Yalçın İslamzadənin “Təkamül nəzəriyyəsi sübut olunub” başlıqlı müsahibəsinə cavab


BDC37BAC-30AE-431B-A701-317E237C6081_mw1024_s_nBu məqaləmiz təkamülçü yazıçı, fizik Yalçın İslamzadənin yaxın günlərdə kulis.az saytına verdiyi “Təkamül nəzəriyyəsi sübut olunub” başlıqlı müsahibəsinə cavab mahiyyəti daşıyır. Daha öncə Yalçın İslamzadənin ““Təkamül: İstifadə Rəhbəri” kitabı nədən bəhs edir?” məqaləsinə cavabməqaləmizdə də Y. İslamzadənin darvinizmlə bağlı xətalı şərhlərinə açıqlama gətirmişdik.

Müsahibə, ümumilikdə, fəlsəfi məzmun üzərində qurulsa da, müəyyən nüanslar olub ki, Y. İslamzadə bu amilləri darvinizmə dəlil kimi təqdim etmişdir. İndi isə, gəlin sırayla bu iddialara elmi cavabları təqdim edək:

I iddia. “(Təkamül nəzəriyyəsi) olduqca yüksək açıqlama gücünə sahib bir nəzəriyyədir və gücünü üç sadə anlayışdan alır: 1) variasiyalar – bütün fərdlər fərqlilik göstərir; 2) təbii seçmə – variasiyalar həyatda qalmaq baxımından avantaj və dezavantajlar yaradır, təbii seçmə prinsipi hansı variasiyaların həyatda qalacağına qərar verir; 3) irsiyyət – həyatda qalan fərdlər bu fərqlilikləri öz uşaqlarına ötürürlər”.

Variasiya, təbii seçmə və irsiyyət anlayışlarının təkamül nəzəriyyəsinə “güc” verdiyini iddia etmək bu məfhumların həqiqi mahiyyətini bilməməkdən qaynaqlana bilər.

Variasiya nədir? Variasiya genetika elmində işlədilən termindir və “müxtəlifləşmə” mənasını verir. Bu genetik hadisə bir canlı növü daxilindəki fərdlərin və ya qrupların bir-birlərindən fərqli xüsusiyyətlərə malik olmasına səbəb olur. Məsələn, yer üzündəki insanların hamısı, əsas etibarilə, eyni genetik məlumata malikdirlər, amma bu genetik məlumatın imkan verdiyi variasiya potensialı sayəsində bəziləri qıyıq gözlüdür, bəziləri sarışındır, bəzilərinin burnu uzun, bəzilərinin boyu qısadır.

Variasiya təkamülə dəlil deyil, çünki variasiya, onsuz da, mövcud olan genetik məlumatın fərqli cütləşmələrindən ortaya çıxır və genetik məlumata yeni xüsusiyyət qazandırmır. Təkamül nəzəriyyəsi qarşısında duran sual isə budur: tamamilə yeni növə aid yeni məlumat necə üzə çıxır?

Variasiya həmişə genetik məlumatın hüdudları çərçivəsində olur. Genetika elmində sözü gedən hüduda “gen hovuzu” deyilir. Bir canlı növünün gen hovuzunda mövcud olan bütün xüsusiyyətlər variasiya sayəsində müxtəlif formalarda üzə çıxa bilir. Məsələn, variasiya nəticəsində bir sürünən növü daxilində digərinə nisbətən daha uzun quyruqlu və ya daha qısa ayaqlı cinslər meydana gələ bilər, çünki qısa ayaq məlumatı da, uzun ayaq məlumatı da sürünənlərin gen hovuzunda var. Amma variasiya sürünənlərə qanad taxıb, lələk əlavə edib, maddələr mübadilələrini dəyişdirib onları quşa çevirmir. Çünki bu cür çevrilmə canlının genetik məlumatında əlavələr olmasını tələb edir, lakin variasiyalarda belə vəziyyət heç vaxt baş vermir.

XX əsr elmi canlılar üzərində aparılan təcrübələr nəticəsində “genetik dəyişməzlik” (genetic homoestatis) adlandırılan prinsipi aşkara çıxardı. Bu prinsip bir canlı növünü dəyişdirmək üçün edilən bütün cütləşdirmə (müxtəlif variasiya əmələ gətirmə) səylərinin nəticəsiz qaldığını, canlı növləri arasında keçilməz divarlar olduğunu ortaya qoyurdu. Yəni fərqli inək variasiyalarını cütləşdirən heyvandarların nəticədə inəkləri Darvinin iddia etdiyi kimi, başqa bir növə çevirməyi qətiyyən mümkün deyildi. “Darvin yenidən mühakimədə” (Darwin retried) kitabının müəllifi Norman Makbet bu mövzuda belə deyir:

“Problem canlıların həqiqətən də hüdudsuz şəkildə variasiyaya malik olub-olmamalarıdır… Növlər həmişə sabitdirlər. Heyvandarların yetişdirdiyi fərqli bitki və heyvan cinslərinin müəyyən həddən sonra irəliləmədiyini, hətta daima orijinal formalarına geri qayıtdıqlarını bilirik. Əsrlərlə davam edən yetişdirmə səylərinə baxmayaraq, heç vaxt qara lalə və ya mavi qızılgül əldə etmək mümkün olmamışdır”.1

Qısa desək, variasiyalar ancaq bir növün genetik məlumatının hüdudları daxilində qalan bəzi dəyişikliklər meydana gətirir, amma heç vaxt növlərə yeni genetik məlumat əlavə etmir. Bu səbəbdən, variasiyalardan “güc ala” bilməz.

Daha sonra müraciət edilən təbii seçmə prosesi də -variasiyalar yeni genetik məlumat qazanmadığına görə- təkamülə şərait yaratmır. Təbii seçmə təbiətdə daimi həyat uğrunda mübarizə olması və həyatda qalanların həmişə “güclü və təbii şərtlərə uyğun” canlılara çevrilməsi fərziyyəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanların təhlükəsinə məruz qalan maral sürüsündə əsasən sürətlə qaça bilən marallar həyatda qalar. Bir müddət sonra isə bu maral sürüsü sürətlə qaçan fərdlərdən ibarət olar. Ancaq bu proses nə qədər uzun davam etsə də, maralları başqa canlı növünə çevirməz. Zəif marallar variasiyaları aradan çıxar, güclülər həyatda qalar, amma nəticədə, həmin maral növünün genetik məlumatında dəyişiklik olmadığı üçün “növ dəyişikliyi” baş verməz. Marallar nə qədər təbii seçməyə məruz qalsalar da, maraldan başqa canlıya çevrilməzlər.

Maral nümunəsi bütün növlər üçün qüvvədədir. Təbii seçmə vasitəsilə sadəcə populyasiya içindəki şikəst, zəif və ya ətraf mühitin şərtlərinə uyğunlaşmayan fərdlər və ya variasiyalar xaric edilir. Yeni canlı növləri, yeni genetik məlumat və ya yeni orqanlar üzə çıxmır, yəni canlılar təkamül keçirmirlər. Darvin də bu həqiqəti: “faydalı dəyişikliklər baş vermədikcə təbii seçmə heç bir şey edə bilməz”,- deyərək qəbul etmişdir.2 Elə bu səbəbdən neodarvinizm genetik məlumatı dəyişdirən amil kimi mutasiya mexanizmini təbii seçmənin yanına əlavə etməyə məcbur olmuşdur. Yalçın İslamzadənin də müraciət etdiyi mutasiyaların da təkamülə dəlil olmadığını sonrakı abzaslarda izah edəcəyik.

Daha sonra isə, Y. İslamzadə qeyd edir: “irsiyyət – həyatda qalan fərdlər bu fərqlilikləri öz uşaqlarına ötürürlər”. Bəs haradadır bu “fərqliliklər”? Yuxarıda da izah etdiyimiz kimi, ortada yeni əmələ gələn fərqlilik yoxdur, buna görə də, irsiyyət yoluyla ötürüləcək yeni məlumat da yoxdur. Burada da təkamül iddiası qüvvəsini itirir.

II iddia. “Şimal qütbü yaxınlığında dairəvi arealda aralarında fərqliliklər olan, ancaq bir-birləri ilə cütləşə bildikləri üçün eyni növə aid edilən rinqa qağayıları populyasiyaları yaşayır. Arealın iki ucundakı qağayılar fərqlidirlər və cütləşmirlər, iki ayrı növdürlər. Arealın bir ucundan digər ucuna getdikcə, fərqlər kiçikdir və fərqli növ yaratmırlar, ancaq arealın ən sonunda bu fərqlər akkumulyasiya olunaraq ayrı növ yaradıblar”.

Öncəki iddiasına dəstək kimi Y. İslamzadənin irəli sürdüyü bu proses, əslində, köhnəlmiş və yeni elmi araşdırmalarla qüvvədən düşmüş iddiadan ibarətdir. Təkamülçülər yeni növlərin yaranmasını irəli sürərkən “halqa növlər” adlandırdıqları bir anlayışdan istifadə edirlər. “Halqa növlər”in ən məşhur nümunəsi isə siyənək qağayılarıdır (Y. İslamzadə türkcə materiallara istinadən bunları “rinqa qağayısı” adlandırır). İngiltərədə yaşayan gümüşü qağayı (Larus argentatus) və kiçik qarabel qağayı (Larus fuscus) adlı iki ayrı qağayı növü vardır. Bunlar həm xarici görünüşlərinə görə bir-birlərindən fərqlənir, həm də bir-birlərilə cütləşmirlər. Şimal qütbü boyunca İngiltərədən qərbə doğru getdikdə müşahidə olunub ki, gümüşü qağayı populyasiyaları ümumi görünüşcə kiçik qarabel qağayılara oxşamağa başlayır, lakin öz aralarında asanlıqla çarpazlaşırlar. Şimal qütbünü Alyaskaya, oradan da Sibirə fırlandıqca görürük ki, gümüşü qayağıların içində o biri növə olan oxşarlıqlar daha da artır, öz növlərinə olan oxşarlıq isə azalır. Lakin yenə də cütləşmədə bir maneə yoxdur. O vaxt ki, Sibirdən Skandinaviyaya, oradan da təzədən İngiltərəyə qayıdırıq, onda qarşımıza artıq iki ayrı, bir-birilə cütləşməyən qağayı növləri çıxır. Belə görünür ki, bu “həlqə”nin iki ucunda ayrı-ayrı növlər var, lakin həlqə boyunca fərdlər bir-birilə çarpazlaşa bilir. Bu kimi həlqələr növləşmə nümunəsi hesab edilir.

Ötən əsrin əvvəllərində müşahidə edilmiş bu hadisə ancaq 2004-cü ildə alman alimlər Libers, Holbiq və holland alim De Kniyffin “Biologiya Elmləri Məcmuəsi” jurnalında “Siyənək qağayıları halqa növ deyil” başlıqlı məqaləsi ilə izahını tapdı. Məqalədə yazılırdı:

“Öncəki müəlliflərin dedikləri “siyənək qağayısı”nın bir sıra ayrı-ayrı (argentatus, vegae, smithsonianus) kateqoriyalardakı canlıların məcmusu olduğu üzə çıxdı. Hansı ki, bunlar bir-birlərinin ən yaxın qohumları da deyillər. Bizim nəticələrimiz göstərir ki, halqa növ modeli siyənək qağayılarının təkamülünü düzgün əks etdirmir”.3

Göründüyü kimi, burada heç bir növləşmə baş verməyib. Təkamülçülər elə ilk başdan ayrı-ayrı növlərlə işləyiblərmiş. Bu köhnə arqument də beləliklə tarixdə qaldı.

III iddia. “Problem uzun zaman ərzində kiçik dəyişikliklərin kümülativ təsirlərini anlamaqda təsəvvürümüzün yetərsiz olmasıdır. Bir şimpanzenin təsadüfən “to be or not to be” yazması üçün lazım olan vaxt kainatın yaşından çoxdur. Ancaq bir seçici prinsip olarsa, təbii seçmə kimi səhv hərfləri silən bir seçmə, bu cümləni yazmaq üçün sadəcə 4-5 gün vaxt lazım olur”.

Burada yenə bir məntiq oyununa əl atılır. Təsadüfən “to be or not be” (olum, ya ölüm) kimi kiçik bir mənalı ifadənin belə yazıla bilməyəcəyi həqiqəti çox mahir məntiq oyunu ilə ört-basdır edilir. İddia olunur ki, kompyuterdə lazımi hərfləri seçən bir “seçici prinsip” olsa, təsadüfi basılan düymələrin içindən lazımi hərflər seçilər və bu ifadə yazılar. Təbiətdə də guya belə bir seçici mexanizm olduğu və bunun təbii seçmə olduğu irəli sürülür. Halbuki təbii seçmə kor prosesdir. Bütöv, mənalı bir cümlə yaranana qədər təbii seçmə heç bir işə yaramaz. Təbii seçmə şüurlu mexanizm deyildir. Hansı hərfdən sonra hansı hərfin gələcəyini, məqsədin nə olduğunu, nə yazılacağını bilə bilməz. Canlı orqanizm aspektindən baxdığımız zaman isə, tam, funskional bir hüceyrə, bütöv bir orqan əmələ gələnə qədər təbii seçmə yarımçıq variantların hamısını aradan qaldıracaqdır. Gözü əmələ gətirən hissələrin hamısı yerində olsa, sadəcə büllur olmasa, bu göz qeyri-funksionaldır və təbii seçmə onu seçməyəcəkdir. Ona görə də təbii seçmə heç bir şəkildə Yalçın İslamzadənin göstərməyə çalışdığı kimi şüurlu bir mexanizm deyildir.

IV iddia. “Viktoriya gölündə yaşayan, aralarında genetik olaraq sadəcə 0,4% fərq olan yaxın balıq növlərindən bəziləri yosun yeyir, bəziləri plankton, digərləri böcəklə qidalanır və başqa balıqların embrionlarını oğurlayırlar”.

Bu misalla növləşməyə nümunə göstərməyə çalışan Y. İslamzadə yenə də yanılır. Mərkəzi Afrikada, Viktoriya gölündə yaşayan sixlidlərin (xanıyabənzərlər dəstəsindən balıqlar) müxtəlifliyi çox vaxt darvinistlərin növləşmə iddiasına tuş gəlir. 2008-ci ildə aparılan araşdırmalarda müəyyən edilmişdir ki, Viktoriya gölündə yaşayan haradasa 300-ə yaxın sixlid növü fərqli-fərqli dalğa uzunluğundakı işıq spektrlərini görə bilirlər. Bir il sonrakı araşdırmalarda isə həm Viktoriya, həm də Malavi gölündə aparılan tədqiqatlarda bu canlıların  sahib olduğu müxtəlif görmə qabiliyyətlərinin qidalanma tərzi, suyun şəffaflığı kimi ekoloji amillərdən necə asılı olduğu üzə çıxdı.4

Bəzi sixlid növləri dar dalğa uzunluğuna malik rəngləri qavradığı halda, digərləri daha geniş işıq spektrini görə bilirlər. Zooplanktonlar ultrabənövşəyi işığı udurlar, zooplanktonlarla qidalanan sixlid növləri də ultrabənövşəyi işığa qarşı həssas gözlərə malikdirlər. Viktoriya gölünün tutqun sularında yaşayan növlər daha uzağı görə biləcəkləri uzun dalğa uzunluğuna həssas gözlərlə təchiz ediliblər. Malavi gölünün daha şəffaf sularında yaşayan sixlid növləri isə qısa dalğa uzunluqlarını görməklə kifayətlənirlər. Əslində, açıq şəkildə göründüyü kimi, bu hər bir canlı növünün öz yaşadığı mühitə uyğun, ən ideal şəkildə yaradıldığının sübutudur. Burada heç bir təkamül prosesi müşahidə edilmir. Təkamülçülər hər zaman olduğu kimi öz nəzəriyyələrini doqmatik şəkildə mütləq doğru qəbul edir, sonra da təbiətə bu gözlə baxırlar. Təkamülçülərin iddiasını belə xülasə etmək olar: “Əgər bir göldə çoxlu balıq növü varsa, deməli, təkamül baş verib”. Əlbəttə ki, bu fərziyyə heç bir elmi dəyər daşımır.

V iddia. “Modern insan növü 200 min il əvvəl ortaya çıxdı, başqa növlər də mövcud idi. 30 min il əvvəl Avropada Neandertallar, Asiyada Denisovanlar və Homo floresiensislər yaşayırdı. Siyahıya son əlavə olunan Cənubi Afrikada tapılan Homo naledi hominin fosilidir”.

Burada adı çəkilən üç qrup insan- neandertallar, Denisova adamları və Florens adamı müxtəlif dövrlərdə dünyanın müxtəlif bölgələrində yaşamış ayrı-ayrı insan irqləri, insan qruplarıdır. Homo naledi isə tamamilə qeyri-ciddi, populyar xarakter daşıyan, məşhur “Nature” jurnalının yayımlamaqdan imtina etdiyi quraşdırma fosildir.5 İndi bu qalıqları sırayla incələyək:

  • Bu qalıqların sadəcə bir insan irqinə aid olduğu üzə çıxmışdır. Neandertallar heç bir şəkildə “ibtidai növ” deyil, əksinə, bugünkü insanlar kimi müasir insan irqi idi. Elə buna görədir ki, əvvəllər Homo neanderthalensis deyə ayrı növ kimi xarakterizə edilən bu qalıqlar sonradan Homo sapiens neanderthalensis deyə dəyişdirilib, yəni sadə bir insan irqi olduğu qəbul edilir.6 Neandertalların qısa və dar kəllələri, iri almacıq sümükləri və burunları və ən səciyyəvi cəhətləri olan başlarının arxasındakı kiçik toppuzşəkilli sümük çıxıntıları (əmgək çıxıntısı) vardı. Məşhur antropoloq Ç. Lorinq Breys Feniksdə baş tutan Amerika Antropoloji Birliyinin illik yığıncağında çıxış edərkən bir çox müasir danimarkalı və norveçlinin də eynilə bu xüsusiyyətlərə sahib olduğunu ifadə etmişdir. “Əslində, Amerika hinduları və ya avstraliyalı aborigenlərdən daha çox bugünkü avropalıların kəllələri Neandertal kəlləsinə bənzəyir”,- deyə Breys çıxışında bildirir.7 Neandertallarla bağlı bəzi mütəxəssislərin də sözlərinə yer verək. Amerikalı antropoloq, Miçiqan Universitetinin Antropologiya Muzeyinin elmi işçisi Holli Smit: “Dişlərin inkişaf formalarına əsaslanaraq apardığımız təhlillər avstralopiteklər və Homo habilisin Afrika meymunları ilə eyni kateqoriyada olduqlarını, Homo erectus və Neandertalların isə insanlarla eyni kateqoriyada olduğunu göstərir”.8 Vaşinqton Universitetinin Antropologiya departamentinin professoru, neandertallar və “insanın təkamülü” mövzuları üzrə ekspert Erik Trinkaus isə deyir: “Neandertal qalıqları və müasir insan skeletləri arasında aparılan təfsilatlı müqayisələr göstərmişdir ki, Neandertal anatomiyasında hərəkət, alət istifadəsi, zəka səviyyəsi və ya nitq qabiliyyətlərində müasir insanlardan aşağı sayıla biləcək heç bir şey yoxdur”.9
  • Denisova adamları. 2010-cu ildə tək çeçələ barmağa aid qırıntı Rusiyanın Denisova mağarasından tapıldı. Bu qırıntının 41.000 il yaşı olduğu ölçüldü. Sadəcə bir çeçələ barmağı tapılmasına baxmayaraq, təkamülçülər çox böyük hay-küylə bu qalığı gündəmə gətirdilər və bunu “Naməlum insanabənzər!”, “Sibirdə üçüncü insan növü tapıldı” kimi mübaliğəli başlıqlarla yayımladılar. Fosilin həqiqi hekayəsi isə belədir: Çeçələ barmağından tapılan mitoxondri DNT-sini analiz edən təkamülçülər gördülər ki, bu fosilin mənşəyi “Afrikadan çıxış” tezisi ilə, yəni bütün bəşəriyyətin əcdadının afrikalı olması tezisi ilə uyuşmur. Yəni bu fosil, əslində, köhnə darvinist iddiaları təkzib edən və darvinist sxemləri alt-üst edən tapıntı idi. Lakin bu vəziyyəti ört-basdır etmək istəyən darvinistlər Denisova adamını yeni, başqa bir növ kimi qələmə verirlər. Mitoxondri DNT-sindən (mtDNT) çıxardıqları nəticə isə bu idi: Denisova adamları fərqli bir nəsildən gəlir, Afrikadan çıxıb 40.000 il öncə Asiyaya köçmüş yeni bir növdür və ətraflı təhlillərlə onun da əcdadının kim olduğu müəyyənləşdiriləcəkdir. Halbuki bütün bu metodlar və proqnozlar uydurma idi. Təkamülçülər illərlə mitoxondri DNT-sinin irsən ancaq anadan ötürüldüyünü, buna görə də, ana-nənə-ulu nənə və i.a. sırasıyla gedildiyi zaman konkret əcdada çatıla biləcəyini iddia etmiş, Denisova adamı kimi fosilləri də bu metodla incələmişlər. Lakin 1999-cu və 2002-ci illərdə aparılan tədqiqatlarla ard-arda bu metodun yanlışlığı açıq-aşkar üzə çıxmışdır.1999-cu ildə “Proceedings of the Royal Society” jurnalında yayımlanan iki ayrı məqalədə bəzən mitoxondrilərin həm də atadan gələ bildiyi sübut edilmiş10, 2002-ci ildə “New Scientist” jurnalının internet səhifəsində yayımlanmış xəbərdə bir danimarkalının 90% mitoxondrisini atadan aldığı məlum olmuşdur.11 Beləliklə, “anadan gələn mitoxondri DNT-si”nə əsaslanan bütün təkamülçü fərziyyələr qüvvəsini itirmiş oldu. Həmçinin Təkamülçülərin “Mitoxondrial Həvva” tezisinin yanlışlığı məqaləmizdən də bu mövzuda geniş məlumat ala bilərsiniz.
  • Flores adamı. “Hobbit” ləqəbi ilə də tanınan Flores adamı 2003-cü ildə İndoneziyanın Flores adasında kəşf olunmuşdu. Bu qədim insan fosilinin yaşı isə 100 min illə 60 min il arasında dəyişir. Bir il sonra floresiensisin Homo sapiensdən fərqli bir növ olaraq təqdim olunmasına etiraz edən indoneziyalı alimlərin fikirlərini sonradan başqa mütəxəssislərin dəstəkləməsi fosil barədə mübahisələri qızışdırır.12 Bu siyahının başında avstraliyalı alim Maçey Henneberq (Maciej Henneberg), Alan Torn (Alan Thorne) və Amerikadakı Fild Təbiət Tarixi Muzeyindən olan tədqiqatçılar gəlirdi. İndoneziyalı alimlərdə olduğu kimi, bu yeni etirazlar da Flores adamının mikrosefaliya adlı nevroloji xəstəlikdən əziyyət çəkdiyini vurğulayırdı. Bu fikrə əsas dəstək 32 illik anatom və paleopatoloq Henneberqdən gəldi. Avstraliyadakı Adelaida Universitetinin Anatomiya Elmləri Departamentinin rəhbəri Henneberq, əvvəlcə, “Nature” jurnalının internet saytında nəşr olunan Flores adamının kəllə sümüyü ölçülərini tədqiq etdi. Həmin an alimin ağlına oxşar quruluşdakı başqa bir kəllə sümüyü gəldi. Həmin kəllə sümüyü Krit adasında tapılan 4000 illik Homo sapiens örnəyi idi. Bu örnək H. sapiens növünə aid olsa da, olduqca kiçik həcmli idi və kəllə sümüyünü tədqiq edən alimlər bu vəziyyəti daha əvvəl mikrosefaliya xəstəliyi ilə açıqlamışdılar. Avstraliyalı alim 15 kəllə sümüyü ölçüsünə əsasən apardığı statistik müqayisələr nəticəsində bu iki kəllə sümüyü arasında “heç bir fərqin olmadığını” aşkar etdi. Etirazları ABŞ-ın məşhur “Science” jurnalında da çap olunan13 Henneberq Flores adamının kəllə sümüyü ölçülərinin mikrosefaliyadan qaynaqlandığını isbat edir. Tədqiqatçı, həmçinin Flores adamının üz anatomiyasının H. sapiens limitləri çərçivəsində olduğunu da qeyd edir. Avstraliya Milli Universitenin antropoloqu Alan Torn isə Flores adamının ayrı bir növ olduğu yönündəki iddianın şişirtmə olduğuna diqqət çəkir.14

Homo naledi.

Tamamilə quraşdırma olan Homo naledi fosili haqqında daha öncə Təkamülçülərin Homo naledi ssenarisi puç çıxdı və “National Geographic” jurnalının Oktyabr, 2015 sayında yol verilən xətalar başlıqlı məqalələrimizdə hərtərəfli məlumat vermişdik. Ona görə də bu fosil haqqında burada qısaca bəzi faktlara yer verəcəyik:

  • Bu fosil 1550 ədəd ayrı-ayrı sümüyün bir yerə yığılmasından ibarət quraşdırma fosildir.
  • Homo nalediyə aid edilən kəllə qutusunun həcmi portağal qədər, 500 sm3 təşkil edir, bugünkü şimpanzelərlə eyni həcmdədir.
  • Maili üz quruluşu və kobud çənə strukturu olması, insanlar üçün xarakterik olan çıxıntılı burun sümüyü olmaması da bu fosilin Homo olmadığını sübut edir.
  • Fosilin çiyin oynaqlarının quruluşu və əyri barmaq sümükləri ağaclarda sallanan meymunlara xas xüsusiyyətlər arasında sayıla bilər. Naledinin əlindəki orta və proksimal falanqalar hətta Australopithecus afarensis növü meymunlardakından daha əyridir.
  • Homo naledidə müşahidə edilən geniş çanaq kürəkləri avstralopiteklər üçün səciyyəvidir. Aşağı döş qəfəsi də eynilə avstralopiteklərdəki kimi genişlənir.
  • Homo naledinin tapıldığı bölgədən bu günə qədər ancaq avstralopitek, yəni meymun nümunələri çıxarılmışdır.

VI iddia. “Bunu (ara-keçid formaları) araşdırmaq çox çətin deyil. Qarşınıza uzun bir ara form siyahısı çıxacaq. Archaeopteryx, Sphecomyrma, Tiktaalik, Pakicetus, Homo Heidelbergensis, A. Ramidus, A. Afarensis və s”.

Yalçın İslamzadə əgər saxta ara-keçid formaların uzun siyahısından danışırsa, onda həmin keçid forma iddialarına bir-bir elmi cavabların verildiyi Ara-Keçid Forma İddialarına Cavab -I- Hissə-II- Hissə və -III- Hissə başlıqlı məqalələrimizlə də tanış olmalıdır. İndi konkret adı çəkilən “keçid forma”ların əsl mahiyyəti ilə tanış olaq:

  1. ARXEOPTERİKS (Archæopteryx)

Təkamülçülərin teropod dinozavrlarından quşlara keçid forma hesab etdikləri 150 milyon il yaşı olan bu məşhur fosilin, əslində, bütün xüsusiyyətlərilə tam bir quş olduğu məlum olmuşdur. Təkamülçülər öncələr bu fosilin döş tili olmadığını, buna görə də, uça bilmədiyini önə sürmüş, lakin 1992-ci ildə tapılmış 7-ci (Münix) arxeopteriks nümunəsində döş tilinin olduğu məlum olmuşdur.15 Bundan əlavə, arxeopteriks müasir quşlarınkından fərqsiz olan asimmetrik lələk quruluşuna malik idi.16 Təkamülçülərin irəli sürdüyü digər iddialar arxeopteriksin ön ətraflarında caynaqlara və dişlərə sahib olmasıdır. Lakin bu iddialara da elm adamları tərəfindən təfsilatlı cavablar verilmişdir. Caynaqların bu gün yaşayan dəvəquşu, mahmızquşu, hoazin kimi quşlarda da mövcud olduğu, arxeopteriksin diş strukturunun isə teropod dinozavrlarınkından olduqca fərqli olduğu üzə çıxmışdır. Arxeopteriksin və digər dişli quşların dişlərinin üstü düzdür və kökləri genişdir. Lakin bu quşların əcdadı olduğu iddia edilən teropod dinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri də dardır. Ən əsası, arxeopteriksdən tam 70 milyon il daha qədim olan quşun- protoavisin elm aləminə məlum olması ilə arxeopteriks haqqındakı “əcdad” iddiaları da tamamilə təkzib edilmişdir.17

  1. SFEKOMİRMA (Sphecomyrma)

İlk dəfə 1966-cı ildə tapılmış bu fosil Tabaşir dövrünə aid, təxminən 90 milyon illikdir. Kəhrəba içində fosilləşib. Eynilə bu gün yaşayan və “dinozavr qarışqaları” (Nothomyrmecia macrops) adlanan qarışqalara bənzəyirlər.18 Əvvəllər sfekomirmanın sırf qarışqalara xas olan metaplevral vəzilərə sahib olmadığı, buna görə də, arılarla qarışqalar arasında keçid forma olduğu fərz edilirdi. Lakin sonradan tapılan sfekomirma nümunələrində bu vəzinin mövcud olduğu məlum olduqda bu fosilin tam qarışqa olduğu üzə çıxdı.19 Bu vəzi bakteriya və göbələklərə qarşı antibiotik ifraz edir, hansı ki, bu da ilk qarışqaların bugünkülər kimi koloniyalar halında yaşadığını da sübut edir.

  1. TİKTAALİK (Tiktaalik roseae)

Təkamülçülərin ən müasir saxtakarlıq nümunələrindən olan tiktaalik ilk tapıldığı zaman yalnız kəllə sümüyündən ibarət olmuş20, lakin daha sonra təkamülçülər tərəfindən buna balıq bədəni və üzgəcləri əlavə edilmişdir. 375 milyon illik bu fosil haqqındakı bütün təkamülçü fərziyyələr 2010-cu ildə Polşada tiktaalikdən 18 milyon il daha qədim tetrapod izlərinin tapılması ilə alt-üst oldu.21 Təkamülçülər tiktaalikin  “ayaqlanmağa başlayan” və üzgəclərə sahib bir canlı olduğunu, yəni balıqlardan amfibiyalara keçid forma olduğunu iddia etdikləri halda, Polşa ayaq izləri açıq şəkildə göstərirdi ki, tiktaalikdən çox öncələr də tetrapodlar (dördayaqlı canlılar) yaşamışdır. Kvinslend Universitetindən prof. Tes Uolker də eyni nüansı gözdən qaçırmamışdı və belə deyirdi: “Dördayaqlı canlılar 18 milyon il daha əvvəl mövcud olublarsa, tiktaalik iddia edildiyi kimi keçid forma ola bilməz”.22 Polşadakı bu tapıntının elm dünyasını necə sarsdığı elm adamlarının şərhlərində özünü çox açıq şəkildə büruzə verir. Kembric Universitetindən paleontoloq Cennifer Klek bu barədə belə deyir: “Biz dördayaqlıların mənşəyilə bağlı işləri bitirdiyimizi düşünürdük. İndi isə, hər şeyi yenidən düşünməli olacağıq”.23 BBC-in hesabatlarından birində də bu mövzuya toxunulmuş və belə yazılmışdı: “…lakin tiktaalik təqribən 375 milyon il öncə yaşamışdı. Baxmayaraq ki, bir qədər daha qədim keçid formalar var, Zaxelmiya mədəninin (Polşadakı ayaq izlərinin tapıldığı ərazi) tetrapodları nizamlı və sadə zaman qrafikasının (nəsil ağacının) üzərindən xətt çəkir”.24

  1. PAKİSET (Pakicetus inachus)

Ara-keçid forma fosili olaraq məşhurlaşan bir digər qrup fosillər də “balinanın təkamülü” fosilləridir. Bu xəyali sıralamanın başında 45 milyon il yaşı olan pakiset adlı, həqiqətdə, mezonixidlər kateqoriyasına aid nəsli kəsilmiş quru məməlisi gəlir. Fosilin ayaqları vardır və bütün skeleti dörd ayaq üzərində gəzməyə əlverişli struktura malikdir.25 Fosilin tapıldığı yer də paslanmış dəmir filizinin tapıldığı və ilbiz, tısbağa və ya timsah kimi quruda yaşayan canlıların da fosillərinin olduğu bir ərazi idi, yəni dəniz yatağı deyil, quru hissəsi idi.26 Sadəcə olaraq, pakisetin də daxil olduğu mezonixid dəstəsi bir çox müxtəlif anatomik xüsusiyyəti özündə ehtiva edə bilən bir qrupdur. Bu cür “mozaik” canlıların (məs., ördəkburun) keçid forma olmadığını isə ən nüfuzlu təkamülçülərdən olmuş Cey Quld və Nils Eldric də qəbul edirlər.27 Təkamülçülər isə saxtakarlığa yol verərək bu canlının rekonstruksiyasını sanki dənizdə üzürmüş kimi çəkmişdilər.28

  1. HEYDELBERQ ADAMI (Homo heildelbergensis)

Heydelberq adamı qazıntı insan formalarından biridir. 1907-ci ildə alman antropoloqu O. Şötenzak Almaniyanın Heydelberq şəhəri yaxınlığında, Elsents çayı vadisində 24 metr dərinlikdən tapdığı alt çənə sümüyünə bu adı vermişdi. Sonradan tapılan və bu kateqoriyaya salınan insan sümükləri Avropada 600 min-400 min il əvvəl yaşamış insanları təmsil edir. Şötenzak və sonrakı təkamülçülər onu “primitiv” insan kimi saysalar da, sonrakı tapıntılarla məlum oldu ki, Heydelberq adamı heç də müasir insanlardan fərqlənmir. Ayrı növ deyildir və sadəcə olaraq, Avropada ilk məskunlaşmış insan irqidir. Elə buna görədir ki, tapılan 200 min illik insan qalıqlarına bəzi təkamülçülər Heydelberq adamı, bəziləri neandertal, bəziləri isə başqa bir insan irqi olan Homo erectus adı verirlər.29 Çünki bu gün insanlar arasında irqi fərqliliklər olduğu kimi, yüz min illər əvvəl də bu fərqlər var idi. Həqiqətdə, tapılan bu qalıqlar tək bir insan növünün müxtəlif irqlərinə aiddir.

  1. ARDİ (Ardipithecus ramidus)

Əslində, 1994-cü ildə tapılmış olan Ardi fosili 15 ildən sonra böyük bir kəşf kimi gündəmə gətirildi. Darvinistlər 4,4 milyon il yaşı olan Ardini “ayaqüstə rahat gəzdiyi”ni göstərən şəkillərlə təbliğ etdilər. Sonradan isə bu fosilin sadəcə bir bonoboya (cırtdan şimpanzeyə) aid olduğu məlum oldu. İlk tapıldığı zaman çox kiçik hissələrə parçalanmış olan omba sümüyünü isə təkamülçülər öz istədikləri kimi bitişdirib bu canlını “dik yeriyə bilən” vəziyyətə gətirmişlər.30Darvinistlərin Ardi haqqındakı “ailədə vəzifə bölgüsü” iddiaları isə yenə də özünü doğrultmur. Çünki heyvanlar aləmində bir çox növün erkəkləri və dişiləri arasında vəzifə bölgüsü mövcuddur və bu vəziyyət bonobo meymunlarında da eynidir. Digər tərəfdən, Ardinin ara keçid forma olmamasını onun təbliğatından qısa müddət sonra nüfuzlu təkamülçü dairələr də etiraf etmişdir. Bunların başında isə Stouni Bruk Universitetinin Tibb Mərkəzindən anatomik elmlər bölümü şefi Uilyam Yunqers31 və Ardi üzərində incələmələr aparan və Ardinin insanın xəyali təkamülündə itmiş halqa olduğunu irəli sürmüş Kaliforniya Universitetindən məşhur darvinist Tim Uayt32 gəlir. Uayt belə deyir: “Ardipithecus ramidusun avstralopiteklərin əcdadı olduğu çıxarışını kifayət dərəcədə haqlı çıxardacaq heç bir xüsusiyyət göz önündə mövcud deyil”.33

  1. AVSTRALOPİTEK (Australopithecus)

İnsanın təkamülü nağılında darvinistlərin tez-tez dilə gətirdikləri və 4-1 milyon il əvvəl yaşamış olan bu uydurma “keçid forma”nın, həqiqətdə, nəsli kəsilmiş bir meymun növündən başqa bir şey olmadığı məlum olmuşdur. Bu canlının eynilə müasir şimpanzelər kimi kiçik beyin həcminə (400-500 sm3), 130 sm-lik boya, bir-birinə yaxın gözlərə, iti azı dişlərinə, qısa ayaqlar və uzun əllərə sahib olduğu görülmüşdür.34 Həmçinin əl və ayaqlarında ağaclara dırmaşmaq üçün çıxıntılar olması da bu fosilin nəsli kəsilmiş bir meymun növündən başqa bir şey olmadığını üzə çıxarmışdır.35 Bu canlının dik yerimiş olduğu iddiası isə məşhur anatomlar Sukerman36 və Oksnardın37 araşdırmaları ilə təkzib edilmişdir.

VII iddia. “Laboratoriya şəraitində, E.coli bakteriyasının streptomitsin adlı antibiotikə dayanıqlı və qidalanmaq üçün histidin adlı amin turşusuna ehtiyac duymayan mutasiyaları əldə edilir. Vərəm bakteriyası və QİÇS virusu mutasiya edir, mövcud antibiotik və vaksinlərdən təsirlənmir”.

E. coli bakteriyasının keçirdiyi mutasiyalar. Təkamülçülərin faydalı mutasiya kimi göstərməyə çalışdıqları bioloji faktlardan biri bakteriyaların antibiotiklərə qarşı müqavimətidir. Halbuki bu məsələdə də təkamülçülər yanılırlar. Keçən əsrin əvvəllərindən tətbiq olunmağa başlayan antibiotiklər müxtəlif bakteriyalara qarşı istifadə edilmiş və uğurlu nəticələr əldə edilmişdir. Ancaq bir müddət sonra məlum olmuşdur ki, bakteriyalar antibiotiklərə qarşı zaman keçdikc müqavimət qazanırlar. Təkamülçülər bu faktı “bakteriyalar mühitə uyğunlaşaraq təkamül keçirdi” kimi qələmə verirlər. Halbuki bu müqavimətin iki mexanizmi vardır. “Təsadüfən deyil” adlı kitabında biofizik prof. Li Spetner bu mexanizmləri belə açıqlayır: 1) Bakteriyalarda əvvəlcədən mövcud olan müqavimət genlərinin ötürülməsi; 2) Mutasiya nəticəsində genetik məlumat itkisinə uğrayan bakteriyaların antibiotikə qarşı müqavimət qazanması.38 Birinci hal heç bir şəkildə təkamülə dəlil deyildir, çünki məlum olmuşdur ki, bir çox bakteriya hələ antibiotiklərin kəşfindən öncə də müqavimət genlərinə sahib idilər.39 İkinci hal isə, streptomisin adlı antibiotikə qarşı müqavimət qazanan bakteriyalarda müşahidə olunmuşdur. Bu müqavimətin səbəbi mutasiya nəticəsində bakteriyanın ribosomunun xəsarət alması və streptomisinin ribosoma bağlana bilməməsidir. Antibiotikə qarşı müqavimətə yol açsa da, ribosom kimi həyati əhəmiyyətli orqanoid şikəst hala gəlmişdir və Spetnerin də qeyd etdiyi kimi, bu, təkamülün tələb etdiyi bir mutasiya nümunəsi deyil, genetik itkidir.40

Histidin adlı aminturşu bağırsaq çöpü (E. coli) bakteriyalarının qidalanması və böyüməsi üçün zəruri komponentdir. Lakin histidindən məhrum mühitdə yerləşdirilən bağırsa çöplərinin heç də hamısı məhv olmur. Müşahidə edilmişdir ki, bəzi bakteriyalar mutasiya keçirərək histidinsiz mühitə adaptasiya ola bilir. Lakin burada yenə də heç bir təkamül xarakterli dəyişiklik yoxdur, çünki yeni genetik məlumat əmələ gəlmir.  Ekstrimal mühitlərə adaptasiya olan bakteriyalar başqa təcrübələrdə də- laktoza və sitrat istehlak edən nümunələrdə də müşahidə edilmişdir. Lakin burada ətraflı qeyd etdiyimiz bu proses qətiyyən təkamül prosesi deyildir.

Vərəm bakteriyasındakı mutasiyalar. Bağırsaq çöpü bakteriyalarındakı vəziyyət vərəm bakteriyaları üçün də qüvvədədir. Vərəmi  yoluxduran bakteriyalar (Mycobacterium tuberculosis) bir müddət sonra onlara qarşı işlədilən izoniazid adlı antibiotikə müqavimət qazanırlar. Bu, hansısa təkamül prosesi deyildir. Mikrobioloji araşdırmalarla məlum olmuşdur ki, vərəm çöplərində antibiotiklə birləşən və bakteriyanın ölümünə yol açan fermentlər mutasiyalarla öz funksionallığını itirə bilir. Beləliklə də, antibiotik daha həmin fermentlə birləşib bakteriyaya təsir edə bilmir.41 Burada yeni genetik qazanc yoxdur, əskinə, əvvəllər bakteriyanın funksional olmuş fermenti öz funksionallığını itirmişdir, yəni genetik itki baş vermişdir. Digər bir araşdırma da sübut etmişdir ki, antibiotikə müqavimət qazanmış vərəm çöpləri təbii şəraitdə, yəni antibiotik olmayan mühitdə normal vərəm bakteriyaları ilə rəqabət apara bilmirlər. Bu da bir daha heç bir təkamül prosesindən söz gedə bilməyəcəyini isbat edir.42

QİÇS virusunun təkamülü iddiası. İnsan immun çatışmazlığı virusu olan HIV-in müxtəlif dərman preparatlarına qarşı müqavimət qazanmasının təkamülə nümunə olduğu hesab edilir. Ümumiyyətlə, viruslar haqqındakı bu iddialar bir yanlışlıqdan qaynaqlanır: variasiyaların, yəni müxtəlifləşmənin təkamül zənn edilməsi. Viruslar çox intensiv çoxaldıqları, bu minvalla da, çoxsaylı mutasiyalara məruz qaldıqları üçün nəsildən-nəslə dəyişikliklər göstərirlər. HIV də öz RNT-sində çoxlu dəyişilmələrə məruz qalır. Lakin bu, virus üçün faydalı və ya zərərlidirmi? Heç biri deyil. Çünki viruslar canlı deyillər! Viruslar sadəcə zülal qılafın içinə yerləşdirilmiş genetik məlumatdan ibarət kristal quruluşlardır. Virusun tək həyat əlaməti bir orqanizm tapıb ona yoluxmaq və çoxalmaqdır.43 Nəsildən-nəsildə mutasiya keçirən viruslarda təkamüldən söz gedə bilməz, çünki büsbütün yeni genetik informasiya qazanılmamışdır, sadəcə bir virus öz daxilində müxtəlifləşmə keçirmişdir. Ən əsası isə, viruslar canlı olmadıqlarına görə, milyonlarla il ərzində başqa canlılara, məsələn, bakteriyalara çevrilə bilməzlər. Nə qədər mutasiyaya uğrasalar belə, viruslar yeni genetik informasiya, yeni orqan və ya orqanoid də qazana bilməzlər. Pensilvaniya Lihay Universitetindən biokimyaçı prof. Maykl Behe də bütün “təkrarlanan mutasiyalar, amansız rəqabət və təbii seçmə”yə baxmayaraq, HIV-in HIV olaraq qaldığını, başqa canlıya çevrilmədiyini vurğulayır.44 Dr. Karl Viland da “QİÇS təkamül keçiribmi?” başlıqlı məqaləsində QİÇS virusunun keçirdiyi dəyişikliklərin onu tamamilə yeni və daha kompleks canlı orqanizmə çevirəcək növdən dəyişikliklər olmadığını vurğulayır və bildirir ki, burada təkamüldən söz gedə bilməz.45

VIII iddia. “Darvinin Qalapaqosda müşahidə etdiyi quşlardakı mutasiyaları Princeton Universiteti bioloqları Rosemary və Peter Grantlar yenidən müşahidə etdilər, üstəlik quşların dimdiklərindəki fərqə cavabdeh olan gen də müəyyənləşdirildi – HMGA2 geni”.

Yalçın İslamzadə burada da populyar mətbuatda oxuduğu, lakin dərindən araşdırmadığı bir mövzuya toxunur. Mediada sevilən başlıqlardan olan “Darvinin vürokları” bu yaxınlarda yenə gündəmə gəlmişdi. Keçən ay “The Washington Post”da yayımlanan araşdırmada Qalapaqos adalarındakı vürokların “hələ də təkamül etdiyi” haqda əsassız xəbərlərə yer verilirdi.

Yalçın İslamzadə müsahibəsinin başqa bir hissəsində də Darvinin “qidalanmasından asılı olaraq dimdikləri müxtəlif formalar almış quşları müşahidə etdiyi”ni deyir. Halbuki Qalapaqos quşları Darvinə heç də deyildiyi qədər təsir etməmişdi. Qalapaqos səyahətində Darvin vürokları yığıb çantasına atmış, bir çoxunu yanlış etiketləmişdi. Sonradan heç “Növlərin mənşəyi”ndə də bu vüroklardan danışmamışdı. Darvin heç vürokların dimdiklərini onların qidalanması ilə də əlaqələndirməmişdi. Bunlar hamısı Qalapaqos vüroklarını bir əsr sonra araşdıran təkamülçülərin dediyi sözlər idi.

1970-ci illərdən başlayaraq bioloqlar müşahidə etdilər ki, Qalapaqos adalarında quraqlıq, miqrasiya, yağış kimi amillərdən asılı olaraq dimdik ölçüləri fərqlənən vürok növlərinin sayında artıb-azalmalar baş verir. Qısaca desək, quraqlıq zamanı sadəcə iriölçülü, qırılması çətin olan bitki toxumları adada yayıla bilirdi. Buna görə də bu toxumlarla qidalana bilən nisbətən iridimdikli vürokların sayı artmışdı. Lakin quraqlıq bitdikdə, quşların say nisbəti yenidən bərpa oldu. Ortada heç bir təkamül yox idi.

1980-ci illərdə Qalapaqoslara iri vürok növünün köçü baş verdi. 2004-2005-ci illərdəki quraqlıqda bu iri vüroklar bitki toxumlarına hakim oldular və adanın köhnə sakinlərinin qidası da beləliklə azaldı. Bu quraqlıqda da əvvəlkində olduğu kimi vürok saylarında və dimdik ölçülərində dalğalanmalar baş tutdu. Lakin yenə də ortada bir təkamül, yeni növ yox idi. Sadəcə əvvəlcədən mövcud olan fərdlərdən quraqlıq mövsümünə daha əlverişli olanlar sağ qalmışdı.

İndi isə alimlər vürokların dimdik ölçüsünə cavabdeh olan genin HMGA2 adlı gen olduğunu müəyyənləşdiriblər. Gəlin məlumatları ümumiləşdirək: Birinci quraqlıqda bəzi vürokların sayı artır, ikinci quraqlıqla sayları azalır və dimdik ölçüsünə cavabdeh gen tapılıb. Bu, vürokların təkamül etdiyinə bir sübutdurmu? Xeyr. Təbii ki, vürokların hər bir xüsusiyyətini idarə edən bir gen var və hələ bir çox gen də gələcəkdə kəşf olunacaq, lakin bu qətiyyən təkamül prosesini izah etmir. Təkamülçülər bu genin hansı təsadüfi proseslərlə ortaya çıxdığını, hansı mutasiyalarla müxtəlif dimdiklərə çevrildiyini izah etməlidirlər. Əlbəttə ki, təsadüfən heç bir gen əmələ gələ bilməz və bu prosesin də darvinist izahı yoxdur.

IX iddia. Neytral mutasiyalar olduğu kimi faydalı mutasiyalar da var. Məsələn, immunitet sisteminin B-hüceyrələri sümük iliyində bölünərkən bu hüceyrələrin antigen reseptorlarını yaradan genləri mutasiya edir və nəticədə bu reseptorlar sayəsində immunitet sistemi minlərlə antigenə qarşı mübarizə qabiliyyəti yaradır. Mutasiya nə qədər çox olarsa, immunitet sistemi o qədər hazırlıqlı olur”.

Təsadüfən, yəni təsadüfi mutasiyalar yoluyla yeni genin əmələ gəlmədiyi aşkar olandan sonra, təkamülçülər “faydalı mutasiya” dedikləri bir anlayışla ortaya çıxdılar. Guya ki, bəzi təsadüfi mutasiyalar faydalı nəticələrə yol açır, beləliklə də, təkamülə şərait yaradır. Bu faydalı mutasiya iddialarından biri də B-hüceyrələrdəki hipermutasiya iddiasıdır. B-hüceyrələr immunitet sisteminin bir hissəsi olub qanın tərkibində dolaşan hüceyrələrdir. Qana yad ünsür daxil olduğu zaman B-hüceyrələr həmin yad ünsürə (antigenə) qarşı zərərsizləşdiricilər (antitellər) istehsal etməyə başlayır.

B-hüceyrələr digər bədən hüceyrələrindən fərqli olaraq, çox intensiv çoxalırlar və çoxsaylı mutasiyalarla üzləşirlər. Mutasiyalara məruz qalmış trilyonlarla B-hüceyrədən bəziləri əvvəllər tanımadığı antigenləri artıq tanımağa başlayır və bu sayədə, onları təsirsiz hala gətirə bilir. Təkamülçülər mutasiya yoluyla, “təsadüfən” əmələ gəlmiş B-hüceyrələrin immunitetdə rol oynamasını guya faydalı mutasiya iddialarına bir dəlil kimi təqdim edirlər. Halbuki bu, mövzuya tamamilə səthi yanaşmadan qaynaqlanan bir düşüncədir.

Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, B-hüceyrələrdə baş tutan bu dəyişikliklər heç də təsadüfi deyilmiş. Somatik ifratmutasiya (SHM) adı verilən bu proses hüceyrədaxili genetik mexanizmdən ibarət məqsədyönlü işdir.46 Bu ifratmutasiyalar ancaq antitel istehsalı istiqamətində gerçəkləşir, belə ki, genomun 99,99%-i xaric olmaqla, məhz antitel funksiyası icra edən bir neçə yüz nukleotidlik bölgədə “mutasiya” baş verir.47 Əlbəttə ki, bu, təsadüfi proses sayıla bilməz. Eyni hüceyrədaxili mutasiya mexanizmi daha öncə neylon və laktoza istehlak edən bakteriyalarda da müşahidə edilmişdi.48

Yəni bu, qətiyyən təkamül nəzəriyyəsinin tələb etdiyi təsadüfi mutasiyalara nümunə ola bilməz. Digər tərəfdən, B-hüceyrələrdəki bu dəyişikliklərin irsən ötürülə bilməməsi də bu haqda bütün təkamülçü iddialara son qoyur.

X iddia. Növlərin ayrılma tarixini müəyyən etmək üçün yeni yaradılan “molekulyar saat” metodu, paleontologiyanın ortaya qoyduğu tarixləri təsdiqləyir… 25 milyon il əvvəl ayrılan növlərdə 7.3%-lik, 12 milyon il əvvəl ayrılan növlərdə 3.6%-lik DNA fərqi var”.

Burada da xətalı məlumatlara yer verilir. İlk öncə, ortadakı məntiq xətasını üzə çıxaraq. Təkamülçülər genetika elmindən öz nəzəriyyələri üçün sui-istifadə etməklə müxtəlif canlıların genetik oxşarlıqlarını ölçür, genetik cəhətdən nisbətən oxşar olan növləri “bir-birinə yaxın qohum” adı altında budaqlara yerləşdirirlər. Daha sonra bu genetik fərqlərə əsasən iki canlının “ən yaxın ortaq əcdadı”nın nə vaxt yaşamış ola biləcəyini xəyal edirlər. Bəziləri üçün 100 milyon, bəziləri üçün 25 milyon, bəziləri üçün də 12 milyon il ortaq əcdad yaşı təyin edirlər. Daha sonra eynilə bu iddia ilə çıxış edirlər: 12 milyon il əvvəl ayrılan növlər 25 milyon il əvvəl ayrılanlardan daha çox ortaq genə malikdir (!) Buradakı dövri məntiqi, ciddi məntiq xətasını görmək elə də çətin deyil.

Üstəlik, bu iddia elmi cəhətdən də doğru deyil. Misal üçün, 2006-cı ildə bəyan edilən tədqiqata əsasən, insan-şimpanze genləri sadəcə 94% üst-üstə düşür (aşağıda bu haqda daha ətraflı məlumata yer verilib). Rezus meymunları ilə aparılan müqayisələrdə isə 93 faizlik genetik oxşarlıq olduğu müəyyən edilib.49 Bu qədər yaxınlıq təkamülçülər cəhətdən çıxılmaz vəziyyətdir. Çünki təkamül nəzəriyyəsinə əsasən, şimpanzelərlə ortaq əcdaddan 6 milyon il əvvəl, rezuslarla isə düz 25 milyon il əvvəl ayrıldığımız güman edilir. Belə bir vəziyyətdə rezuslarla aramızda çox daha geniş boşluq olmalı idi, lakin genetik dəlillər sadəcə 1 faizlik boşluq göstərir.

Xiddia. Ən ciddi sübutlardan biri beynin quruluşudur. Yəni biz beynimizin ibtidai hissələrini digər canlılarla paylaşırıq. Məsələn, kiçik beyin – serebellum var – hərəkəti idarə edir. Ancaq insanı insan edən əsas faktorlardan biri – əmək alətlərinin yaradılması üçün tələb olunan incə əl bacarıqları beynin neokorteksi tərəfindən koordine edilir”.

Yalçın İslamzadənin “biz beynimizin ibtidai hissələrini digər canlılarla paylaşırıq” sözləri ilə istinad etdiyi hipotez “üçqatlı beyin fərziyyəsi”dir. Üçqatlı beyin (triune brain) fərziyyəsi ilk dəfə təkamülçü neyrobioloq Pol D. Maklin tərəfindən 1960-cı illərdə formalaşdırılmışdır. Maklin iddia etmişdir ki, onurğalıların ön beyini təkamül prosesində üst-üstə yığılan 3 hissədən- sürünən beyni (R-kompleks), qədim məməli beyni (limbik sistem) və müasir məməli beynindən (neokorteks) təşkil olunan üçpilləli quruluşa malikdir. Təkamülçü materialist Karl Saqanın 1977-ci ildə populyarlaşdırmaq istədiyi, lakin sonralar yalnız azsaylı alim tərəfindən razılıq görən bu hipotez elmi icma tərəfindən də rədd edilmiş və sadəcə bir hipotez olaraq qalmışdır. Sözü gedən hipotezə qarşı olan minlərlə alimdən biri- Corc Meyson Universitetindən təkamülçü professor Ceyms Trefil hipotezi “sadə, zərif, anlaşıqlı və tamamilə yanlış” olaraq səciyyələndirir.50

Karl Saqanın kitabındakı iddialara əsasən, bu gün insanlardakı bir çox neyrobioloji proseslərin birbaşa səbəbkarı bizim dırnaqarası əcdadlarımızdan qalma “xatirələr”dir. Məsələn, Saqana əsasən, Uzaq Şərqdən tutmuş qədim Avropaya qədər bir çox mədəniyyətə xas olan “əjdaha” nağılları yalnız bununla izah oluna bilər: ta yüz milyonlarla il əvvəl guya bizim ilkin məməli əcdadlarımızın mübarizə apardığı dinozavrlar şüuraltına, daha dəqiq desək, “bu gün də insan beyninin bir hissəsini təşkil edən R-kompleksə” necəsə həkk olunub və insanlarda özünü “əjdaha mifləri” kimi büruzə verib. Göründüyü kimi bu və buna oxşar spekulyasiyalar heç bir elmi mahiyyət daşımayan nağıllardan ibarətdir. Əgər bir kəs “mən 500 il əvvəl ata-babamın gördüklərini xatırlayıram”,- desə, bu düşüncə insanlarda ancaq yumor hissi oyadar. Çünki xatirələrin, yaddaşın, həyat təcrübəsinin genlərlə nəsildən-nəsilə ötürülmədiyini bu gün hamı bilir. Dr. Karl Viland Saqanın iddialarına belə şərh verir:

“Bu gün haqqında əməlli-başlı məlumatımız olan irsiyyət qanunlarına baxsaq, (Saqanın iddiası) olduqca həqiqətdənkənardır. Elə ki, bu məsələyə çaşqın bir təbəssümdən başqa qarşılıq verən ciddi alim tapmaq olmaz”.51

Yaddaşın DNT tərəfindən kodlanıb gələcək nəsillərə ötürülməsi ancaq lamarkist yanaşmanın başqa bir növüdür. Həyat boyu qazanılan xüsusiyyətlərin nəsilbənəsil ötürüldüyünü iddia edən lamarkist fərziyyə elm dünyası tərəfindən hələ 19-cu əsrdə tərk edilmişdi. Bu iddialar sonradan Mendelin əsasını qoyduğu irsiyyət qanunları ilə təkzib edilmişdi.

XII iddia. Şimpanzelərin əmək aləti istifadə etdiyi, aynada özünü tandıqları, ət yemələri müşahidə olundu. İnsanlar primatlar arasında bütün parametrlər üzrə sadəcə dərəcə fərqi var. Şimpanzelər də iqtidar axtarır, bunun üçün müxtəlif oyunlar qurur, ərazilərini müdafiə edir, qrup halında başqa qrupların areallarını işğal edirlər”.

Bu kimi iddialarla qarşılaşarkən çox vacib bir nüansı həmişə yadda saxlamaq lazımdır- təbiətdəki ən zəkalı canlılar şimpanzelər deyil! Mətbuatda tez-tez rastlaşdığımız “danışan meymun”, “insan kimi alət istifadə edən meymun” xəbərləri, əlbəttə ki, çaşdırıcıdır və ictimaiyyətə “meymunların insanlara çox yaxın qohum olduğu”nu aşılamaq məqsədi daşıyır. Halbuki bir çox heyvan növü müxtəlif bacarıq və xüsusiyyətlərə sahibdir, amma heç bir təkamülçü bu heyvanların insanın yaxın qohumu olduğunu iddia etmir, çünki ideologiyalarına düz gəlmir.

Məsələn, 9 Avqust 2002-ci ildə “Science” jurnalında dərc olunan bir araşdırmada Oksford zooloqları adi qarğaların meymunlardan daha zəkalı və bacarıqlı olduğunu göstərən fəaliyyətin nəticələrini yayımladılar. Oksford Universiteti zooloqları tərəfindən aparılan təcrübə əsnasında sadə və əhliləşdirilməmiş bir qarğa özü bir məftili bükərək qarmaq formasına saldı və bu qarmağı istifadə edərək şaquli şəkildə borunun içərisinə yerləşdirilmiş yeməklə dolu vedrəni götürməyə müvəffəq oldu.52

“Science” jurnalı təcrübə barədə bu sözləri yazmışdı:

“Primatlar çoxistiqamətli və kompleks alət istifadə edənlər olaraq tanınır, ancaq Yeni Kaledoniya qarğaları (Corvus moneduloides) üzərində aparılan müşahidələr bu quşların alətlərlə bağlı koqnitiv fərasətdə primatlara rəqib olduğunu göstərdi…”53

BBC bu mövzunu təqdim edərkən  qarğaların “ən yaxın qohumlarımızı” pərt etdiklərini, çünki qarğaların alət hazırlamaqda şimpanzelərdən daha qabiliyyətli olduğunu yazırdı.54 Oksford Universitetindən davranış ekologiyası professoru Aleks Kaçelnik isə “təəccübləndirici məqam (qarğanın) heç bir təlim keçməməsi idi”,- dedi.

Prof. Kaçelnik başqa şərhində isə belə deyirdi:

“İnsanların quşlardan daha yaxın qohumları olan primatlarla aparılan təcrübələrdə hər hansı məqsədlə, xüsusi alət hazırlanmasına rast gəlinməmişdi. Haqqında danışılan qarğalar sadəcə bizim təsəvvür etdiyimizdən  daha ağıllı deyil, eyni zamanda alətlər barədə şimpanzelərdən daha yüksək təfəkkürə sahibdirlər”.55

Ümumiyyətlə, mətbuatdakı “ağıllı meymun” iddialarına daha öncə burada ətraflı şəkildə toxunmuşduq.

XIII iddia. “Siz insanla şimpanzenin hemoqlobinlərinin fərqini görə bilməzsiniz, qana qırmızı rəng verən oksigen daşıyıcı molekul hemoqlobinin bütün 287 alt-qrupu şimpanzeninkilərlə eynidir. Genetik yaxınlığımız 98.5%-dir. Qan qrupumuzdakı Rh faktoru, rezus meymunlarından əldə edilən plazmada identifikasiya edildi”.

İlk dəfə 1975-ci ildə insanla şimpanzenin sadəcə 1% genetik fərqi olduğu iddiası gündəmə gəlmişdi. O vaxtlar hələ insan genomunun (2001) və şimpanze genomunun (2005) tam surəti çıxarılmamışdı. O vaxtlar təkamülçülər qəsdən bir-birlərinə oxşayan bir neçə geni (hemoqlobin genləri də bura daxildir) müqayisə edib belə nəticəyə gəlmişdilər. Bu oxşatma prosesi bu günə qədər davam edir. Bəs bu “oxşarlığın” əsl mahiyyəti nədir?

İnsan genomu təxminən 3 milyard hərfdən (nukleotiddən) ibarətdir. Hətta 1%-lik fərq iddiasının doğruluğu qəbul edilsə belə, bu, 30 milyon hərf fərqi mənasına gəlir. 30 milyon hərflə 30 cildlik kitab yazıla biləcəyini düşünsək, mətbuatda təkamülçülərin tez-tez dilə gətirdiyi və çox cılız görünən “bir faiz”in nə qədər nəhəng məlumat fərqinə bərabər olduğunu asanlıqla görə bilərik.

İndi isə gəlin insanla şimpanze arasındakı real fərqlərə nəzər salaq. 2007-ci ildə nüfuzlu “Science” jurnalında “Müqayisəli fərqlər: 1% əfsanəsi” adlı məqalə yayımlandı. Məqalənin müəllifi Con Kohen tez-tez təkrarlanan bir faizlik fərq məsələsini tədqiq edir və şimpanze genomunun nəşrinə istinadən, əslində, ortada 5% fərq olduğunu üzə çıxarır.56 (Lakin Kohenin bu araşdırması görməzdən gəlindi, 2012-ci ildə yenə eyni jurnalda 1%-lik fərqdən bəhs olunurdu).

2012-ci ildə o vaxta qədərki bütün çıxarışları müqayisə edən genetik Ceffri Tomkins və Dr. Cerri Berqman isə çox təəccüblü nəticəyə gəldilər. Birlikdə yayımladıqları məqalələrində belə yazılırdı:

“Rahatlıqla bu nəticəyə gəlmək olar ki, insan-şimpanze genom oxşarlığı təxminən 87% eynilikdən yuxarı çıxmır və çox güman ki, 81%-dən də artıq deyildir”.57

Belə bir nəticə alınmasının səbəbi keçmişdə təkamülçülərin sadəcə DNT-in müəyyən, seçilmiş bölgələrini müqayisə etmələri idi. Bütöv müqayisələr isə 19%-lik nəhəng fərqləri üzə çıxardı. Dr. Tomkins, hətta başqa bir tədqiqatında ortada 30%-lik genetik fərqin olduğunu ortaya qoyur.58 Sırf Y-xromosom üzərində aparılan müqayisəli araşdırmalar isə, daha köklü fərqlər, insanla şimpanze arasında keçilməz sərhədlər üzə çıxarmışdır.59 Göründüyü kimi, mənzərə heç də təkamülçülərin görmək istədiyi çərçivəyə sığışmır. Hər yeni araşdırma, hər genetik, mikrobioloji, paleontoloji kəşf təkamülçü ideyaları alt-üst edir.

XIV iddia. “İndi təkamülün tək xətt üzrə getmədiyini, daha çox budaqlandığını və bəzi budaqların quruduğunu qəbul edirlər. Bir çox hominin növü olub, sadəcə modern insan həyatda qala bilib. Biz Homo habilis, Homo ergaster, Homo sapiens xətti üzrə inkişaf etdik, Homo rudolfensis, P. boisei kimi budaqların isə davamı olmadı”.

Y. İslamzadənin müraciət etdiyi bu latınca adlar, əslində, təkamül fərziyyəsinə heç bir dəstək təşkil etmir.

Homo habilis. İnsanın uydurma təkamül ağacında avstralopitekdən sonra gəldiyi deyilən bu fosil də bütün xüsusiyyətlərilə bir meymun növü olmuşdur. Bernard Vud, L. Breys və Riçard Liki kimi bir çox mütəxəssis bu canlının “bacarıqlı insan” deyil, “bacarıqlı (alətdən istifadə edə bilən) meymun” olduğunu söyləyiblər.60 Eynilə avstralopitek kimi bu fosilin də uzun qollar, qısa ayaqlar, dırmaşmağa uyğun falanqaları və meymunabənzər skeleti onun sadəcə olaraq, nəsli kəsilmiş bir meymun növü olduğunu göstərirdi. 630 sm3-lik beyin həcmi də bunu təsdiqləyirdi. Bundan əlavə, Fred Spur, B. Vud və Frans Zonveld adlı üç anatomun insan və meymunların daxili qulaqlarında apardıqları müqayisəli təhlilləri də bacarıqlı “insan”ı meymun kateqoriyasına daxil etdi.61

Homo ergaster. Homo ergaster adlandırılan fosil, əslində, bütün xüsusiyyətlərilə düzyerişli insan- Homo erectus ilə eynidir. Sadəcə olaraq, təkamülçülər öz aralarındakı anlaşmazlıq üzündən bu iki ad ortaya çıxmışdır. Təkamülçülərin bacarıqlı “insan”dan müasir insana keçid forma kimi qəbul etdikləri düzyerişli insan fosilləri avstralopitek və Homo habilisdə müşahidə edilməyən dik yerimə qabiliyyəti göstərməkdədir.62 Araşdırmalar düzyerişli insanla müasir insan arasında heç bir fərq olmadığını ortaya qoymuşdur. Təkamülçülərin düzyerişli insanı “ibtidai” saymalarının səbəbi isə beyin həcminin (900-1100 sm3) müasir insanınkına nisbətən daha kiçik olması və qalın qaş çıxıntılarıdır. Halbuki hal-hazırda da bəzi insan irqlərinin (məs., piqmeylər) beyin həcmi bu ölçüyə uyğun gəlir və başqa bir müasir irq olan aborigenlərdə də qaş çıxıntıları mövcuddur. Bütün bunlar düzyerişli insan adlanan bu fosil qalıqlarının, sadəcə olaraq, tarixən yaşamış bir insan irqi olduğunu göstərmişdir. Həmçinin düzyerişli insanların 1,8-1,6 milyon il əvvəl yaşamış olmaları da ciddi bir məntiq xətasına yol açır, çünki onlar öz “əcdad”ları sayılan Homo habilislərlə eyni dövrdə yaşamış olurlar. Homo habilislər bundan 1,9-1,7 milyon il əvvəl yaşamışdırlar.

Homo rudolfensis. Homo rudolfensis termini 1972-ci ildə tapılan bir neçə qalıq hissəsinə verilən addır. Bir çox paleoantropoloqlar bu qalıqların əslində ayrı bir növə aid olmadığını, Homo rudolfensis adlandırılan canlının da əslində bir Homo habilis, yəni meymun növü olduğunu qəbul edirlər. Qalıqları tapan Riçard Likinin fikrincə, bu qədim canlı avstralopitek kimi beyin həcmi çox kiçik, lakin insanabənzər sifətə malik və avstralopitek ilə insan arasındakı itmiş halqa idi. Ancaq bir müddət sonra aydın oldu ki, Rudolf kəllə sümüyünün bir çox elmi jurnalların üz səhifəsində dərc olunan “insanabənzər” siması, əslində, sümük parçalarını birləşdirərkən, bəlkə də, qəsdən edilən səhvlərin nəticəsi idi. İnsan üzü anatomiyası sahəsilə məşğul olan prof. Tim Bromic 1992-ci ildə kompüter simulyasiyalarının köməyi ilə aşkar etdiyi bu həqiqəti belə xülasə edir:

“KNM-ER 1470 (Rudolf kəllə sümüyü) bərpa edilərkən üz cizgiləri eynilə bugünkü insanların kəllə sümüyünə oxşar şəkildə quraşdırılmışdı. Halbuki apardığımız tədqiqatlara əsasən, üz kəllə sümüyünə daha maili birləşdirilməlidir. Bu isə eynilə avstralopitekdə olan meymunabənzər sifət xüsusiyyətlərini göstərir”.63

Yəni Homo rudolfensis deyə müraciət edilən fosil meymun fosilidir və xətalı quraşdırma ilə insanabənzər təəssürat doğurmuşdur.

Paranthropus boisei. 1959-cu ildə məşhur “fosil ovçuları ailəsi”ndən Meri Liki iri dişlərə sahib qaba kəllə qutusu fosili tapdı. Luis Liki bunun insanın əcdadı olduğuna qərar verdi və fosili Zinjanthropus boisei adlandırdı. Hal-hazırda isə bu fosil Australopithecus boisei və ya Paranthropus boisei adlandırılır. İri qorillalarınkıyla eyni ölçüdə dişlərə və güclü çənə əzələlərinə işarə edən sümüklərə sahib, bu səbəbdən “Qozsındıran Adam” (Nutcracker Man) adına layiq görülən bu canlının bir çox digər paleontoloq tərəfindən heç insana bənzəmədiyi ifadə edildi.64 Likilərin kəşfini təkamül yönümlü populyarlaşdıran və sponsorlaşdıran isə təkamül təbliğatına xüsusi önəm verən “National Geographic” jurnalı idi. O zamanlar dərhal dərsliklərə salınan və “insanın əcdadı” kimi qəbul etdirilən “Zincantrop” daha sonra təkamülçülər tərəfindən tərk edildi. Luis Liki bu fosilin insanın “birbaşa əcdadı olmadığı”nı bildirdi. Digər tərəfdən, rəssamların təxəyyül məhsulu olan rekonstruksiyaların da heç bir elmi mahiyyət daşımadığı ortaya çıxdı. Belə ki, zincantropa aid eyni kəllə sümüyü üçün bir-birindən tamamilə fərqli 3 şəkil çəkilmişdi. Sonrakı illərdə aparılan tədqiqatlar isə Likinin “zincantrop” adını verdiyi fosilin (Likinin özünün də etiraf etdiyi kimi) sadəcə bir avstralopitek növü olduğunu üzə çıxardı.65 Fosilin latınca adı da Australopithecus boisei olaraq dəyişdirildi.

XV iddia. Beynin böyüməsinə paralel olaraq, şüur sonralar meydana çıxıb, insanlar uzun müddət instinktlərlə yaşayıb. Təkamül psixologiyasındakı son araşdırmalar, “rasional insan” modelini ciddi şübhə altına alır. Kişilərə qadın şəkilləri göstərilir, onlar fərqində olmadan böyük göz bəbəkləri olan qadınları daha cazibədar olaraq dəyərləndirirlər. Qadınlar hansı kişilərdən xoşları gəlir? O kişidən ki, onların immunitet sistemi güclüdür. Kişilər isə o qadınları seçir ki, onların ostrogen hormonu daha çoxdur, yəni qadının doğurqan olmasına diqqət yetirir”.

Burada üzərində durulmalı olan nöqtə təkamül inancının psixologiya elminə necə sirayət edilmiş olmasıdır. “Təkamül psixologiyası” adlanan bu sahə təkamülçülərin insanın davranış şəkillərini təkamülün bir nəticəsi kimi göstərmək üçün icad etdikləri bir sahədir. Belə ki, icad edildiyi dövrdən bəridir bir çox elm adamı tərəfindən sərt tənqidlə qarşılanmış təkamül psixologiyası heç bir konkret və obyektiv dəlilə əsaslanmır.

Çikaqo Universitetindən Cerri A. Koyn özü qatı təkamülçü olmasına baxmayaraq, təkamül psixologiyasının hər şeyi izah etmə iddiasını “təkəbbür ehtirası” olaraq təsvir etmiş, “Təkamül Psixologiyasının Sehirli Nağılları” başlıqlı yazısında belə demişdir:

“Problem burasındadır ki, təkamül psixologiyası meqalomaniyanın (təkəbbür ehtirasının) elmi qarşılığından əziyyət çəkir. Təkamül psixologiyası tərəfdarlarının çoxu depressiya, homoseksuallıq, din və şüur da daxil olmaqla, hər insan hərəkətinin və ya hissinin beyinlərimizə təbii seçmə ilə yerləşdiyinə qənaət gətirdilər”.66

Prof. Koynun da sözlərindən görünür ki, insanın hər davranış şəklini təkamüllə əlaqələndirmək təkamülçü nağıldan başqa bir şey deyildir. Qadın-kişi münasibətləri də Y. İslamzadə tərəfindən süni şəkildə təkamülçü açıqlamalara məruz qalmışdır. Genetika üzrə professor Qabriel Duvr isə təkamülçülərin hər sahədə nağıl danışma qabiliyyətlərini bu cür ifadə edir:

“Yerli-yerində nağıl danışma problemi çox daha dərin və genişdir. (Bu problem) təkamül psixologiyası, darvinist tibb, linqvistika, bioloji etika və sosiobiologiya kimi bir çox yeni elm sahəsini də ehtiva edir. Burada seçmə nəzəriyyəsinin ən kobud tətbiqlərinə əsaslanaraq insanın niyə bu cür olduğuna dair ən kobud izahlara yer verilir. Psixoloji quruluşumuzun fərziyyəvi təkamülçü izahdan pay almamış heç bir cəhəti yoxdur sanki”.67

Şeffild Universitetindən davranış ekoloqu Tim Berkhed isə təkamül psixologiyası haqqındakı bir araşdırma üçün etdiyi tənqidində belə deyir:

“Çox cəhd göstərməyə də ehtiyac qalmadan, təkamül psixologiyası həqiqi elm olmaq əvəzinə, nəzəri əyləncə kimi qalacaq”.68

Belə olduğu halda, Yalçın İslamzadənin qadın-kişi münasibətlərini təkamüllə əlaqələndirməsi heç də doğru olmaz. İnsanın heç bir davranışı təkamüllə izah edilə bilməyəcəyi kimi, sevgi, məhəbbət, sevinc, kədər və digər onlarla emosiya və duyğular da heç bir şəkildə materialist baxışlarla dəyərləndirilə bilməz. Təkamül fərziyyəsi başlı-başına əsassız və çürük fərziyyə olduğu üçün təkamülçülərin öz fantaziyalarını işə salaraq iddialarını elmin hər sahəsinə yeritməyə çalışmaları, sözün əsil mənasında, elmi cinayətdir. Buna görə də, təkamül psixologiyası kimi saxta elm sahələrinə ciddi yanaşmaq lazım deyildir. Amerika Təbiət Tarixi muzeyinin paleoantropoloqlarından Yan Tattersollun təkamül psixologiyasına işarə edən sözüylə desək, “nəticədə, biz burada elmin deyil, bir nağılbazın sənət əsərinə baxırıq”.69

NƏTİCƏ

Ümid edirik ki, Yalçın İslamzadə darvinist məlumatları elmi yeniliklərin süzgəcindən keçirərək dəyərləndirəcəkdir. Xüsusilə, bütün dünyanın istədiyi anda elmi məlumatlara yiyələnə bildiyi bu dövrdə təkamülçü cəhdlərin heç bir nəticəsi olmayacaqdır.

Mənbələr:

  1. Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, Harvard Common Press, New York: 1971, səh. 33.
  2. Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 177.
  3. D. Liebers, P. de Knijff, A. J. Helbig, “The herring gull complex is not a ring species”, Proceedings of the Royal Society B: Biological Sciences, 2004 May 7; 271(1542): 893–901.
  4. Hofmann et al., The Eyes Have It: Regulatory and Structural Changes Both Underlie Cichlid Visual Pigment Diversity, PLoS Biology, 2009.
  5. http://alumni.berkeley.edu/california-magazine/just-in/2015-12-29/bones-contention-cal-paleo-expert-doubts-homo-naledi-new
  6. Hublin, J. J. (2009), “The origin of Neandertals”, Proceedings of the National Academy of Sciences106 (38): 16022–7.
  7. “Neanderthal Traits Extant, Group Told” The Arizona Republic (Phoenix), 20 noyabr, 1988, səh. B-5, müsahibə: Ç. Lorinq Breys.
  8. Holly Smith, “Patterns of dental development in Homo, Australopithecus, Pan, and Gorilla”, American Journal of Physical Anthropology, Vol. 94, 1994, səh. 307.
  9. Erik Trinkaus, “Hard Times Among the Neanderthals”, Natural History, cild 87, dekabr 1978, səh. 140; R.L. Holloway, “The Neanderthal Brain: What Was Primitive”, American Journal of Physical Anthropology Supplement, cild 12, 1991, səh. 94.
  10. Fathers can be Influential too, 18 Mart 2003: http://www.nature.com/nsu/990318/990318-5.html
  11. Mitochondria can be inherited from both parents , 23 Avqust 2002: http://www.newscientist.com/news/news.jsp?id=ns99992716
  12. Nigel Hawkes, Professor fuels row over Hobbit man fossils, The Times Online, 3 Dekabr 2004
  13. Michael Balter, “Skeptics Question Whether Flores Hominid Is a New Species”, Science, Vol 306, Issue 5699, 1116 , 12 Noyabr 2004.
  14. Heather Catchpole “Tiny Human a Big Evolutionary Tale”, 27 Oktyabr 2004, http://dsc.discovery.com/news/afp/20041025/tinyhuman.html
  15. Nature, cild 382, 1 Avqust 1996, səh. 401
  16. Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, pp. 280-81.
  17. Chatterjee, S. (1997), “The Rise of Birds: 225 Million Years of Evolution”, Johns Hopkins University Press, Baltimore.
  18. Taylor, R.W. (1977). “Nothomyrmecia macrops: a living-fossil ant rediscovered”. Science 201(4360): 979–985.
  19. Agosti, D.; Grimaldi, D.; Carpenter, J.M. (1998).“Oldest known ant fossils discovered”(PDF). Nature, 391(6666): 447–447.
  20. http://tiktaalik.uchicago.edu/3DTik.html
  21. Niedzwiedzki G., Szrek P., Narkiewicz K., Narkiewicz M, Ahlberg P. (2010). “Tetrapod trackways from the early Middle Devonian period of Poland” (PDF). Nature 463(7227): 43–48.
  22. Walker, T., Tetrapods from Poland trample the Tiktaalik school of evolution, Journal of Creation 24(1):39–42, April 2010.
  23. Palaeontologist Jennifer Clack, University of Cambridge, UK; in: Curry, M., Ancient four-legged beasts leave their mark, ScienceNOW Daily News, sciencenow.sciencemag.org/cgi/content/full/2010/106/2, 6 January 2010
  24. Fossil tracks record ‘oldest land-walkers’, news.bbc.co.uk, 6 January 2010
  25. Thewissen, J.G.M., Williams, E.M., Roe, L.J. and Hussain, S.T., Skeletons of terrestrial cetaceans and the relationship of whales to artiodactyls, Nature 413(6853):277–281, 20 September 2001
  26. Duane Gish, Evolution: The Fossils Still Say NO!, Institute for Creation Research, 1995, səh. 201
  27. S. J. Gould & N. Eldredge, Paleobiology, vol. 3, 1977, səh. 147
  28. P.D. Gingerich, N.A. Wells, D.E. Russell, and S.M.I. Shah, Science 220(4595):403–6, 22 April 1983
  29. Rightmire, G.P., Brain size and encephalization in Early to Mid-Pleistocene Homo, American J. Physical Anthropology, 124:112, 2004; Tattersall, I., The Fossil Trail: How We Know What We Think We Know about Human Evolution, 2nd edn, Oxford University Press, New York, pp. 281, 288, 2009; Cartmill, M. and Smith, F.H., The Human Lineage, Wiley-Blackwell, NJ, p. 431, 2009.
  30. http://www.age-of-the-sage.org/evolution/ardi_fossilized_skeleton.html
  31. Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009
  32. Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009
  33. Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009
  34. Beck, Roger B.; Linda Black, Larry S. Krieger, Phillip C. Naylor, Dahia Ibo Shabaka, (1999). World History: Patterns of Interaction. Evans ton, IL: McDougal Littell; Zihlman AL, Cronin JE, Cramer DL, Sarich VM (1978). “Pygmy chimpanzee as a possible prototype for the common ancestor of humans, chimpanzees and gorillas”. Nature 275 (5682): 744–6.
  35. Stern, J.T. and Susman, R.L., The locomotor anatomy of Australopithecus afarensis, American J. PhysicalAnthropology 60:284,307, 1983
  36. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 75-94
  37. Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, cild 258, səh. 389
  38. Dr. Lee Spetner, “Lee Spetner/Edward Max Dialogue: Continuing an exchange with Dr. Edward E. Max”, 2001, http://www.trueorigin.org/spetner2.asp
  39. Stuart B. Levy, “The Challange of Antibiotic Resistance”, Scientific American, Mart 1998, səh. 49.
  40. Dr. Lee Spetner, “Lee Spetner/Edward Max Dialogue: Continuing an exchange with Dr. Edward E. Max”, 2001, http://www.trueorigin.org/spetner2.asp
  41. Zhang, Y, Heym, B., Allen, B., Young D. and Cole, S, 1992. The catalase-peroxidase gene and isoniazid resistance of Mycobacterium tuberculosis. Nature, 358:591-593; Beardsley, T., 1992. Paradise lost? Microbes mount a comeback as drug resistance spreads. Scientific American, 267(5): 12-13.
  42. Davies, A.P., Billington, O.J., Bannister, B.A., Weir, W.R., McHugh, T.D. and Gillespie, S.H., Comparison of fitness of two isolates of mycobacterium tuberculosis, one of which had developed multi-drug resistance during the course of treatment, J. Injection 41(2):184–187, 2000.
  43. Sinkovics, J; Harvath J; Horak A. (1998). “The Origin and evolution of viruses (a review)”. Acta microbiologica et immunologica Hungarica (St. Joseph’s Hospital, Department of Medicine, University of South Florida College of Medicine, Tampa, FL, USA.: Akademiai Kiado) 45 (3–4): 349–90.
  44. Michael Behe, “Fatuous Filmmaking”, 28 September 2001
  45. Carl Wieland, “Has AIDS evolved?”, Creation Ex Nihilo 12(3):29-32, June-August 1990
  46. Bridges, B. A., 2001, Hypermutation in bacteria and other cellular systems, Philosophical Transactions of the Royal Society (London), 356:29-39.
  47. Ətraflı məlumat üçün: Li Spetner və Eduard Maksın debatı, https://www.trueorigin.org/spetner1.php
  48. Baxın: Faydalı mutasiya iddialarına cavab; III və VII iddialar.
  49. Choi, C., Monkey DNA points to common human ancestor, Livescience, 12 April 2007.
  50. Trefil, J. 1997, Are we unique? A scientist explores the unparalleled intelligence of the human mind, New York, New York: John Wiley & Sons.
  51. Dr. Carl Wieland, The Year the Water Dragon Roared, Creation.com, 31 January 2012
  52. Weir, A.A.S., Chappell, J., & Kacelnik, A. (2002), “Shaping of hooks in New Caledonian crows”, Science, 297 (5583): 981
  53. Weir, A.A.S., Chappell, J., & Kacelnik, A. (2002), “Shaping of hooks in New Caledonian crows”, Science, 297 (5583): 981
  54. BBC Online, Crows prove they are no birdbrains, 8 Avqust 2002
  55. BBC Online, Crows prove they are no birdbrains, 8 Avqust 2002
  56. Cohen, J., Relative differences: the myth of 1%, Science, 316(5833):1836, 2007
  57. Tomkins, J. and Bergman, J., Genomic monkey business—estimates of nearly identical human-chimp DNA similarity re-evaluated using omitted data, J. Creation 26(1):94–100, April 2012
  58. Tomkins, J., Comprehensive analysis of chimpanzee and human chromosomes reveals average DNA similarity of 70%, Answers Research Journal 6(1):63–69, Feb. 2013
  59. Hughes, J., və 16 digər (Devid Peyc daxil olmaqla), Chimpanzee and human Y chromosomes are remarkably divergent in structure and gene content, Nature, 463 (7280):536–539, 28 January 2010.
  60. Miller, J.M.A. (2000), “Craniofacial variation in Homo habilis: an analysis of the evidence for multiple species”, American Journal of Physical Anthropology 112 (1):103–128
  61. Fred Spoor, Bernard Wood, Frans Zonneveld, “Implication of Early Hominid Labryntine Morphology for Evolution of Human Bipedal Locomotion”, Nature, vol. 369, 23 İyun 1994, səh. 645-648.
  62. Boyce Rensberger, The Washington Post, November 19, 1984
  63. Tim Bromage, New Scientist, vol. 133, 1992, səh. 38-41.
  64. Russel Grigg, “Missing the Mark”, Creation, 26(3):24–27, June 2004
  65. Cela-Conde, Camilo; Francisco Ayala (2007), Human Evolution: Trails from the Past, Oxford: Oxford University Press, səh. 158
  66. Jerry Coyne, “The fairy tales of evolutionary psychology.”, The New Republic, 4 Mart, 2000
  67. Gabriel Dover, “Dear Mr Darwin: Letters on the Evolution of Life and Human Nature,” [1999], University of California Press, Berkeley CA, 2000, səh. 45
  68. Jerry A. Coyne, “Of Vice and Men: The fairy tales of evolutionary psychology,” The New Republic (3 Aprel, 2000)
  69. Jerry A. Coyne, “Of Vice and Men: The fairy tales of evolutionary psychology,” The New Republic (3 Aprel, 2000)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma