Islamı sevdirmək üçün Qurana uyğun təbliğ edilməlidir


Müsəlman təbliğ edərkən Qurana uyğun hərəkət etməlidir KuranRuh4

Qurana və Rəsulullahın (s.ə.v) sünnəsinə əsasən, müsəlman din əxlaqını təbliğ edərkən, öyüd-nəsihət verərkən, İslam əxlaqının yayılması üçün cəhd edərkən:

–       Gözəl söz söyləməlidir

Möminlər üçün danışmaq böyük ibadətdir. İman gətirənlər Allah`dan həmişə ağıl, hikmət və xeyirli danışmağı dua edib istəyərlər. Danışdıqda Rəbbimizi zikr edər, insanlara ən gözəl sözləri söyləyər, gözəl əxlaqı təbliğ edərlər:

… Yetimlərə, yoxsullara yaxşılıq edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” … (Bəqərə surəsi, 83)

–       Pisliyə belə, yaxşılıqla cavab verməlidir

Allah möminlərə pisliyə ən yaxşı rəftarla cavab verdikləri təqdirdə, xeyirli nəticə əldə edəcəklərini vəd vermişdir. Hətta qarşılarındakı şəxslə aralarında düşmənçilik olsa belə, yaxşılıqla cavab verdikdə dostluq münasibəti qurulacağına diqqət çəkmişdir.

Bu, eyni zamanda, möminlərin mərhəmət anlayışını göstərir. Qarşı tərəfin Allah`ın bəyənmədiyi şəkildə pis əxlaqla davrandığını gördükdə hər şeydən əvvəl bunun həmin şəxsin axirəti üçün təhlükəli olduğunu düşünərək, təkəbbür və qürurdan çəkinərək ona anlayışla və təvazökarlıqla yanaşar, güzəştə gedərlər. Quran əxlaqı ilə yaşamayan insanlarda olduğu kimi, “əvvəlcə, təqsirkar olan, pislik edən tərəf güzəştə getsin”, yaxud “nə edir etsin” kimi məntiqlə hərəkət etməzlər. Kim gözəl əxlaqla davranarsa, Allah`ın həmin şəxsin əməlindən razı qalacağını və pisliyə məruz qaldığı halda, gözəl əxlaqla davranmağın Quran əxlaqına uyğun olduğunu bilirlər. Odur ki, güzəştə getməyin itki deyil, əksinə, böyük qazanc olduğunu düşünərək hərəkət edərlər. Ayədə belə buyurulur:

Səbir etdiklərinə görə, onlara iki dəfə mükafat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edər və özlərinə verdiyimiz ruzidən sərf edərlər. (Qəsəs surəsi, 54)

–       Səbirli olmalıdır

Allah peyğəmbərlərin həyatları boyu səbir etdiyini Quran ayələri ilə bizə bildirərək bu üstün əxlaqı necə mənimsəyəcəyimizi göstərmişdir. Şübhəsiz ki, bu, inanan və Allah`a yaxınlaşmaq üçün vəsilə axtaranlara böyük nemətdir.

Quranda peyğəmbərlərin ətraflarındakı insanlara, qövmlərinə Allah`ın dinini təbliğ etdikləri xəbər verilir. Ancaq hər peyğəmbər qövmünü doğru yola dəvət etdikdə bəzi düşmənlər qazanmış, onların sözlü və ya fiziki hücumlarına məruz qalmışdır. İnkarçıların bu hərəkətləri Allah`ın elçilərini əsla ümidsizliyə salmamış, əksinə, onları həyatları boyu din əxlaqını səbir və qətiyyətlə təbliğ edərək möminlərə nümunə olmuşlar. Ayədə belə buyurulur:

Ey iman gətirənlər! Səbir edin… (Ali-İmran surəsi, 200)

–       Bağışlamalıdır

Möminlər səhv etdikdə Allah`ın onlara şəfqətli olmasını, mərhəmət edib bağışlamasını istədikləri kimi, özləri də Allah`ın əxlaqını mənimsəyib digər insanlara şəfqət və mərhəmətlə davranar, bağışlayarlar. Allah bir ayədə “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (Əraf surəsi, 199) buyurur. Qəlbi Allah`ın zikri ilə yumşalmış mömin bağışlamalı və mülayim olmalıdır.

