Cenevrə sammiti həqiqətən Suriya problemini həll edəcəkmi?


pydSuriyada sülh üçün bütün gözlər 3-cü Cenevrə sammitinə dikilib. Görüşlərdə Əsəd rejiminin nümayəndələri ilə müxaliflərin birlikdə Suriyada sülhün bərqərar olması üçün fəaliyyət istiqaməti müəyyən etməsi düşünülür. Suriya torpaqlarında mövcud xaos bu görüşlərdə də öz əksini tapıb. 25 yanvar 2016-cı ildə başlayacaq görüşlər iştirakçılarla bağlı anlaşılmazlıq və qeyri-müəyyənliklər səbəbi ilə keçən cümə gününə təxirə salınmışdı. Ancaq cümə günü də müxalif qruplar tələb etdikləri şərtlərin yerinə yetirilmədiyini əsas gətirərək görüşdə iştirak etmədilər.

Əvvəlki Riyad iclasında təşkil edilən Ali Müzakirə Komitəsi müxalif heyətin Cenevrə görüşlərində iştirak etməsi üçün BMT-dən bəzi ilkin şərtlərin təmin edilməsini tələb etmişdi. Bu şərtlər arasında 3 əsas xüsus hava hücumlarına son qoyulması, siyasi məhkumların azadlığa buraxılması və başda Madaya olmaqla, hakimiyyət qüvvələri tərəfindən mülki yaşayış bölgələrinə tətbiq olunan blokadanın aradan qaldırılması idi.

Əvvəlcə tələbləri ilə bağlı BMT-dən hər hansı cavab gəlmədiyi üçün Cenevrə – 3 sammitində iştirak etməyəcəyini açıqlayan komitə daha sonra BMT-dən və ABŞ xarici işlər naziri Con Keridən tələblərinin yerinə yetiriləcəyinə dair dəstək sözü aldığını və növbəti günlərdə görüşlərdə iştirak etmə qərarı verdiyini bildirdi.1

Bu şərtlər altında cümə günü Suriya görüşlərinin ilk günü təkcə Suriyanın BMT-dəki səfiri Bəşər əl Cəfərinin sədrliyi ilə Əsəd rejiminin nümayəndələrinin iştirakı ilə başladı.

Görüşlərlə bağlı ən böyük mübahisə mövzularından biri də terror təşkilatı olan PKK-nın Suriya qolu PYD-nin görüşlərə dəvət edilib-edilməməsi idi. Türkiyə PYD-nin PKK ilə eyni terror təşkilatı olduğunu və Əsəd rejimi ilə də açıq müttəfiq olduğunu əsas gətirərək PYD iclaslara dəvət olunacağı təqdirdə bu iclasları boykot edəcəyini deyərək qəti mövqeyini bildirmişdi.

Türkiyənin baş naziri Əhməd Davudoğlu keçən bazar ertəsi Davosda CNN televiziyasından Kristian Amanpura verdiyi müsahibəsində PYD-nin Cenevrə görüşlərinə dəvət edilməsi ilə bağlı bunları demişdi:

“Suriyalı kürdləri masada (Cenevrədə) görmək istəyirik. Suriyalı kürdlər olmadan masa tamamlana bilməz. YPG-yə nə üçün qarşıyıq? YPG təkcə Türkiyə deyil, həmçinin Avropa İttifaqı və ABŞ tərəfindən də terrorçu təşkilat kimi tanınan PKK-nın bir qoludur.”

Amanpurun: “Siz və Avropa İttifaqı terror təşkilatı kimi qəbul edə bilərsiniz, ancaq ABŞ onlarla bir hərəkət edir. Həqiqəti qəbul etmək zamanı gəlmədimi?” sualına Davutoğlu: “Onları qanuni ortaq kimi görənlər bölgənin reallığında yaşamırlar. Heç kim bizi bu insanların sülh istədiyinə inandıra bilməz” deyib.2

Nəticədə PYD “Cenevrə – 3” iclaslarına dəvət edilmədi. Fransanın xarici işlər naziri Fabius da bununla bağlı: “Dəvətnamələr göndərilib. Ən çox problemi PYD yaradırdı. (BMT-nin Suriya xüsusi təmsilçisi Stefan) De Mistura mənə PYD-yə dəvətnamə göndərmədiyini dedi”- deyə açıqlama verdi.3

İnsan Hüquqları Təşkilatının Suriya təmsilçisi SNHR-nin PYD-nin qurulduğu gündən etibarən işğal etdiyi bölgələrdə mülki əhaliyə qarşı törətdiyi hüquq pozuntuları ilə bağlı 18.01.2016-cı il tarixli hesabatı Türkiyənin bu terror təşkilatı ilə bağlı narahatlıqlarını təsdiqləyir.

Hesabatda PYD-nin etnik təmizləmə prosesindən əsassız həbslərə, başda azyaşlı uşaqlar olmaqla, xalqı zorla hərbi səfərbərliyə almaqdan yerli ərəb və türkmən xalqlarını yurdlarından sürgün etməyə qədər saysız-hesabsız insan hüquqları pozuntuları fotoşəkil, video və şahidlərin ifadələri ilə göstərilib.

Hesabata əsasən 2012-ci ildə hakimiyyət qüvvələrinin geri çəkilərək PYD-yə təslim etdiyi Suriyanın şimal və şimal-şərq bölgələrində təşkilatın insanlıqdan kənar hərəkətlərindən bəzi diqqətçəkən başlıqlar aşağıdakılardır:

  • 2013 -2014-cü illərdə Hasəkə bölgəsinə bağlı əl-Ağabeş, Tel-Brak, əl-Haciyə və Tel-Xəlildə törədilən qırğınlarda 7-si qadın, 17-si uşaq olmaqla 91 mülki vətəndaş öldürülüb.
  • PYD qüvvələri Hasəkənin müxtəlif yerlərində ən az 1651 nəfəri səbəbsiz yerə həbs edib.
  • 16-dan çox insan işgəncəyə məruz qalıb.
  • Bir nəfər yerli media aktivisti 15 iyul 2014-cü ildə ailəsinin gözü qarşısında asılıb.
  • 13 sentyabr 2013-cü ildə 44 yaşlı evli qadın 6 uşağı ilə birlikdə əl-Haciyə kəndində öldürülüb.
  • PYD-nin hərbi qüvvəsi YPG qadınları Hasəkə, Qamışlı və Afrində təşkilata qoşulmaq üçün zorla əsir saxlayır. 2014-cü ilin əvvəlindən 2015-ci ilin oktyabr ayına qədər 34-ü uşaq yaşda olmaqla 88 qadın YPG tərəfindən qaçırılıb.
  • PYD qüvvələri 31 dekabr 2015-ci ilə qədər 51 uşağı kortəbii və ya nişançı tərəfindən açılan atəşlə qətlə yetirib. 20 noyabr 2015-ci ilə qədər 111 uşaq səbəbsiz yerə həbs olunub, 1876 uşaq YPG qüvvələrinə zorla cəlb edilib.
  • PYD qüvvələri Hasəkə vilayətində əksəriyyətində ərəblər yaşayan təqribən 30 kəndi yerlə yeksan edərək minlərlə insanı yurdundan didərgin salıb.
  • Hesabatda müsahibə götürülən türkmənlərin PYD qüvvələri tərəfindən zorakılıq, haqsızlıq, işgəncə və təzyiqə məruz qaldıqları üçün əvvəl ölkənin başqa ərazilərinə köçmək məcburiyyətində qaldıqları və daha sonra çətin həyat şəraitinə görə Türkiyəyə sığındıqları bildirilir.

Hesabatda bunlara bənzər vəhşi hərəkətlərin uzun siyahısı ilə yanaşı YPG və PKK-nın İraqda törətdiyi terror əməllərinə də faktlarla və şahidlərin ifadələri ilə geniş yer verilib.4

Bəzi qlobal qüvvələrin bölgədə şəxsi mənfəət və planları üçün təkanverici qüvvə kimi istifadə etdiyi, bu səbəbdən də dəstəkləyib cinayətlərini ört-basdır etməyə çalışdığı PYD ilə bağlı konkret faktlar bunlardır. Bunlar rəsmi qeydə alınmış faktların çox az hissəsidir.

O cümlədən, son xəbərlərdə PYD-nin həmsədri Salih Müslimin keçən cümə axşamı Suriya Demokratik Məclisinin həmsədrləri Heysəm Menna, İlham Əhməd və suriyalı keçmiş nazir və müxalif liderlərdən Qədri Cəmilin də iştirak etdiyi iclasda BMT təmsilçisi Misturanın xüsusi heyəti ilə gizli görüşdükləri üzə çıxıb. Görüşdə Misturanın heyətinin PYD-yə: “Cenevrədə ilk mərhələdə olmasanız da, ikinci iclaslarda olacaqsınız. 2-3 həftə gözləyin”- dediyi məlum olub.5

Bu təşəbbüs ilk baxışda bəzi şəxslər tərəfindən BMT, ABŞ, İngiltərə və Rusiyanın da dəstəyini alacaq şəkildə iştirakçılar arasında bərabərliyi təmin etməyə çalışmaq kimi şərh oluna bilər. Ancaq, təbii ki, gərəksiz xeyirxahlıqdan çəkinmək lazımdır. Bir terror təşkilatının müsahiblər arasında olma ehtimalının varlığı unudulmamalıdır. BMT və milli qüvvələr müxalifətin və Türkiyənin görüşləri boykot etməməsi üçün müxtəlif ara vasitələr və mülayim yollarla “Cenevrə – 3” sammitini keçirmək istəyirmiş kimi görünsələr də, hadisələr diqqətlə izlənilməli və PKK ilə eyni mövqedə olan PYD-nin görüşlərdə iştirak etməsinin qarşısı alınmalıdır.

Xatırladığımız kimi, BMT bir neçə ay əvvəl bütün üzv ölkələr üçün hökumətin icazəsinə ehtiyac olmadan Suriyadakı müharibədə iştirak etmə icazəsi verən qərar imzalamışdı. Bu qərarın ardınca indiki təşəbbüslərinin də yerlə yeksan edilmiş Suriya xalqı üçün həll yolu, yoxsa bəzi qlobal qüvvələrin bölgədəki mənfəətlərinə və paylarına uyğun zorla qəbul etdirmə olacağını önümüzdəki günlər göstərəcək.

1- www.bbc.com/turkce/haberler/2016/01/160129_suriye_cenevre

2- edition.cnn.com/videos/world/2016/01/25/turkey-intv-amanpour-ahmet-davutoglu.cnn

3-www.reuters.com/article/mideast-crisis-syria-france- idUSL8N15B0NI?feedType=RSS&feedName=financialsSector

4-sn4hr.org/wp-content/pdf/english/Violations_by_the_Kurdish_Self_Management_Forces_en.pdf

5- http://www.haberturk.com/dunya/haber/1188283-muslim-ile-isvicrede-gizli-gorusme

http://gulf-times.com/story/478356/Will-the-Geneva-talks-really-produce-a-solution-to

http://www.mbctimes.com/english/geneva-talks-solution-syria

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma