Müsəlmanın Danışıq Üslubu


Sözün ən gözəlini söyləmək

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Allah Quranda insanlara bir-birlərinə ən gözəl sözləri deməyi əmr etmişdir. İnsan düşünmədən, vərdiş etdiyi şəkildə danışdığı kimi, sözləri diqqətlə seçərək gözəl şəkildə danışmağa da cəhd etməlidir. Allah qatında məqbul olan və insana Allahın rizasını qazandıran ikinci amil isə insanın bacardığı qədər vicdanlı danışmasıdır.

Bu mövzunu belə bir misalla izah edə bilərik: insan başqa bir şəxsin gözəl davranışını görməməzlikdən gələrək bu barədə heç nə deməyə bilər, laqeyd şəkildə gördüyü işin isə gözəl davranış olduğunu deyə bilər, ya da əksinə, nə qədər gözəl əxlaq göstərdiyini və nümunəvi davrandığını bütün səmimiyyətilə qarşı tərəfə açıqlaya bilər. Bu davranış ilk baxışda elə də fərqlənməyə bilər. Amma Allah qatında insana nə qazandıracağını düşünsək, nə qədər fərqli olduğunu görərik. Müsəlmanın danışıq üslubu qətiyyən qürur, həsəd və qısqanclıq hisslərinə əsaslanmamalıdır.  Təkəbbür Quran əxlaqından uzaq yaşayan insanların davranış tərzidir. Möminlər nəfslərinin onlara verdiyi vəsvəsələri görər və Allahın ən çox bəyənəcəyi üslubda danışarlar.

Müsəlmanlar sözə başlamadan əvvəl mütləq sözlərini vicdani baxımdan dəyərləndirər, hər zaman ən gözəl sözləri deməyə çalışarlar. Qarşı tərəfi narahat edəcək, vəsvəsə və ya sıxıntı verəcək bir söz belə istifadə etməməyə çalışarlar. Əksinə, həmsöhbətlərinə rahatlıq verən, onları şövqləndirən, əhval-ruhiyyələrini qaldıran sözlərdən istifadə edərlər. Qarşılarındakı insanın imanını artırmaq, onları Allaha daha da yaxınlaşdırmaq məqsədilə danışarlar.

“MaşaAllah, güc yalnız Allaha məxsusdur”, -deyərək danışmaq

İnsanın qarşılaşdığı bütün nemətlərin yeganə hakimi və yeganə sahibi Allahdır. Ancaq bəzi insanlar Allahın onlara verdiyi nemətlərin əsl sahibinin özləri olduğunu zənn edərək qəflətə düşürlər. Sahib olduqları bu imkanlara görə, Rəbbimizin qarşısında nə qədər aciz olduqlarını unudub təkəbbürlənirlər. Ancaq insana sahib olduğu hər şeyi verən Allah istədiyi vaxt verdiklərini geri almağa da qadirdir. Buna görə də insan sahib olduğu hər nemətin Allahın bir lütfü olduğunu bilərək Rəbbimizə şükr etməlidir. Allah insanlara bu həqiqəti görmələri üçün Quranda belə bir nümunə vermişdir:

”Onlara iki kişinin (əhvalatını) misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun (başqa) sərvəti də var idi. O, öz (mömin) yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!”– dedi. O, özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O saatın gələcəyini də zənn etmirəm. Rəbbimin dərgahına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” (Kəhf surəsi, 32-36)

Quranda bəhs edilən iki kişidən biri sahib olduğu mülk və sərvəti ona verənin Allah olduğunu unutmuş və bunlara sahiblənərək təkəbbürlənməyə başlamışdır. Allahın məhsuldar bağının, xurmalıqların və əkinlərin sonsuzadək yox olmayacağını, heç vaxt zərər görməyəcəyini düşünmüşdür. İlk baxışda arasından çay axan, məhsuldar, gözəl və ehtişamlı görünən bu bağın çox təhlükəsiz olduğu və heç vaxt məhv olmayacağı düşünülə bilər. Amma bütün varlıqların Allahın əmrində olduğunu unutmamaq lazımdır. Kainatdakı hər şey kimi bu bağ da Allahın idarəsindədir. Hər bir qönçə Allahın əmrinə tabe olaraq açılır və hər bir budaq Allahın əmrilə tumurcuqlanır. Allah istədiyi üçün çay xurma ağaclarını sulayır, Allah əmr etdiyi üçün bağ canlı və məhsuldar olur. Hər biri sadəcə Allahın: “Ol”, -deməsi ilə quruyub məhv ola bilər.