Allah`ın özünü bağışlamasını istəyib insanlara sərt və mərhəmətsiz davranması möminin fitrətinə uyğun deyil. Bundan əlavə, iman gətirən insan Allah`ın Quranda bildirdiyi əxlaqla yaşamaqdan geri çəkilməməlidir. Əksinə, cidd-cəhdlə Allah`ın bəyəndiyi əxlaqla yaşamalıdır.

–       Mərhəmətli olmalıdır

Allah möminlərin mərhəmətini “şəfqət qanadlarını açmaq” şəklində tərif etmişdir, çünki onlar sadəcə müəyyən hadisələrlə qarşılaşdıqda deyil, hər an mərhəmətli olarlar. Ona görə, onların mərhəmətini göstərən bir çox gözəl əxlaqi xüsusiyyət üzə çıxar. Ayədə bu əxlaq belə bildirilir:

Sonra da iman gətirən və bir-birinə səbir tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! (Bələd surəsi, 17)

–       Sevgi ilə rəftar etməlidirlər

Allah`a könüldən bağlanan və Allah`ı çox sevən insan Onun yaratdığı bütün gözəlliklərə qarşı qəlbində sevgi hiss edər. Çiçək, kəpənək, quş, pişik və ya gözəl mənzərə belə bir insanın qəlbində həyəcan oyadar. Eyni şəkildə, xoşxasiyyət, gözəl insan da qəlbdə səmimi heyranlıq oyadır. Çünki insanın gördüyü hər şey Allah`ın təcəllisidir. Allah`a duyduğu coşqulu sevgi Onun sonsuz gözəlliyinin, sənətinin, ağlının və gücünün təcəlli etdiyi hər şeyə qarşı insan ruhunda təbii sevgi və məhəbbət oyadır. Odur ki, Allah`a könüldən bağlanan insanlar əsl sevgini hiss edən yeganə insanlardır.

Sevgi Allah qorxusu və Quran əxlaqı ilə yaşamaqla davamlı olur. Bu davamlılıq möminin sevgidə ömür boyu səbirli və qətiyyətli olmasını təmin edir. Sevginin təməli iman və Allah qorxusudur. Quran əxlaqına əsaslandığı və Allah rizası üçün sevdiyi üçün möminin sevgisi çox güclü və dərindir. Ayədə möminlərin sevgisinə belə diqqət çəkilir:

De: “Mən sizdən bunun əvəzində sevgidən başqa bir şey istəmirəm”. (Şura surəsi, 23)

–       Təbliğin əvəzində heç bir mükafat istəməməlidir

Allah`dan qorxan insan, eyni zamanda, vicdanına tabe olan və daima Quran əxlaqı ilə hərəkət edən insandır. Quranda bütün insanlara qarşılıq gözləmədən xeyirli əməllər etmək, insanlara kömək etmək əmr edilir. Bir ayədə “Yaxşılığı təmənna məqsədilə etmə!” (Müddəssir surəsi, 6) əmri ilə insana etdiklərindən dünyəvi mənfəət güdməmək əmr edilmişdir. Allah`ın bu əmrlərini yerinə yetirən və etdiklərindən dünyəvi mənfəət gözləməyən müsəlmanın yeganə məqsədi var: Allah`ın ondan razı olması, onu cənnətə layiq qul qəbul etməsi. Ayədə möminlərin dinə qarşılıqsız xidmət etməsi belə bildirilir:

De: “Mən bunun əvəzində sizdən heç bir mükafat istəmirəm”. (Ənam surəsi, 90)

–       Davranışı, sözü, ağlı, dürüstlüyü, səmimiliyi ilə etibar qazanmalıdır

Müsəlmanların ən əsas xüsusiyyətlərindən biri cəmiyyətdə etibarlı insan kimi tanınmalarıdır. Möminlərin üzü elə nurlu və əsalətli olur ki, hər kəs onların üzünə baxdıqda dürüst olduqlarını anlayır. Vicdanının səsini dinləyərək bir möminlə danışan, onun söhbətində iştirak edən hər kəs möminin fərqini dərhal anlayar. Müsəlman imanından qaynaqlanan bu xüsusiyyəti ilə İslam dinini mükəmməl təbliğ edir və bu əxlaqında qətiyyətli olur. Ona əziyyət edilərsə və ya din əxlaqını təbliğ etməkdən əl çəkməsinin əvəzində böyük imkan və maddi mənfəətlər təklif olunarsa, bunu əsla qəbul etməz. Çünki Allah`ın rizasını, İslamın və müsəlmanların mənfəətini daima qətiyyətlə üstün tutmaq mömin üçün əsasdır. Ən çətin vəziyyətdə belə Allah`ın yardımına ümid bəsləyir, kimsədən qarşılıq gözləmədən din əxlaqını təbliğ edir. Müsəlmanın bu üstün əxlaqı Quranda belə təriflənmişdir:

Mən Rəbbimin vəhy etdiyi hökmlərini sizə təbliğ edirəm. Mən sizin etibarlı nəsihətçinizəm. (Əraf surəsi, 68)

Habelə, müsəlman ağılla davranaraq, elm və incəsənətdən faydalanaraq, texnologiyanın imkanlarını yaxşı dəyərləndirərək Allah`ın bəxş etdiyi bu nemətləri İslamın xeyrinə istifadə etməlidir.

–       Müsəlmanın təbliğ edərkən daima şəfqət və sevgi ilə davranması Allah`ın əmridir

Möminlərin yanında hər cür xarakterli, hər cür düşüncəyə malik insan ola bilər. Ancaq möminlər bu insanlarla imkanları ölçüsündə bir-bir maraqlanmaqla, hər birinin qüsurlarını və səhvlərini düzəltmək üçün onlara öyüd-nəsihət verməklə, təmizliklərindən imanlarına qədər onları hər məsələdə tərbiyə etməklə məsuldurlar. Lakin bunu şəfqətlə, sevgi ilə, anlayış və səbirlə edərək bir çox insanın qəlbinin Qurana isinməsinə və Peyğəmbərimizə (s.ə.v) səmimi qəlbdən bağlanmasına vəsilə olmalıdırlar. Uca Allah möminlərə təbliğ edərkən gözəl rəftar etmələrini Quranda belə bildirir:

Allah`ın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allah`dan) onların bağışlanmalarını dilə… (Ali-İmran surəsi, 159)

Unutmaq olmaz ki, insanlara qəzəblə davranmaq, bağışlamamaq, anlayışsız yanaşmaq, kömək etməmək, pis söz söyləmək bir çox cəhətdən müsəlmanın boynuna məsuliyyət qoyur. Bu cür yanaşma həm Quran və sünnəyə ziddir, həm də İslama ziyan vurur. Müsəlman dini əsla məcburiyyətlə və ya şərt qoyaraq qəbul etdirməyə çalışmaz, gözəl üslubla təbliğ edər.

Müsəlman gülər üzü, zarafatcıllığı ilə, ən çətin vaxtlarda sabitləşdirici üslubu ilə insanların sevgisini qazanar. Möminin bu xüsusiyyətinə görə onun fikirlərinə tamamilə qarşı olan insan belə heç vaxt möminin əxlaqı haqqında pis düşünməz. Çünki hər kəs onun şəfqətli, mehriban, nəzakətli olduğunu, insanı təcrid edən deyil, qazanmağa cəhd edən şəxs olduğunu hiss edir. Müsəlmanın digər xüsusiyyəti də İslamı sözlə təbliğ etmədikdə belə əxlaqı ilə çox gözəl təbliğ etməsidir. Bu xüsusiyyətlərinə görə, Qurana uyğun hərəkət edən müsəlman insanları dindən soyutmaz, onları təcrid etməz, kimsəyə ön mühakimə ilə yanaşmaz, hər şeydən əvvəl İslamın və müsəlmanların mənfəətini düşünər, şəxsi qəzəb hissi və qüruru ilə hərəkət etməz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma