Suyun Mükəmməl Quruluşu


Yer səthinin böyük hissəsi su ilə örtülmüşdür. Okeanlar və dənizlər yer səthinin dörddə üç hissəsini təşkil edirlər. Eləcə də, quruda da bir çox göl və çay var. Yüksək dağların zirvələrini örtən qar isə suyun donmuş halıdır. Yerdəki suyun mühüm hissəsi də səmadadır, belə ki, buludların hər birində minlərlə, bəzən milyonlarla ton su olur. Bu suların bir hissəsi isə hərdənbir damlalar halında yer stəhinə enər, yəni yağışa çevrilər. Hazırda tənəffüs etdiyimiz havada da, mütləq müəyyən miqdarda su buxarı var.

Bir sözlə, “yer səthinin harasına baxsaq orada su görərik” deyə bilərik. Lakin bundan daha da irəli gedə bilər və “hazırda içində olduğumuz otaqda belə, təxminən 40-50 litrlik su kütləsi var” deyə bilərik. Görəsən bu su kütləsini görə bilirsinizmi? Bir qədər diqqət yetirsəniz görəcəksiniz. Gözünüzü bu sətirlərdən ayırıb, əllərinizə, qollarınıza, ayaqlarınıza, bədəninizə baxmağınız kifayət edəcək. Çünki bu 40-50 litrlik su kütləsi sizsiniz!

Bu su kütləsi sizsiniz, çünki insan bədəninin təxminən 70%-i sudan ibarətdir. Hüceyrələrinizdə digər hər şeydən daha artıq miqdarda su var. Bədəninizin hər yerində dövr edən qanın yenə çox böyük hissəsi sudan ibarətdir. Sırf siz və digər insanlar deyil, bütün canlıların bədənlərinin böyük hissəsi sudan ibarətdir. Susuz həyatın ola bilməsi qeyri-mümkün görünür.

Su istənilən fiziki və kimyəvi xüsusiyyəti ilə həyat üçün yaradılmış xüsusi bir maddədir.

Suyun Uyğunluğu

Tanınmış biokimyaçı A.E. Nidehem (A.E. Needham) “Bioloji materialların özünəməxsusluğu” (“The Uniqueness of Biological Materials”) adlı kitabında həyatın yaranması üçün mütləq maye maddələrin mövcudluğunun zəruri olduğundan danışır. Əgər kainatın qanunları yalnız maddənin bərk və qaz halına imkan vermiş olsa həyat heç vaxt mövcud ola bilməyəcək. Çünki qatı maddələrdə atomlar çox sıx yerləşib hərəkətsizdirlər və canlı orqanizmlərin həyata keçirmək məcburiyyətində olduqları dinamik molekulyar əməliyyatlara qətiyyən icazə verməzlər. Qazlarda isə atomlar qətiyyən sabit dayanmadan sərbəst halda hərəkət edirlər və belə bir strukturda canlı orqanizmlərin mürəkkəb mexanizmlərinin işləməsi qeyri-mümkündür.

Bir sözlə, həyat üçün lazımi əməliyyatların reallaşdırılması üçün maye mühitin varlığı zəruridir. Mayelərin ən idealı (daha doğrusu yeganə ideal olanı) isə sudur.

Suyun həyat üçün fövqəladə dərəcədə əlverişli xüsusiyyətlərə malik olduğu lap qədimdən elm adamlarının diqqətini çəkmişdir. Bu mövzudakı ilk geniş miqyaslı fəaliyyət isə ingilis təbiətşünası Uilyam Uelin (William Whewell) 1832-ci ildə dərc olunan “Təbiət teologiyası əsasında astronomiya və ümumi fizika” (“Astronomy and General Physics Considered with Reference to Natural Theology”) adlı kitabı oldu. Uel xüsusilə suyun termal (istiliklə əlaqəli) xüsusiyyətlərini araşdırdı və suyun ümumi təbiət qanunlarına zidd kimi görünən bəzi termal xüsusiyyətlərinin, bu maddənin həyat üçün xüsusi olaraq yaradıldığına dəlil hesab edilməli olduğunu bildirdi.

Suyun həyat üçün əlverişliliyi haqqındakı ən əhatəli şərhlər isə Uelin kitabının dərc olunmasından təxminən bir əsr sonra Harvard Universitetinin biokimya bölməsindən professor Lourens Hendersondan gəldi. Henderson sonradan bəzilərinə görə: “20-ci əsrin ilk rübünün ən mühüm elmi əsəri” sayılacaq “Ətraf mühitin əlverişliliyi” (“The Fitness of The Environment”) adlı kitabında suya çox böyük yer ayırdı. Henderson kitabında Yerin təbii mühiti haqqında bu nəticəyə gəlirdi:“Ətraf mühit əsas xüsusiyyətləriylə (yəni canlıları əmələ gətirən müxtəlif kimyəvi və fiziki-kimyəvi əməliyyatlarla hidrosferin fiziki və kimyəvi xüsusiyyətləri cəhətdən) həyat üçün mümkün ola biləcək ən əlverişli mühitdir”77

Suyun Fövqəladə Termal Xüsusiyyətləri

Hendersonın kitabında üzərində dayanılan mövzulardan biri suyun termal (istiliklə əlaqəli) xüsusiyyətləridir. Henderson suyun termal xüsusiyyətlərinin beş müxtəlif cəhətdən çox qəribə olduğuna diqqət çəkir. Bunlar sıra etibarilə belədir:

  1. Məlum olan bütün maddələr temperaturları azaldıqca sıxılırlar. Məlum olan bütün mayelər də yenə temperaturları azaldıqca sıxılır, həcmləri azalar. Həcm azaldıqca sıxlıq artar və beləliklə də, soyuq hissələr daha da ağırlaşar. Buna görə də, maye maddələrin bərk halları maye halları ilə müqayisədə daha ağırdır. Lakin su məlum olan bütün mayelərin əksinə müəyyən temperatur səviyyəsinə (+4 ⁰C-yə) enənə qədər sıxılır, lakin sonra birdən-birə genişlənməyə başlayır. Donduğu vaxtsa, daha da genişlənir. Bundan ötrü də, suyun bərk halı maye halından daha yüngüldür. Yəni, buz əslində, “normal” fizika qanunlarına görə suyun dibinə batmalı olduğu halda, onun səthində üzər.
  2. Buz əridikdə və ya su buxarlandıqda ətrafdan istilik qəbul olunar. Bunun əksi baş verdikdə isə ətrafa istilik verilər. Bu “gizli istilik” kimi məlum olan məfhumdur.78 Bütün mayelərin gizli istilikləri var. Lakin suyun gizli istilik tutumu məlum olan bütün mayelərdən lap çox sayıla bilər. Normal temperatur şəraitində yalnız ammonyak sudan daha yüksək gizli kristallaşma istiliyinə malikdir. Gizli buxarlanma istiliyində isə heç bir maye su ilə rəqabət apara bilməz..
  3. Suyun “istilik tutumu”, yəni suyun istiliyini bir dərəcə artırmaq üçün lazım gələn istilik miqdarı məlum olan digər mayelərin çox böyük hissəsindən daha yüksəkdir.
  4. Suyun istilik keçiriciliyi, yəni istiliyi ötürmə qabiliyyəti məlum olan hər hansı mayedən ən az dörd dəfə daha yüksəkdir.
  5. Buzun və qarın istilik keçirmə qabiliyyətləri isə aşağıdır.

Müəyyən texniki fiziki xüsusiyyətlər kimi görünən yuxarıdakı beş bənddə sadalanan xüsusiyyətlərin hansı əhəmiyyətə malik olduğu diqqətinizi çəkə bilər. Bunlar çox böyük əhəmiyyətə malikdir, çünki yer üzündəki həyat və bizim həyatımız yuxarıdakı bu xüsusiyyətlərin tamamilə bu şəkildə olması sayəsində mümkündür.

İndi isə növbə ilə bu xüsusiyyətlərin təsirlərini araşdıraq.

Üstdən Donmanın Təsiri

Suyun yuxarıdakı birinci bənddə bəhs edilən xüsusiyyəti, Yer üzündəki dənizlər baxımından çox əhəmiyyətlidir. Əgər bu xüsusiyyət olmasa, yəni buz suyun üzərində üzməsə, Yer üzündəki suyun çox böyük hissəsi tamamilə donacaq, göllərdə və dənizlərdə həyat qətiyyən qalmayacaqdı.

Bu həqiqəti bir qədər ətraflı şəkildə araşdıraq. Dünyanın bir çox yerində soyuq qış günlərində temperatur 0 ⁰C-dən aşağı düşər. Bu soyuq, əlbəttə ki, dənizlərə və göllərə də təsir edər. Bu su kütlələri getdikcə soyuyarlar. Soyuyan təbəqələr dibə doğru enər, daha isti hissələr səthə çıxar, lakin bunlar da havanın təsiriylə soyuyar və yenə dibə doğru enər. Lakin bu tarazlıq temperatur 4 ⁰C-yə çatdıqda birdən dəyişər, bu dəfə temperatur hər azaldıqda, su genişlənməyə və yüngülləşməyə başlayar. Beləliklə də, 4 ⁰C-lik su ən altda qalar. Daha yuxarıda 3 ⁰C, onun üstündə 2 ⁰C temperatur mövcud olar və beləcə davam edər. Suyun səthinin temperaturu isə 0 ⁰C-yə enərək donar. Lakin təkcə səthi donmuşdur. Səthin altında qalan 4 ⁰C-lik bir su təbəqəsi, balıqların və digər su canlılarının həyatlarını davam etdirmələri üçün kifayətdir.

(Həmçinin suyun yuxarıdakı beşinci bənddə toxunduğumuz xüsusiyyəti də çox mühüm funksiya yerinə yetirir: Bu xüsusiyyət buzun və qarın istilik ötürmə qabiliyyətlərinin zəif olmasıdır. Yəni buz, havadakı soyuğu altındakı su təbəqəsinə çox az ötürərə. Beləliklə də, çöldəki hava -50 ⁰C olsa belə, dənizin üstündəki buz təbəqəsinin qalınlığı bir-iki metri keçməz. Suitləri, pinqvinlər və digər qütb heyvanları, bu sayədə dənizin üstündəki buzu dəlib altdakı suya çata bilərlər.)

Su, digər bütün mayelərin əksinə donduğu zaman genişlənir. Buna görə də buz suyun üstündə üzür.

Əgər belə olmasa, nə baş verərdi? Su “normal” davransaydı, digər bütün mayelər kimi, onun da istilik itkisinə paralel şəkildə sıxlığı artsaydı, yəni buz suyun dibinə batsaydı nə baş verərdi?

Belə olacağı təqdirdə okeanlar, dənizlər və göllərdə, donma prosesi altdan başlayacaqdı. Altdan başlayacaq donma prosesi, suyun səthində soyuğun qarşısını kəsəcək buz təbəqəsi olmadığı üçün, yuxarı doğru uzanmağa davam edəcəkdi. Beləliklə də, dünyadakı göllərin, dənizlərin və okeanların çox böyük hissəsi nəhəng buz kütləsinə çevriləcəkdi. Dənizlərin səthində yalnız bir neçə metrlik su təbəqəsi qalacaq və temperatur artsa belə, dibdəki buz əsla əriməyəcəkdi. Belə bir dünyanın dənizlərində heç bir canlı yaşaya bilməzdi. Dənizlərin ölü olduğu ekoloji sistemdə quru canlıları da mövcud ola bilməzdi. Bir sözlə, əgər su “normal” davransaydı, ölü bir planet olacaqdı.

Suyun niyə “normal” davranmadığı, yəni 4 ⁰C-yə qədər sıxıldıqdan sonra niyə birdən-birə genişlənməyə başladığı isə heç kimin cavablandıra bilmədiyi bir sualdır.

Suyun üstdən donma xüsusiyyəti sayəsində Dünyadakı dənizlər səthdə meydana gələn buz təbəqələrinə baxmayaraq, həmişə maye şəklində qalır. Əgər su bu “fövqaladə” xüsusiyyətə sahib olmasaydı, dənizlərin demək olar ki, hamısı daima donar və dəniz həyatı imkansız hala gələrdi.

Tərləyərək Soyuma

Yuxarıda suyun termik xüsusiyyətlərindən danışarkən sadaladığımız ikinci və üçüncü bəndlər, yəni suyun gizli istiliyinin və istilik tutumunun digər bütün mayelərdən yüksək olması da bizim üçün çox əhəmiyyətlidir. Bu xüsusiyyət əksər insanın nəyə yaradığını bilmədiyi çox mühüm bir bədən funksiyamızın əsas açarıdır. Bu funksiya, tərləmədir.

Həqiqətən də, tərləmənin faydası nədir?

Bunu araşdırmaq üçün mövzunu bir qədər daha başdan ələ almalıyıq. Bütün məməli canlılar demək olar ki, eyni bədən temperaturuna sahibdirlər. 35-40 ⁰C arasında dəyişən bu temperatur, insanlarda da normalda 37 ⁰C-ə yaxındır. Bu çox həssas temperaturdur və mütləq sabit saxlanılmalıdır. Bədən temperaturu bir neçə dərəcə endikdə donma təhlükəsi ilə üzləşirik. Bir neçə dərəcə qalxanda isə ciddi şəkildə gücdən düşürük. Bədən temperaturunun 40 ⁰C-dən yüksək olması isə ölüm təhlükəsi deməkdir.

Bir sözlə, bədənimizin temperaturu ancaq bir neçə dərəcə dəyişə biləcək qədər həssas tarazlığa malikdir.

Suyun termal xüsusiyyətləri bədəndə meydana gələn artıq istiliyi tərləmə yolu ilə xilas olmağımızı təmin edir.

Lakin bədənimizin bu nöqtədə mühüm bir problemi var: həmişə hərəkət edir. Maşınların işləmələri də daxil olmaqla, bütün fiziki hərəkətlər enerji istehsalı tələb edir. Enerji istehsalı da həmişə istilik yaradar. Üstəlik, bu istiliyi asanlıqla hiss edə bilərsiniz. Bu kitabı bir kənara qoyub qızmar Günəşin altında 10 kilometr qaçıb geri qayıtsanız bədəninizin isindiyini çox açıq şəkildə hiss edərsiniz.

Lakin əslində, yenə də çox isinməz.

İstiliyin vahidi kaloridir. Normal bir insan 10 kilometrlik yolu bir saat ərzində qaçdığı vaxt təxminən 1000 kalori istilik meydana gətirər. Əgər qaçış vaxtı bu istilik bədəndən kənarlaşdırılmasa qaçan insanın bədən temperaturu o qədər artacaq ki, qaçışçı hələ birinci kilometrdə komaya girəcək.

Məhz bu böyük təhlükənin qarşısı suyun sahib olduğu iki xüsusiyyət sayəsində alınır.