Quranda sahib olduğu nemətləri ona verənin Allah olduğunu unudan şəxsə Allahın gücünü və qüdrətini ucaltması və: “MaşaAllah, güc yalnız Allaha məxsusdur”, -deməsinin vacib olduğu belə vurğulanır:

Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış (Rəbbini) inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: “Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!”– deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, (sənin) (bağına) isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün. Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!” Beləcə, onun (bağının) məhsulu bir anda məhv edildi. O, (bağını belə görüb) ora qoyduğu xərcə görə (peşmançılıq çəkməyə) və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi. Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur. (Kəhf surəsi, 37-44)

Ayələrdən də aydın olduğu kimi, Allah sahib olduğu ilə təkəbbürlənən şəxsin həm bağını, həm də məhsullarını bir fəlakətlə yerlə-yeksan etmiş və ona qüvvətin yalnız Allaha məxsus olduğunu xatırlatmışdır. Sahib olduqlarını itirdiyi zaman bu bağ sahibi olan şəxs Allahdan başqa dostunun və yardımçısının olmadığını anlamış və: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” -deyərək Allaha sığınmışdır.

Quranda bəhs edilən bu ibrətamiz hadisədən bunu öyrənirik: insan heç vaxt sahib olduğu müsbət xüsusiyyətləri özündən bilməməli, hər bir nemət və gözəlliklə qarşılaşanda: “MaşaAllah, güc yalnız Allaha məxsusdur“, –deyərək Allahın şanını ucaltmalıdır.

 İstehzalı üslubla danışmamaq

İstənilən şəxsə: “İstərdinizmi sizə lağ etsinlər?” -sualını versəniz, böyük ehtimalla, bütün insanlardan: “Təbii ki, xeyr”, -cavabını alarsınız. Ancaq özlərinə istehza edilməsinə qətiyyən razı olmayan bu insanlar başqa birinə lağ etməyi özləri üçün bir əyləncə vasitəsi kimi görürlər. Bu üslubun insanlar arasında geniş şəkildə yayılması onların lağ etməsini məqbul bir davranış kimi görmələrinə səbəb olur. Bu davranışın pis niyyətli olmadığını, üstəlik qarşı tərəfin də bundan zövq aldığını iddia edirlər. Eyni hərəkətlə özləri qarşılaşdıqda isə şikayətlənirlər. Onlarla lağ edildiyi zaman insanların qəsdən, onları qəzəbləndirmək və alçaltmaq məqsədilə belə davrandıqlarını söyləyərək bu insanlara əsəbiləşirlər. Amma insanlar arasında üstünlük nümayiş etdirmək üçün bu davranışı fürsət tapan kimi başqalarına qarşı tətbiq etməkdən çəkinmirlər. Bir insanın qüsurlarını söylədikdə, acizlik və ya nöqsanlarına lağ etdikdə özlərinin daha üstün olduqlarına inanırlar.

Belə insanlar vicdanlarının səsini tamamilə boğduqları üçün vaxt keçdikcə insanlıqdan daha uzaq və soyuq bir xarakterə bürünürlər. Davranışlarına, danışıq və həyat tərzlərinə lağ etdikləri kimi, anadangəlmə fiziki qüsurlarına və ya insanın öz əlində olmayan acizliklərinə də lağ etməyi əyləncəyə çevirirlər. Bir insanın boyunun qısalığı, saçının olmaması, ləhcəsi, gözlərinin zəifliyi, çəkisi, geyim tərzi, peşəsi, iş yeri, yaşadığı yer, evinin əşyaları, maşınının modeli onlar üçün istehza səbəbi ola bilər. Asqıran, boğazına bir şey düşən, ayağı ilişib yıxılan insanlara belə lağ edirlər. Lağlağı  xarakter göstərən insanlar başqalarını alçaldaraq öz uğurlarını, gözəllik və ya var-dövlətlərini diqqət mərkəzinə çəkəcəklərini düşünürlər. Lağlağı zarafatlarını günlərlə, aylarla, hətta bəzən illərlə diqqət mərkəzində tutmağa çalışırlar.

Onu da qeyd etmək lazımdır ki, lağ edilən insanlar lağlağı üsluba eynilə cavab verərək səhv edirlər. Cahiliyyə cəmiyyətlərində yaşanan bu qürur mübarizəsi zamanı lağlağı üslub geniş şəkildə yayılır. Ancaq lağ etmək Allahın insanlara qadağan etdiyi bir davranışdır:

Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. (Hucurat surəsi, 11)

Möminlər Allahın bu əmrini bildikləri üçün insanlarla qətiyyən belə davranmazlar. Onlara qarşı bu cür davrananlarla isə Quran əxlaqı ilə cavab verərlər. Çünki əsl üstünlüyü Quran əxlaqını ən gözəl şəkildə yaşamaqla qazana biləcəklərini bilirlər. Nəfsin təlqinlərinə uyaraq cahiliyyə əxlaqı ilə davrananlara eyni əxlaqla cavab vermək asan olan yolu seçməkdir. Məqbul olan isə nəfsin təlqinlərinə qapılmadan vicdanın səsini eşitməyi bacarmaqdır. Müsəlmanlar da məhz vicdanları ilə danışan insanlardır.

Bir insanın asqırmaq, öskürmək, yıxılmaq kimi bütün insanlara xas acizliklərini məsxərəyə qoymaq  və ya anadangəlmə fiziki qüsurlarına diqqət çəkmək, xoş olmayan ləqəblərlə xitab etmək əyləncəli deyil. Bu fikirlə hərəkət edən möminlər insanları utandıran, sıxan, mənliyini alçaldan heç bir söz və ya zarafatdan zövq almazlar. Özləri bu davranışdan uzaqlaşdıqları kimi, olduqları yerdəki insanların başqasını məsxərəyə qoymasına da razı olmazlar. Acizlikləri yaradanın Allah olduğunu və diləyərsə, məsxərə edən şəxsə də eyni acizlikləri verməyə qadir olduğunu bilərək hərəkət edərlər. Allah bu həqiqəti bir ayədə belə xəbər verir:

Əlbəttə, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Amma istehza edənləri məsxərəyə qoyduqları şey (hər tərəfdən) bürüdü. (Ənam surəsi, 10)

Boş və faydasız söhbətlər etməmək

Allaha inanmayan insanlar həyatlarının dünya ilə məhdudlaşdığını düşündükləri üçün axirət həyatı üçün bir hazırlıq görməzlər. Necə davrandıqlarını, yaşadıqları müddət ərzində nə qədər xeyirli işlər gördüklərini, sonlarının necə olacağını düşünməzlər. Ancaq hər davranış, hər söz, hər fikir hesab günündə insana göstərilmək üçün qorunur. Deyilən hər faydalı və hikmətli söz insana axirətdə xeyir verəcək, Allahın rizasını, cənnətini və rəhmətini qazanmasına səbəb olacaq.

Axirəti düşünməyən insanlar vaxtlarını boş söhbətlərlə, nə özlərinə, nə də başqalarına faydası olmayan sözlərlə keçirdikləri halda, möminlər hər anlarını xeyirli və hikmətli söhbətlərlə keçirirlər.

Axirət haqqında qəflətə düşüb, boş sözlərlə vaxtlarını keçirən insanlar barədə Quranın “Ənam” surəsinin 91-ci ayəsində belə deyilir: “…onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər”. Möminlərin boş və yararsız sözlərdən qaçdıqları isə başqa bir ayədə “onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər. (Qəsas surəsi, 55)” bildirilir.

Möminlər boş və yararsız sözü Qurana əsasən müəyyən edirlər. Dünyada keçirdikləri hər anın axirət həyatları üçün çox dəyərli olduğunu bildiklərinə görə yaşadıqları hər anı vicdanları ilə dəyərləndirərək boş-boş danışmamaq üçün diqqətli davranırlar. Bir ayədə “onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə (oradan) ləyaqətlə ötüb keçərlər. (Furqan surəsi, 72)” sözləri ilə möminlərin boş sözlə qarşılaşdıqları zaman ləyaqətlə ötüb keçdikləri bildirilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma