Canlılardakı instinktiv davranışların mənbəyi Allahın ilhamıdır


free-hd-abstract-backgrounds-163İnstinktlərin mənşəyi

“İnstinkt” sözü, təkamülçü elm adamları tərəfindən, heyvanların anadangəlmə sahib olduqları bəzi davranışları xarakterizə etmək üçün istifadə olunur. Ancaq heyvanların bu instinktləri necə əldə etdikləri, instinkt ilə edilən bir davranışın ilk olaraq necə ortaya çıxdığı və bu davranışların nəsildən-nəslə necə ötrüldüyü sualı həmişə cavabsız qalmışdır. Təkamülçü genetik Gordon Rattray Taylor, The Great Evolution Mystery adlı kitabında instiktlərlə əlaqədar bu çıxılmaz vəziyyəti belə etiraf edir:

İnstiktiv bir davranış ilk olaraq necə ortaya çıxır və bir növdə irsi olaraq necə yerləşir deyə soruşsaq, bu suala heç bir cavab tapa bilmərik.1

Təkamülçülərə görə, instinktlər canlıların genlərində proqramlanmış davranışlardır. Bu izaha əsasən, məsələn, bal arısı olduqca müntəzəm və riyaziyyat möcüzəsi olan altıbucaqlı pətəkləri instinktləri ilə inşa edir. Başqa sözlə, yer üzündəki bütün bal arılarının genlərində qüsursuz altıbucaqlı pətək inşa etmə instinkti proqramlanmışdır.

Bu vəziyyətdə ağıl və məntiq sahibi olan hər insan belə bir sual verəcəkdir: Əgər canlılar, davranışlarının böyük əksəriyyətini, belə davranmağa proqramlaşdırıldıqları üçün edirlərsə, bəs onda onları kim proqramlaşdırmışdır? Heç bir proqram öz-özünə meydana gələ bilməz. Hər proqramın mütləq bir proqramçısı olmalıdır. Belə ki, bütün canlılara sahib olduqları xüsusiyyətləri verənin “ana təbiət” olduğunu deyirlər. “Ana Təbiət” isə bildiyimiz daş, torpaq, su, yarğan, qobu, fırtına, ildırım, torağaydan  və s. meydana gəlir. Görəsən, bunlardan hansının, canlılara şüurlu və ağıllı tədbirlər gördürməsi mümkün ola bilər? Təbiətin hansı hissəsi canlıları proqramlaşdırmaq üçün lazımi ağıla və qabiliyyətə malikdir?

Təkamülçülər canlılardakı əksər davranışların instinktiv olduğunu desələr də, instinktin mənşəyini, hansı komponent tərəfindən idarə olunduğunu izah edə bilmirlər. “ Heyvanların təcrübə ilə əldə etdiyi əlverişli davranışlar təbii seçmə tərəfindən seçilir, sonrakı nəslə ötürülür.”- deyərək bu önəmli mövzunu ötüşdürməyə  çalışırlar. Tədris edilən biologiya dərsliklərində də, bu üsuldan istifadə edilərək məsuliyyətdən yayınılır.

Faydalı davranışlar təbii seçmə ilə izah edilə bilməz.

Darvinin irəli sürdüyü təkamül nəzəriyyəsinin əsas mexanizmlərindən biri təbii seçmədir. Təbii seçmə  “bir canlı üçün faydalı olan bir dəyişikliyin  digərlərinin arasından seçilərək o canlıda daimi hala gəlməsi və bu şəkildə bir sonrakı nəslə ötürülməsi” mənasını verir. Ancaq bu iddiada diqqət yetirilməli olduqca əhəmiyyətli bir məqam var: Darvinin bu tezisi təbiəti, faydalı və zərərli davranışları ayırd edə bilən, şüurlu və qərar verən  bir güc olaraq göstərir. Təbiətdə bu ayrı-seçkiliyi edən hər hansı bir güc və ya şüur yoxdur. Nə heyvanın özü, nə də təbiətdə olan hər hansı bir varlıq “hansı davranışın faydalı olduğuna” qərar vermək qabiliyyətinə malik deyil. Bu seçimi yalnız, təbiəti və haqqında danışılan canlını yaradan şüur və ağıl sahibi bir Varlıq edə bilər.

