdir.

Bütün bu məlumatlar, açıq-aydın bir həqiqəti bir daha təsdiq edən mahiyyətdədir: bütün kainatı, ulduzları, planetləri, dağları və dənizləri mükəmməl şəkildə yaradan, insana və bütün canlılara həyat verən, hər şeyi yoxdan yaratmağa qadir olan, yaratdıqlarını insanın xidmətinə verən, sonsuz güc və qüdrət sahibi olan Allahdır. Allahın bu mükəmməl yaratması bəzi Quran ayələrində belə bildirilir:

Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu, onun qübbəsini yüksəltdi və ona müəyyən nizam verdi, gecəsini qaranlıq edib, səhərini də nurlandırdı. Sonra yeri döşəyib, onda su və otlaq yaratdı, dağları da yerə bərkitdi. Bunlar sizin və heyvanlarınızın faydalanmasından ötrüdür. (Naziat surəsi, 27-33)

Bir şərh yazın