Bu xüsusiyyətlərin birincisi, suyun yüksək istilik tutumudur. Yəni suyun istiliyini artırmaq üçün çox yüksək kalori lazımdır. Bu sayədə, 70%-i sudan ibarət olan bədənimiz çox sürətli şəkildə isinməz. Məsələn, əgər bədənimiz əsasən spirtdən meydana gəlsəydi, bədən temperaturumuzu 10 ⁰C artıracaq bir hərəkət, bədən temperaturumuzu 20 ⁰C artıracaqdı. Digər maddələr daha da dəhşətlidir: duz 50 ⁰C, dəmir 100 ⁰C, qurğuşun isə 300 ⁰C-lik artımlar yaradacaqdı. Lakin suyun yüksək istilik tutumu, bizi bu cür böyük temperatur dəyişikliklərindən qoruyur.

Lakin başda da ifadə etdiyimiz kimi, 10 ⁰C-lik artım belə, insan üçün ölümcüldür. Bunu aradan qaldırmaq üçünsə suyun digər bir xüsusiyyəti, yəni yüksək gizli istiliyi fəaliyyətə keçər.

Bədən yaranan istilik qarşısında özünü sərinlətmək üçün tərləmə mexanizmindən istifadə edər. Tərləmə vaxtı dəriyə yayılan su sürətlə buxarlanar. Bu buxarlanma vaxtı isə gizli istiliyi çox yüksək olduğu üçün yüksək temperatura ehtiyac duyar. Bu temperaturu bədənimizdən alar alır və beləliklə də, bizi sərinlə. Bu soyutma o qədər effektlidir ki, bəzən üşüməyə belə səbəb ola bilər.

Bu sayədə, yuxarıda ələ aldığımız 10 kilometr qaçan insan, yalnız bir litr tərinin buxarlanması sayəsində, bədən temperaturunu 6 ⁰C aşağı salar. Nə qədər çox enerji sərf etsə bədən temperaturu bir o qədər artacaq, bunun müqabilində isə bir o qədər çox tərləyib soyuyacaq. Bədəndə bu mükəmməl termostat sisteminin olmasına imkan verən amillərin başında isə suyun termal xüsusiyyətləri gəlir. Başqa heç bir maye su kimi yaxşı tərlədə bilməz. Əgər su yerinə başqa bir mayedən, məsələn, spirtdən istifadə edilsə temperatur 6 ⁰C deyil yalnız 2,2 ⁰C enəcək. Ammonyak olduqda isə 3,6 ⁰C enəcək.

Hadisənin çox əhəmiyyətli digər bir tərəfi daha var. Əgər bədəndə yaranan istilik, səthə, yəni dəriyə ötürülə bilməsə, suyun bəhs etdiyimiz bu iki xüsusiyyəti və buna əsaslanan tərləmə sistemi yenə də bir işə yaramayacaq. Bundan ötrü də, bədənin quruluşu, istiliyi çox sürətlə ötürmə qabiliyyətinə sahib olmalıdır. Məhz bu məqamda suyun digər bir xüsusiyyəti fəaliyyətə keçər: su, məlum olan digər bütün mayelərin əksinə, çox yüksək istilik keçiriciliyinə, yəni istiliyi ötürmə qabiliyyətinə malikdir. Bu sayədə bədən yaranan yüksək istiliyi sürətlə dəriyə ötürər (hətta bunun üçün dəriyə yaxın olan qan damarları genişlənər və biz də buna görə isindiyimiz vaxt qızararıq). Əgər suyun istilik keçiriciliyi bir neçə qat qədər daha az olsa bədəndə yaranan istiliyin səthə ötürülmə prosesi çox yavaşlayacaq, bu da yenə məməlilər kimi mürəkkəb canlıların yaşamasını qeyri-mümkün edəcək.

Bütün bunlar suyun bir-birindən fərqli üç termal xüsusiyyətinin ortaq bir məqsədə, yəni insan kimi mürəkkəb canlıların sərinləşdirilməsinə xidmət etdiyini göstərir. Su bu iş üçün seçilmiş xüsusi mayedir.

Dənizlərdəki böyük su kütləsi Dünyanın temperaturunun tənzimlənməsini təmin edir. Bu səbəbdən dənizə yaxın bölgələrdə, xüsusilə, sahillərdə gecə ilə gündüz arasındakı temperatur fərqi çox azdır. Suya çox uzaq olan çöl bölgələrində isə gecə ilə gündüz arasındakı temperatur fərqi 40°C-yə qədər çıxa bilir.

Mülayim Dünya

Suyun, Hendersonun “Ətraf mühitin əlverişliliyi” adlı kitabında diqqət çəkilən beş fərqli termal xüsusiyyəti, eyni zamanda Yer kürəsinin mülayim və tarazlı iqlimə sahib olmasında da böyük rol oynayır.

Suyun gizli istiliyinin və istilik tutumunun digər mayelərlə müqayisədə çox yüksək olması dənizlərin qurudan daha gec isinib daha gec soyumalarını təmin edir. Bundan ötrü də, Yer kürəsində qurudakı temperatur fərqi ən isti yerlə ən soyuq yer arasında 140 ⁰C-yə qədər yüksəldiyi halda, dənizlərin temperatur fərqi ən çoxu 15-20 ⁰C arasında dəyişir. Eyni vəziyyət gecə-gündüz arasındakı temperatur fərqində də yaşanır. Quruda gecə ilə gündüz arasındakı fərq quru səthində 20-30 ⁰C-yə qədər yüksəldiyi halda, dənizlərdə ən çoxu bir neçə dərəcəlik temperatur fərqi yaranar. Sırf dənizlər deyil, atmosferdəki su buxarı da çox böyük tarazlıq yaradır. Gecə-gündüz arasındakı temperatur fərqinin su buxarının çox az olduğu səhralarda çox, dəniz iqlimi olan yerlərdə isə olduqca az olması bunun bir nəticəsidir.

Suyun bu özünəməxsus termal xüsusiyyətləri sayəsində qış ilə yay və ya gecə ilə gündüz arasındakı temperatur fərqi daim insanların və digər canlıların yaşaya biləcəyi həddə qalır. Yer üzündəki su miqdarı quru səthinə görə daha az olsaydı gecə-gündüz arasındakı temperatur fərqi çox yüksələcək, quru səthinin böyük hissəsi səhralaşacaq, həyat qeyri-mümkün olacaq və ya ən azından çox çətinləşəcəkdi. Yaxud suyun termal xüsusiyyətləri fərqli olsaydı yenə həyat üçün olduqca əlverişsiz bir planet meydana gələcəkdi.

Henderson suyun bütün bu termal xüsusiyyətlərini araşdırdıqdan sonra bu şərhi verir:“Ümumiləşdirmək lazımdırsa, suyun bu xüsusiyyəti üç istiqamətdən böyük əhəmiyyət daşıyır. Birinicisi, Yerin temperaturunu tənzimləməyir və tarazlayır. İkincisi, canlıların bədənlərinin istilik tarazlığının mükəmməl şəkildə qorunmasını təmin edir. Üçüncüsü isə meteoroloji siklləri dəstəkləyir. Bütün bu təsirlər, mümkün ola biləcək ən yüksək uyğunluqda baş verir və başqa heç bir maddə bu cəhətdən su ilə müqayisə edilə bilməz”.79

Yüksək Səthi Gərilmə

Suyun indiyə qədər nəzərdən keçirdiyimiz bütün xüsusiyyətləri, termal, yəni istiliklə əlaqədar xüsusiyyətlərdir. Lakin suyun digər bəzi mühüm fiziki xüsusiyyətləri də var və bunlar da həyat üçün yenə görünməmiş dərəcədə əlverişlidir.

Bu xüsusiyyətlərin biri suyun olduqca yüksək səthi gərilməyə malik olmasıdır. Səthi gərilmə, ensiklopedik mənbələrdə: “mayelərin səthinin gərilmiş bir pərdə kimi davranması xüsusiyyəti” olaraq təsvir edilir. Bunun səbəbi, mayeni təşkil edən molekulların bir-birlərini cəzb etmələridir.

Səthi gərilmənin nümunələrini ən çox suda görərik. Suyun səthi gərilmə potensialı çox yüksək olduğu üçün bəzi maraqlı fiziki hadisələr yaşanır. Məsələn, bir su qabı qabın yüksəkliyindən bir az daha yüksək su kütləsini daşırmadan daşıya bilər. Yaxud metal bir iynə suyun səthinə diqqətli şəkildə üfüqi vəziyyətdə qoyulduqda, batmadan üzə bilər.

Suyun səthi gərilməsi məlum digər mayelərin demək olar hamısından daha yüksəkdir və bunun çox mühüm bioloji təsirləri var. Suyun səthi gərilməsi, əsasən, bitkilər üçün çox vacibdir.

Bitkilərin, heç bir nasosları, əzələ sistemləri və s. olmadan, torpağın dərinliklərindəki suyu metrlərlə yuxarı daşıdıqları barədə düşündünüzmü? Bu sualın cavabı səthi gərilmədir. Bitkilərin köklərindəki və damarlarındakı kanallar, suyun səthi gərilməsindən faydalanacaq şəkildə yaradılıblar. Yuxarı doğru getdikcə daralan bu kanallar, suyun yuxarı doğru “sürətlənməsinə” səbəb olurlar.

Bu mükəmməl quruluşun yaranmasına imkan verən şey, bir qədər əvvəl ifadə etdiyimiz kimi, suyun yüksək səth gərilməsidir. Əgər suyun səthi gərilməsi digər mayelərin əskəriyyəti kimi aşağı səviyyədə olsa böyük quru bitkilərinin yaşaması fizioloji cəhətdən qeyri-mümkün olacaq. Yüksək səthi gərilmənin digər bir mühüm təsiri isə süxurların parçalanmasıdır. Su yüksək səth gərilməsindən ötrü süxurlardakı kiçik çatların ən dərinliklərinə qədər sızar. Daha sonra havalar soyuyar və sular donar. Donub buza çevrilən su fövqəladə təsir yaradıb genişləndiyi üçün süxurlara qüvvə tətbiq edər və zamanla onları parçalayar. Bu, süxurlardakı mineralların təbiətə qaytarılması və həmçinin torpaq meydana gəlməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Suyun Kimyəvi Xüsusiyyətləri

Suyun yüksək axıcılıq dəyəri bizim üçün həyati dərəcədə vacibdir. Əgər suyun axıcılıq dəyəri azacıq az olsaydı, qanın kapilyar damarlar yolu ilə daşınması imkansız olacaqdı. Məsələn, qaraciyərin şəkildə görünən kompleks damar şəbəkəsi heç bir zaman qurula bilməyəcəkdi.

Suyun bütün bu fiziki xüsusiyyətləri ilə yanaşı, kimyəvi xüsusiyyətləri də həyat üçün fövqəladə dərəcədə idealdır. Bu xüsusiyyətlərin başında suyun çox yaxşı həll edici olması gəlir. Demək olar ki, bütün kimyəvi maddələr, suyun içində münasib şəkildə həll olurlar.

Bunun həyat üçün çox mühüm təsiri, suda həll olan bir çox faydalı mineral və bənzəri kimyəvi maddələrin, çaylar vasitəsilə dənizlərə aparılmasıdır. Bu yolla dənizlərə, ildə 5 milyard ton kimyəvi maddə daşındığı hesablanmışdır. Bu maddələr, sudakı həyat üçün zəruridir.

Su, demək olar ki, məlum olan bütün kimyəvi reaksiyaları sürətləndirər (kataliz edər). Suyun digər bir kimyəvi xüsusiyyəti isə kimyəvi reaktivliyinin ideal səviyyədə olmasıdır. Su nə sulfat turşusu kimi həddən artıq reaktiv və bu dolayısilə parçalayıcı bir tərkib, nə də arqon kimi heç bir reaksiyaya girməyən durğun bir maddədir. Maykl Dentonun ifadə etdiyi kimi: “suyun reaksiyaya girmə səviyyəsi onun həm bioloji, həm də geoloji vəzifələri baxımından mümkün ola biləcək ən münasib qiymətdədir”.80

Suyun kimyəvi xüsusiyyətlərinin həyat üçün əlverişliliyi, su haqqında aparılan hər yeni araşdırma ilə bir qədər də təfərrüatlı şəkildə ortaya çıxır. Yel Universitetindən tanınmış biofizika professoru Harold Morovits bu mövzuda bu şərhi verir:

“Son illərdə suyun əvvələr bilinməyən bir xüsusiyyətinin məlum olmasına yaramış irəliləyişlər baş vermişdir. Bu xüsusiyyət (proton keçiriciliyi), təkcə suya məxsus bir xüsusiyyət kimi görünür və bioloji-enerji ötürülməsi ilə həyatın mənşəyi baxımından çox böyük əhəmiyyətə malikdir. Məlumatlarımız artdıqca təbiətin (həyat üçün) mükəmməl əlverişliliyinə olan heyranlığımız da artır”. 81

Suyun İdeal Axıcılıq Dəyəri

Maye deyildikdə gözümüzün qarşısında olduqca axıcı bir maddə canlanır. Halbuki, əslində, mayelərin axıcılıq qabiliyyətləri bir-birindən çox fərqli ola bilər. Məsələn, qatran, qliserin, zeytun yağı və sulfat turşusu arasındakı axıcılıq fərqləri çox yüksəkdir. Bu mayelər su ilə müqayisə edildikləri zaman isə ortaya olduqca böyük fərqlər çıxar. Çünki su qatrandan 10 milyard qat, qliserindən min qat, zeytun yağından yüz qat və sulfat turşusundan də 25 qat daha elastikdir.

Su yuxarıdakı müqayisədən də aydın olduğu kimi, çox yüksək axıcılıq qabiliyyətinə malikdir. Hətta efir və maye hidrogen kimi normal forması qaz olan maddələr bir kənara qoyulsa suyun bütün mayelər arasında axıcılıq qiyməti ən yüksək maddə olduğunu söyləyə bilərik.

Bəs görəsən suyun bu axıcılıq qiymətinin bizim üçün əhəmiyyəti vardırmı? Bu mühüm mayenin bir qədər daha az və ya çox axıcı olmasının bizim üçün fərqi varmı? Maykl Denton bu sualları belə cavablandırır:

“Əgər axıcılıq qabiliyyəti daha yüksək olsaydı, su, həyat üçün əlverişli əsas olmaq xüsusiyyətini tamam itirərdi. Məsələn, axıcılıq qabiliyyəti maye hidrogen qədər yüksək olsaydı canlıların strukturları dağıdıcı təsir qarşısında olduqca şiddətli təsirlərə məruz qalacaqdı… Həssas molekulyar strukturların su tərəfindən dəstəklənməsi mümkün olmayacaq, canlı hüceyrəsinin olduqca həssas olan quruluşu mövcudluğunu davam etdirə bilməyəcəkdi…”

Eləcə də, suyun axıcılıq qabiliyyəti bir qədər daha az olsaydı, (zülallar, fermentlər kimi) makro molekulların və xüsusilə mitoxondri kimi xüsusiləşmiş strukturlarla kiçik orqanoidlərin nəzarətli hərəkət etmələri qeyri-mümkün olacaqdı. Eynilə hüceyrə bölünməsi prosesi də, qeyri-mümkün olacaqdı. Hüceyrənin bütün mühüm fəaliyyətləri faktiki cəhətdən dayanacaq və bizim bildiyimizə bənzər bir hüceyrə həyatı qeyri-mümkün olacaqdı. Hüceyrələrin embriogenez (ana bətnindəki inkişaf) vaxtı hərəkət etmə və sürünmə qabiliyyətlərinə bağlı olan daha yüksək səviyyəli orqanizmlərin inkişafı isə suyun axıcılıq qabiliyyətinin çox az belə daha aşağı olması vəziyyətində, qətiyyən baş verməyəcəkdi.82

Suyun yüksək axıcılıq dəyəri bütün canlılar üçün məcburidir. Bitkilər də yarpaqda göründüyü kimi suyu çox incə kapilyar damarlarla daşıyırlar.

Suyun axıcılıq dəyəri təkcə hüceyrə daxilindəki hərəkətlər baxımından deyil, həmçinin qan dövranı sistemi baxımından da çox əhəmiyyətlidir.

Bir millimetrin dörddə bir hissəsindən daha böyük bir bədənə sahib olan bütün canlılar mərkəzi qan dövranı sisteminə sahibdirlər. Çünki bu böyüklükdən sonra, qidaların və oksigenin “diffuziya” yolu ilə, yəni birbaşa hüceyrə daxilindəki mayeyə buraxılıb alınaraq daşınması qeyri-mümkündür. Bədəndə çox sayda hüceyrə var və kənardan alınan havanın və enerjinin, hüceyrələrə bəzi “kanallar” yolu ilə vurulmalı, artıq maddələr isə bəzi başqa “kanallar” tərəfindən toplanmalıdır. Bu kanallar, damarlardır. Ürək isə bu damarlardakı axımı təmin edən nasosdur. Damarlarda axan şey isə “qan” olaraq tanıdığımız mayedir ki, həqiqətdə əsasən sudan ibarətdir (qandakı hüceyrə, zülal və hormonlar çıxarıldıqda geriyə qalan və “plazma” adlandırılan mayenin 95%-i sudur).

Məhz bundan ötrü də, suyun axıcılıq qabiliyyəti, qan dövranı sisteminin səmərəli fəaliyyəti baxımından çox əhəmiyyətlidir. Məsələn, əgər suyun axıcılıq qabiliyyəti qatranın axıcılıq qabiliyyətinə bənzər ölçüdə olsa əlbəttə ki, heç bir ürək bunu nəql edə bilməyəcək. Qatranınkından 100 milyon qat yüksək axıcılıq qiymətinə sahib zeytun bənzəri bir su belə, ürək tərəfindən vurulsa da, bədənin hər yerini əhatə edən milyardlarla kapilyar damara daxil ola bilməyəcək və ya çox çətinliklə axacaq.

Bu kapilyar damarlar məsələsini bir az daha yaxından müzakirə edək. Kapilyar damarların məqsədi bədənin bütün hissələrindəki hüceyrələrin hər birinə lazım olan oksigen, enerji, qida, hormon kimi maddələri daşımaqdır. Bir hüceyrənin bir kapilyar damardan faydalana bilməsi üçünsə, ondan ən çoxu 50 mikronluq məsafə qədər uzaqda olmalıdır (bir mikron, millimetrin mində bir hissəsidir). Daha uzaqda qalan hüceyrələr qidalanmayaraq öləcəklər.

Məhz bundan ötrü də, insan bədəni elə şəkildə yaradılmışdır ki, kapilyar damarlar bədənin hər yerini tor kimi bürüyər. Bədənimizdəki orta hesabla 5 milyard kapilyar damarın ümumi uzunluğu 950 km-ə çatır. Bəzi məməlilərdə, təkcə 1 sm2-lik əzələdə 3000 ədəd açıq kapilyar yerləşir. Əgər insan bədəninin ən kiçik kapilyarlarının 10 minini bir yerə toplasaq, ümumi qalınlıqları ancaq bir karandaşın ucu qədər olar. Bu kapilyarların diametri, 3-5 mikron arasında dəyişər. Bu, millimetrin mində üç və ya beş hissəsi deməkdir.

Lakin, əlbəttə ki, qanın bu qədər dar damarlar içində ilişib qalmadan və ağırlaşmadan hərəkət edə bilməsi suyun yüksək axıcılığı sayəsində mümkün olur. Maykl Denton bu axıcılıq qabiliyyətinin bir qədər belə az olacağı təqdirdə heç bir qan dövranı sisteminin işə yaramayacağını belə bildirir:

“Müəyyən kapilyar damar sistemi, ancaq kanallara vurulan mayenin yüksək axıcılıq qabiliyyətinə sahib olacağı təqdirdə çalışar. Yüksək axıcılıq qabiliyyəti çox əhəmiyyətlidir, çünki mayenin damardakı hərəkəti, mayenin axıcılıq qabiliyyəti ilə düz mütənasibdir… Buradan, suyun axıcılıq qabiliyyətinin təkcə bir neçə qat daha çox olacağı təqdirdə, kapilyar damarlarda qanın axması üçün, qanı çox böyük təzyiqlə vurmaq lazım gələcəyi və hər hansı kapilyar damar sisteminin işləməz vəziyyətə düşəcəyi açıq şəkildə görünür”.

Əgər suyun axıcılıq dəyəri bir qədər az olsa və ən kiçik kapilyar damarın diametri 3 mikron əvəzinə 10 mikron olmaq məcburiyyətində qalsa, bu kapilyar damarlar, kifayət qədər oksigen və qlükoza miqdarını çatdıra bilmək üçün (qidalandırmalı olduqları) əzələ toxumasının demək olar ki, hamısını əhatə edəcəklər. Aydındır ki, (bu vəziyyətdə) geniş həyat formalarının dizaynı qeyri-mümkün olacaq və ya fövqəladə dərəcədə məhdudlaşacaq.

Dolayısilə, suyun həyat üçün əlverişli əsas olması üçün, axıcılıq qabiliyyətinin hazırda sahib olduğu qiymətə olduqca yaxın olması zəruridir.83

Digər bir sözlə, suyun digər bütün xüsusiyyətləri kimi, axıcılığı da həyat üçün ola biləcək ən ideal qiymətdədir. Mayelərin axıcılıq dəyərləri arasında milyardlarla qat fərqlər var. Lakin su bu milyardlarla fərqli axıcılıq qiymətləri arasında tam olması lazım gələn qiymətlə yaradılmışdır.

Nəticə

Bu fəslin əvvəlindən bura qədər araşdırdığımız bütün məlumatlar suyun termal, kimyəvi və fiziki xüsusiyyətlərinin, eləcə də, axıcılıq dəyərinin həyat üçün tam olması lazım gələn şəkildə olduğunu göstərir. Su həyat üçün o qədər əlverişlidir ki, bəzən bu əlverişliliyi qorumaq naminə təbiət qanunları arasında istisnalıq təşkil edir. Məsələn, məlum olan bütün mayelərin əksinə, 4 ⁰C-dən sonra gözlənilməz şəkildə genişlənməyə başlayır və beləliklə də, buzun üzməsini təmin edir.

Su başqa heç bir maye ilə müqayisə edilə bilməyəcək qədər həyat üçün əlverişlidir. Üstəlik, Yer kimi digər bütün şərtləri (istiliyi, işığı, elektromaqnit sahəsi, atmosferi, səthi və s. ilə) həyat üçün əlverişli olan bir planetin böyük hissəsi həyat üçün lazımi miqdarda su ilə doldurulmuşdur. Bütün bunların təsadüf ola bilməyəcəyi və hər birinin üstün bir yaradılış əsəri olduğu açıq-aydındır.

Digər bir sözlə, suyun bütün fiziki və kimyəvi xüsusiyyətləri bu mayenin insan həyatı üçün xüsusi olaraq yaradıldığını göstərir. İnsan həyatı üçün xüsusi olaraq yaradılmış Yer kürəsi, yenə insan həyatına təməl meydana gətirməsi üçün xüsusi olaraq yaradılan bu su ilə canlandırılmışdır. Allah su ilə bizə həyat vermiş, yediyimiz hər cür qidanı su ilə torpaqdan bitirmişdir.

Bunun ən mühüm tərəfi isə müasir elmin ortaya çıxartdığı bu həqiqətin, yenə 14 əsr bundan əvvəl insanlara yol göstərici olaraq vəhy olunan Quranda verilmiş məlumat olmasıdır. Allah, Quranda insanlara su haqqında belə buyurmuşdur:

Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm ağacların, həm də mal-qaranızı otardığınız otların bitməsi üçündür. Allah onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda düşünə bilən insanlar üçün dəlillər vardır. (Nəhl surəsi, 10-11)

77. Lawrence Henderson, The Fitness of the Environment, Boston: Beacon Press, 1958, önsöz.

78. Gizli istilik, suyun temperaturunu dəyişdirməyən, lakin onun bərk haldan maye hala və ya maye haldan qaz halına keçməsini təmin edən istilikdir. Buzu əritmək üçün ona istilik verdiyiniz vaxt, buzun temperaturu 0 ⁰C-yə qədər çatar. Sonra bir qədər də istilik versəniz buzun temperaturu heç artmaz, hələ də 0 ⁰C olar. Lakin artıq buz deyildir, əriyib su olmuşdur. Temperaturda dəyişiklik olmamasına baxmayaraq, sadəcə bərk halın maye halına çevrilməsi üçün istifadə edilən bu enerjiyə “gizli istilik” deyilir.

79. Lawrence Henderson, The Fitness of the Environment, Boston: Beacon Press, 1958, səh. 105

80. Michael Denton, Nature’s Destiny, səh. 32

81. Harold J. Morowitz, Cosmic Joy and Local Pain, New York: Scribner, 1987, səh. 152-153

82. Michael Denton, Nature’s Destiny, səh. 33

83. Michael Denton, Nature’s Destiny, səh. 35-36

Bir şərh yazın