Əslində, Darvinin özü də kompleks və faydalı davranışların təbii seçmə yolu ilə qazanıldığının qeyri-mümkün və məntiqsiz olduğunu etiraf etmiş, ancaq öz iddiasının təxəyyülünə daha uyğun olduğunu ifadə etmişdi:

Nəhayət, bala qu quşunun ögey qardaşlarını yuvadan atması, qarışqaların kölələşdirilməsi kimi instinktləri, xüsusilə verilmiş və ya yaradılmış instinktlər olaraq deyil, bütün təbii varlıqların inkişafına gətirib çıxaran ümumi bir qanunun, yəni çoxalmağın, dəyişmənin, ən güclülərin yaşamasının və ən zəiflərin ölməsinin kiçik əlamətləri olaraq görmək, məntiqli nəticə olmaya bilər, amma mənim təxəyyülüm üçün xeyli kifayətdir.2

Türkiyənin qabaqcıl təkamülçülərindən prof. Cemal Yıldırım isə ananın bala sevgisi kimi davranışlarının təbii seçmə ilə izah edilə bilmədiyini belə etiraf edir:

Ananın bala sevgisini, özündə heç bir ruhi element saxlamayan “kor”  təbii seçmə yolu ilə izah etmək mümkündürmü? Bioloqların (o cümlədən, darvinistlərin) bu cür suallara qənaətbəxş cavab verdiklərini demək, şübhəsiz ki, çətindir.3

Təbii seçmə tərəfindən seçilən davranışlar sonrakı nəslə ötürülmür.

Faydalı davranışların təbii seçmə ilə seçilmədiyinə aydınlıq gətirdik. Lakin davranışlar təbii seçmə ilə ortaya çıxsa və sonrakı nəsillərə ötürülməsə təkamüli mahiyyət daşımır. Ona görə də təkamülçülər iddia edirlər ki,  seçilən davranışlar irsən nəsildən-nəsilə ötürülür. Ancaq bu iddiaları da bir çox cəhətdən ziddiyyətlərlə doludur. Hər şeydən əvvəl heyvanlar təcrübə yoluyla bir davranışı öyrənsələr belə, sonradan qazanılmış davranışın genetik olaraq nəslə ötürülməsi qeyri-mümkündür. Öyrənilən davranış sadəcə bu rəftarı öyrənən canlıya aid olur. Bir davranış tərzinin canlının genlərinə köçürülməsi qətiyyən mümkün deyil.

Təkamülçü Gordon R. Taylor, bəzi bioloqların, davranışların irsi olaraq sonrakı nəsillərə ötürülə bildiyi iddiasını, “acınacaqlı”  vəziyyət olaraq qiymətləndirir:

Bioloqlar bəzi davranış formalarının irsən keçə bilməsinin mümkün olduğunu və əslində bunun həqiqətən müşahidə olunduğunu qəbul edirlər. Dobzhansky bunu iddia edir: “Bütün bədən quruluşları və funksiyaları, istisnasız olaraq, ətraf-mühit zəncirləri əsnasında yaranan irsiyyətin məhsullarıdır. Bu vəziyyət, istisnasız olaraq bütün davranış formaları üçün də məqbuldur”. Bu doğru deyil və Dobzhansky kimi hörmətli birinin bunu doqmatik olaraq müdafiə etməsi acınacaqlı bir vəziyyətdir. Bəzi davranış formalarının irsi olduğu doğrudur, ancaq hamısının irsi olduğunu deməyimiz mümkün deyil.

Aydın olan həqiqət budur ki, genetik mexanizm, bəzi xüsusi davranış formalarını nəsildən-nəslə keçə bildiyinə dair ən kiçik bir əlamət belə göstərmir. Genetik mexanizm zülal hazırlayır. Müəyyən hormonlardan daha çox hazırlayaraq, ümumiyyətlə, davranışa təsir edə bilər, məsələn, bir heyvanı daha aqressiv və ya daha passiv edə bilər və ya bir canlını anasından xeyli asılı vəziyyətə gətirə bilər. Ancaq yuva qurarkən lazım olan bir sıra hərəkət kimi, müəyyən bir davranış proqramını nəsildən-nəslə ötürə bildiyinə dair heç bir dəlil yoxdur.

Əgər davranış həqiqətən irsidirsə, onda nəsildən-nəslə keçən davranışın vahidi nədir? Çünki vahidlər olduğu fərz edilir. Heç kim bu suala heç bir cavab verə bilməmişdir.4

Gordon Taylorun da ifadə etdiyi kimi, mürəkkəb davranış formalarının irsi olduqlarını iddia etmək elmi deyil. Quşların yuva qurmaları, qunduzun bənd inşa etməsi, arıların pətək inşa etmələri kimi ardıcıl olaraq verilən şüurlu qərarlar, dizayn və uzaqgörənlik tələb edir. Mürəkkəb davranışların irsi olmadığının təəccüblü dəlillərindən başqa biri də sonsuz işçi qarışqalardır.

Elə isə təkamülçülərə bu sualı vermək lazımdır: İşçi qarışqalara xas davranış formasını əldə edən qarışqa bunu sonrakı nəsilə necə ötürdü? Milyonlarla ildir ki, yalnız işçi qarışqalar deyil, eyni vəziyyətdəki sonsuz işçi arılar və sonsuz termit də ağıl, qabiliyyət, həmrəylik, intizam, iş bölgüsü və fədakarlıq nümunəsi davranışlar göstərirlər. Haqqında danışılan canlıların sahib olduqları hər bir xüsusiyyəti başqasına ötürmə qabiliyyəti yoxdur.

Həmçinin, bu canlıların göstərdikləri heyrətamiz davranışları öyrənərək əldə etdiklərini də deyə bilmərik. Çünki, hamısı dünyaya gəldikləri andan etibarən bu davranışları qüsursuz bir şəkildə tətbiq etməyə başlayırlar. Hər hansı bir mövzuda müəyyən bir təlimdən keçmirlər, bütün davranışları anadangəlmə sahib olduqları məlumatlar əsasındadır. Və bu, dünyanın hər yerində yaşayan bütün qarışqa, bal arısı, termit və digər bütün canlılar üçün məqbuldur. Elə isə onlara bu davranışlarını kim öyrədir?

Məhz Çarlz Darvinin də 150 il əvvəl soruşduğu bu suala təkamülçülər hələ də cavab verə bilməmişlər. Darvin bu ziddiyyəti belə dilə gətirmişdir:

Ancaq bir nəsildə vərdişlə bir çox instinkt əldə olunduğunu və sonra varis olan nəsillərə irsi olaraq çatdırıldığını fərz etmək böyük bir səhv olar. Bildiyimiz ən təəccüblü instinktlər, məsələn, bal arısının və qarışqaların bir çoxunun instinktləri vərdişlə qazanıla bilməz.5

Təkamülçü Camal Yıldırım isə eyni mövzu haqqında təkamülçülərin düşdükləri çıxılmaz vəziyyəti belə ifadə edir:

Nümunə olaraq icma halında yaşayan həşəratlardan olan işçi qarışqa və işçi arıları götürək. Bunlar çoxalmaq baxımından sonsuzdur, nəsil vermədikləri üçün həyatlarında əldə etdikləri xüsusiyyətləri və ya uğradıqları modifikasiyaları yeni nəsillərə ötürmələri mümkün deyil. Halbuki, bu işçilərin ətraf mühitə və yaşayış şəraitinə uyğunlaşmaları olduqca inkişaf etmiş  səviyyədədir.6

Bu etiraflardan da aydın olduğu kimi canlıların göstərdikləri təəccüblü davranışlar və sahib olduqları instinktlər təkamüllü bir mexanizm ilə izah oluna bilməz. Canlılara aid qabiliyyətlər təbii seçmə kimi bir mexanizm ilə əldə edilməmişdir. Və irsi olaraq bir nəsildən digərinə keçmələri də mümkün deyil.

İnstinktlərin də canlılar kimi təkamül prosesinə məruz qaldığı iddiası elmi sübutlara söykənmir.

Təkamül nəzəriyyəsi, bütün canlıların bir-birindən təkamül yolu ilə törədiklərini iddia edir. Bu iddiaya görə, məsələn, sürünənlər suda-quruda yaşayanlardan, quşlar da sürünənlərdən əmələ gəliblər. Ancaq yaddan çıxartmamaq lazımdır ki, hər canlı növünün davranış forması tam fərqlidir. Balıqların davranışları ilə, sürünənlərin davranışları bir-birlərindən tamamilə fərqlidir. Hətta müxtəlif balıq növlərinin davranışları da bir-birindən kəskin dərəcədə fərqlidir.

Məhz bu arqument təkamülçülərin düşdükləri çıxılmaz vəziyyətlərdən və ziddiyyətlərdən biridir. Darvin də bu ziddiyyət və qeyri-mümkünlüyü dərk etmiş və instinktlərin təbii seçmə yolu ilə əldə olunub sonra da dəyişməyə məruz qalması barədə belə sual vermişdir:

…İnstinktlər təbii seçmə yolu ilə əldə oluna və dəyişikliyə məruz qala bilərmi? Arını, böyük riyaziyyatçıların kəşf etdiklərini çox əvvəldən bəri tətbiq etdiyi pətək gözlərini hazırlamağa təşviq edən instinkt üçün nə deyəcəyik?7

Bu ziddiyyəti balıqlardan, sürünənlərdən və quşlardan müxtəlif növdəki canlılardan nümunələr verərək aydınlaşdıra bilərik:

Balıqların tamamilə özlərinə xas çoxalmaq, ovlanmaq, müdafiə olunmaq və yuva qurmaq üsulları vardır. Bu xüsusiyyətlər, suyun altındakı şəraitə görə mükəmməl şəkildə nizamlanmışdır. Bəzi balıqlar çoxalma mövsümlərində kürülərini dəniz altındakı bir qayaya yapışdırırlar və üzgəclərini yelləyərək yumurtaların oksigen almasını təmin edirlər. Quşlar isə, yumurtalarını xüsusi olaraq hazırladıqları çox müxtəlif quruluşdakı yuvalarda saxlayırlar. Və yumurtalarının inkişaf etməsi üçün isə kürt yatırlar. Timsahlar isə yumurtalarını qumun altına basdıraraq  təxminən 2 ay müddətində inkubasiya mərhələsində qalmasını təmin edirlər. Bəzi balıqlar dəniz altındakı qayaların içində yuva qurduğu halda, quruda yaşayan bəzi canlı növləri topladıqları nazik budaqlar və ağac qabıqlarıyla yüksək budaqlar üzərində yuvalar qururlar. Quşlar isə yuvalarını ətrafdan topladıqları ot və kol-kosdan inşa edirlər.

Sürünənlərdən törəndikləri iddia edilən məməlilərin isə çoxalma forması, digər canlılardan tamamilə fərqlidir. Bəziləri yumurtlamaq yoluyla çoxalsa da  məməlilər balalarını aylarla qarnında daşıyır və doğduqdan sonra balalarını südlə bəsləyirlər.

Hər bir canlı növünün ovlanma forması da çox müxtəlifdir. Bəzisi uzun müddət pusquda durur, bəzisi özünü kamuflyaj edir, bəziləri də hücum və sürətli qaçmağın üstünlüyündən istifadə edir. Göründüyü kimi qurudakı heyvanlar ilə suyun altında yaşayan canlıların göstərdikləri davranışlar, bir-birlərindən çox fərqlidir və olduqları şəraitə görə dəyişir. Bu vəziyyətdə canlılar təkamül keçirərkən, həmçinin içlərindən gələn səsin, yəni instinktlərinin də böyük dəyişikliklərə məruz qalmalıdır. Madam ki, balıq içindən gələn bir səslə kürülərini qayalara yapışdırırsa, sonra diqqətlə havasını dəyişirsə, onda quruda yaşayan bir heyvana çevrilmə mərhələsində “içindən gələn səs” də dəyişikliyə məruz qalmalıdır. Üstəlik bu səs o qədər dəyişməlidir ki, bu balıq birdən-birə uca yerlərdə mükəmməl yuvalar inşa etməyə başlasın, kürülərinin inkişafı üçün nəsil qağısına qalsın!

Darvinin oğlu Francis Darvin isə atasının məktublarını yığdığı “The Life and Letters of Charles Darwin” adlı kitabda Çarlz Darvinin instiktləriylə əlaqədar yaşadığı çətinliyi belə nəql etmişdi:

İşin (Növlərin mənşəyinin) 3-cü bölməsində birinci hissəbaşa çatır və heyvanların vərdişləri ilə instiktlərindəki variasiyalardan bəhs edir… Bu mövzunun yazının başlanğıc hissəsinə daxil edilməsinin səbəbi, instinktlərin təbii seçmə ilə reallaşdığı fikrini qeyri-mümkün olaraq qiymətləndirən oxucuların tələsik nəzəriyyəni rədd etməməsini təmin etməkdir. Növlərin mənşəyində yer alan İnstinktlər fəsli xüsusilə, “nəzəriyyənin ən ciddi və ən açıq çətinliklərini ehtiva edən” mövzudur.8

Bu mövzudakı vacib bir çətinlik də budur: Əgər bir canlının bioloji quruluşu və yaşadığı mühit dəyişsə, lakin davranış tərzi dəyişməsə o canlı həyatına davam edə bilməyəcək. Məsələn, dənizdə özünü kamuflyaj etməyi bacaran bir balıq quruya çıxdıqdan sonra da özünə yeni müdafiə sistemləri tapmalıdır. Üstəlik, bunun üçün qətiyyən vaxt itirməməlidir. Bütün davranış forması, həyat tərzi, bədənindəki kompleks sitemlər ani bir qərarla və sürətlə dəyişməlidir. Əks təqdirdə, qısa müddət ərzində öləcək və buna görə də nəsli də tükənəcəkdir. Heç bir şüura sahib olmayan bir canlının belə strategiya və ağıl tələb edən qərarlar verə bilmədiyi isə aydındır. Elə isə bütün canlılar necə olur ki, bioloji strukturlarına və olduqları mühitə ən uyğun rəftarı göstərə bilir?

Darvin də Növlərin mənşəyində nəzəriyyəsinə yönəldilən bu tənqidə belə yer vermişdir:

İnstinktlərin mənşəyi mövzusundakı bu fikrə belə etiraz edildi: “Bədən quruluşu və instinkt dəyişikliklərinin eyni vaxtda baş verməsi və bir-birinə tamamilə uyğun gəlməsi zəruridir, çünki birinin o birisində müvafiq bir qarşılığı olmayan bir dəyişiklik öldürücü olardı”. 9

Göründüyü kimi heyvanlardakı davranışların, instinktlərin mənşəyini təkamül proseslərilə, təsadüflərlə və ya “ana təbiət” ilə izah etmək qeyri-mümkündür. Onda canlılar həyatlarını davam etdirə bilmələrini təmin edən xüsusiyyətləri necə qazanmışlar?

Bu suala verilən cavab əslində olduqca açıq və aydındır. Canlılar üzərində sadə bir müşahidə aparan hər insan, bu davranışların heyvanların özlərindən qaynaqlanmadığını ya da bir-birinin ardınca baş verən təsadüflərin olmadığını aydın şəkildə görə bilər. Canlıların göstərdikləri davranışların qaynağı, nə öz bədənlərində, nə də təbiətdə var. Aydındır ki, gözlə görülə bilməyən bir ağıl və güc, bu canlıların davranışlarını idarə edir. Bu ağıl və güc isə, sonsuz mərhəmət və şəfqət sahibi olan Allaha aiddir.

Əslində təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin də heyvanların davranışlarının və instinktlərinin, nəzəriyyəsi üçün böyük bir təhlükə meydana gətirdiyini dərk etmiş və bunu “Növlərin mənşəyi” adlı kitabında açıqca, hətta bir neçə dəfə etiraf etmişdi:

İnstinktlərin bir çoxu elə təəccüblüdür ki, onların inkişafı oxucuya bəlkə də nəzəriyyəmi tamamilə yox etməyə kifayət olan bir gücdə görünəcək.10

 

Mənbələr:

  1. Gordon R. Taylor, The Great Evolution Mystery, Harper & Row Publishers 1983, s. 222
  2.  Charles Darwin, Növlərin mənşəyi, s. 310
  3.  Cemal Yıldırım, Evrim Kuramı ve Bağnazlık, s. 185
  4. Gordon Taylor, The Great Evolution Mystery, s. 221
  5. Charles Darwin, Növlərin mənşəyi, s. 275
  6. Cemal Yıldırım, Evrim Kuramı ve Bağnazlık, s. 34
  7. Charles Darwin, Növlərin mənşəyi, s.186
  8.  Francis Darwin, The Life and Letters of Charles Darwin, Cilt I, New York: D. Appleton and Company, 1888, s.374
  9. Charles Darwin, Növlərin mənşəyi, s.302
  10. Charles Darwin, Növlərin mənşəyi, Onur Yayınları, Beşinci buraxılış, Ankara 1996, s. 273

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma